“Bir yerdə mətbuat azadlığına təhlükə hər yerdə mətbuat azadlığına təhlükədir”
“Amerikalılar və azad dünya diqqətli olmalıdır: əgər bir yerdə mətbuat azadlığına təhlükə varsa, bu, hər yerdə mətbuat azadlığına təhlükədir”
Həbsdə olan “Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadənin “The National Interest”də yayımlanan məqaləsində belə deyilir.
Fərid Mehralızadə məqaləsində yazır ki, həbs olunduğu gün həmin vaxt hamilə olan həyat yoldaşı ilə dünyaya gələcək olan körpələrinin ultrasəs müayinəsinə getməyi planlayıblar:
“Həbs olunduğum günün digər günlərdən fərqi yox idi. Səhər həyat yoldaşım Nərgizlə (Nərgiz Muxtarova- red.) oyandıq, səhər yeməyi yedik və həkim qəbulu haqqında söhbət etdik. Bu, xüsusi hiss idi, çünki ultrasəs dünyaya gələcək körpəmizi daha ətraflı, demək olar ki, bir fotoşəkil kimi göstərəcəkdi. Uşağımızı bu qədər aydın görmək fikri ilə həyəcanlandığımı xatırlayıram”.
“Maşını saxladıqdan az sonra ətrafımda maskalı adamlar başıma torba keçirdilər, əllərimi qandalladılar və məni zorla maşına mindirrərək polis bölməsinə gətirdilər. Ondan sonra məsul şəxslər məni evə apardılar və həyat yoldaşımı hər şeyin yaxşı olacağına inandırmağa çalışarkən evimə basqın etdilər”, – Fərid Mehralızadə başına gələnləri belə nəql edir.
“Nə üçün qaçırıldığımı və mənimlə təhlükəli cinayətkar kimi rəftar edildiyini sonradan öyrəndim. Azərbaycan hakimiyyətinin “AbzasMedia” adlı müstəqil media orqanına qarşı qaldırdığı cinayət işi ilə bağlı məni “qaçaqmalçılıq” və “çirkli pulların yuyulması” maddələri ilə ittiham edirdilər. Amma media qurumunun “Abzas Media”nın məni işə götürməməsi faktını açıqlaması mənim Azərbaycan həbsxanasında olmağımın əsl səbəbini göstərir: mən ABŞ hökuməti tərəfindən maliyyələşdirilən “Azad Avropa/Azadlıq Radiosu”nda (“Azadlıq” radiosu) çalışan müstəqil jurnalistəm və Azərbaycan kimi mətbuat azadlığının təhdid altında olduğu ölkələrdə senzurasız xəbərlər təqdim edirəm”.
Fərid Mehralızadə yazıb ki, onun “cinayəti” əslində jurnalist fəaliyyətidir:
“Mənim cinayətim? Azərbaycan iqtisadiyyatı və hökumətin siyasətinin onun vətəndaşlarına necə təsir etdiyi barədə həqiqətləri çatdırmaqdır. Mənim kimi müttəhimlər də Azərbaycanda sonuncu müstəqil jurnalistlərdirlər və həqiqəti çatdırdıqlarına görə cəzalandırılırlar”.
“Mən çoxdandır ki, statistika və rəqəmlərlə işləməkdən həzz alıram. “Azadlıq” radiosunun jurnalisti və iqtisadçısı kimi mən hökumətin iqtisadi və ekoloji siyasətlərinin insanların həyatına, işlərinə və gəlirlərinə necə təsir etdiyi barədə aydın təsəvvür yaratmağa çalışmışam. Xəbərlərimin əksəriyyəti azadlıqsevər insanlara dürüst, etibarlı xəbərlər çatdırmaq missiyasına uyğun olaraq, “Azadlıq” radiosunun missiyasına uyğun olaraq, sərvət bərabərsizliyinə, gənclər arasında işsizliyə və Azərbaycanın neft və qaz ixracatından davamlı asılılığının gündəlik azərbaycanlılara necə təsir etdiyinə diqqət çəkir”.
Jurnalist bildirir ki, onun yazdıqları hər şeyi ağ-qara görən Azərbaycan hakimiyyətinini qəzəbləndirib.
“Əgər tərəfimizdə deyilsənsə, deməli, satqınsan. Müstəqil səslər haqlı olaraq deyil, susdurulmaq təhlükəsi kimi qəbul edilir”.
“Təəssüf ki, mənim hekayəm unikal deyil. Mənim bu vəziyyətdə olmağım Azərbaycanda müstəqil səslərə, xüsusən də hökumətin uydurduğu rəvayətlərə zidd olanlara qarşı daha geniş basqının əlamətidir. „Human Rights Watch“-a görə, Azərbaycan hakimiyyəti müxalif səslərə qarşı ittihamlar uydurmaq üçün məhkəmə sistemini getdikcə daha çox silahlandırır, Jurnalistləri Müdafiə Komitəsi (CPJ) isə Azərbaycanı həbsxanalada olan jurnalistlərin sayına görə siyahıda onuncu yerdə tutur“, – Fərid Mehralızadə qeyd edib.
Jurnalist xatırladır ki, zorakılıqla həbs olunmağından artıq on aya yaxın vaxt keçir. O bildirir ki, bu məktubu Bakıdakı kamerasından yazarkən mənə və daha altı jurnalistə qarşı saxta məhkəmə prosesi ədaləti və məhkəmə prosesini ələ salan hüquqi oyun olaraq davam edir.
“Mən “hüquqi” prosesdə əsas hüquqlardan məhrum olmuşam. Həbs olunduğum gün hakimiyyət orqanları tərəfindən üzləşdiyim zorakılığa etiraz etmək üçün məhkəməyə gələndə hakim pis rəftarla bağlı sübutları nəzərdən keçirməkdən belə imtina edərək şikayətimi rədd etdi“.
“Həbsxanada olduğumdan qızımın dünyaya gəlişini görə bilmədim. Mən onunla bir dəfə, qısa müddətdə Nərgizə onu səkkiz həftəlik təcridxanaya gətirməyə icazə verəndə görüşdüm. Məni on iki ilə qədər həbs gözləyir. Qızımın ilk dəfə gülümsədiyini, güldüyünü və yıxıldığını görmək qismət olmadı. Əgər mühakimə olunsam, təsəvvür edə bildiyimdən daha qiymətli anları əldən verəcəm“.
“Amerikalılar və azad dünya diqqətli olmalıdır: bir yerdə mətbuat azadlığına təhlükə hər yerdə mətbuat azadlığına təhlükədir. Beynəlxalq ictimaiyyət Azərbaycan hökumətinin məhkəmə sistemi kimi legitim görünən kanallar vasitəsilə müstəqil səsləri susdurmaq cəhdlərinə yüksək səslə qarşı çıxmalıdır“, – Fərid Mehralızadə qeyd edir.
“Demokratik hökumətlər Azərbaycanı jurnalistlərə qarşı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etməlidir, əks halda avtoritarizm dalğasının artmasına səbəb ola bilər. Əgər Bakı hökuməti müstəqil səsləri cəzasız olaraq susdurmaqda uğur qazanarsa, onların izini bütün dünyada avtokrat olmaq istəyənlər davam edəcəklər“.
“Hətta kamerada belə işləməyə davam etməyin yollarını tapıram. Onlarla kitab oxuyuram, biliklərimi dərinləşdirirəm və dünya haqqında anlayışımı kəskinləşdirirəm. Mən nəyin bahasına olursa-olsun işimi davam etdirəcəyəm, çünki jurnalistika cinayət deyil, Azərbaycan və dünya xalqı həqiqətə layiqdir“– sonda jurnalist qeyd edib.
Fərid Mehralızadə 2024-cü il iyunun 1-də həbs edilib.
Ona əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ittihamlar ağırlaşdırılıb.
Əlavə ittihamlar külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, habelə, mütəşəkkil dəstə ilə qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırılması və saxta sənədlərdən istifadə ilə bağlıdır.
2024-cü il sentyabrın 6-da Fərid Mehralizadə barəsində həbs qətimkan tədbirinin müddəti dekabrın 19-na qədər uzadılıb.
O, ittihamları qəbul etmir, qurama sayır.
Azərbaycan hakimiyyəti ölkədə heç kimin sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs olunmadığını bildirir.
Ancaq ötən ilin noyabrından başlayaraq ölkədə qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Onların çoxu əvvəlcə “AbzasMedia işi” ilə əlaqəli olub.
Həmin işdə öncə saytın direktoru Ülvi Həsənli, əməkdaşı Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra bu işə aid həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova və başqaları ilə davam edib.
Saxlananlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatları Azərbaycan həbsxanalarında azı 300 siyasi məhbusun olduğunu bildirirlər.