Azər Qasımlı: “Həbsim siyasi sifarişdir, məhkəmədən gözləntim yoxdur” 

Azər Qasımlı, Foto: Meydan Tv

Siyasətçinin ev dustaqlığı ilə bağlı vəsatəti təmin olunmayıb

Siyasi Menecment İnstitutunun direktoru, bir aydan çoxdur ki, həbsdə olan siyasətçi Azər Qasımlının ev dustaqlığına buraxılması üçün vəkili Aqil Layıc vəsatət vermişdi. 

Vəsatətə yanvarın 15-də Yasamal Rayon Məhkəməsində baxılıb.

Hakim Rəşad Cavadzadənin sədrliyilə keçirilən məhkəmə prosesində siyasətçinin özü də iştirak edib. 

O bildirib ki, Cinayət Məcəlləsinin 182.2.3 (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə irəli sürülmüş ittiham əsassızdır. 

Zərərçəkmiş qismində tanınan şəxsdən hədə-qorxu ilə pul tələb etməyib, həmin şəxsin ona borclu olduğunu sübut edən məhkəmə qərarı var. 

Həbsinin siyasi sifariş olduğunu deyən Azər Qasımlı bildirib ki, bu şəxsdən istifadə olunur: 

“Bu, sadəcə, ssenaridir. Bu da olmasaydı, başqa ssenari qurub, onsuz da məni həbs eləyəcəkdilər”.

O əlavə edib ki, həbsi siyasi sifarişin nəticəsi olduğuna görə məhkəmədən də ədalətli qərar gözləmir.

Aqil Layıc. Foto: Meydan TV

Vəkil Aqil Layıc da bildirib ki, müvəkkilinin həbsdə saxlanması üçün əsaslar yoxdur.

Müstəntiq Azər Qasımlının ev dustaqlığına buraxılmasına etiraz edib.

Məhkəmə də vəsatəti təmin etməyib.

Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı məhkəmədən sonra Meydan TV-yə bildirib ki, Azərbaycanda hakimlərin müstəqil qərar vermədiyini nəzərə alaraq, fərqli nəticə gözləmirdilər. 

O vurğulayıb ki, həyat yoldaşının şərlənərək həbs olunması ən yüksək səviyyədə razılaşdırılıb verilmiş qərardır:

Samirə Qasımlı. Foto: Meydan TV

“Məqsəd də ölkədəki həqiqətləri, korrupsiyanı ictimaiyyətə başa salan insanları təcrid etməkdir. “Toplum TV”, “Meydan TV”, “Abzas”ın jurnalistləri, Tofiq Yaqublu, Rüfət Səfərov, Azər Qasımlı kimi adamları məhz cəmiyyətdən təcrid eləmək üçün həbsə atıblar. Ona görə də bugünkü məhkəmədən heç bir gözləntimiz yox idi”.

“Bir də hansısa maraq üçün hakimiyyətin əlaltısına çevrilib, bu cür həbslərdə üzəduranlıq edənlərə səslənmək istəyirəm. Onlar bilsin ki, bir neçə il sonra ölkədə qanunlar işləyəndə, indiki hakimiyyət olmayanda, biz başqa bir Azərbaycanda yaşayanda bu insanların həyatından oğurlanmasında vasitəçilik edənlər də qanun qarşısında cavab verməli olacaqlar. Həm də bunu bilsinlər ki, həyat bumeranqdır. Qanuni tərəfi bir yana, şəxsi həyatlarında da görəcəklər bunu. Bu adamların uşaqlarının, yaşlı analarının ah-naləsi mütləq onları tutacaq. Günlərin birində öz doğmaları ilə sınağa çəkiləndə biləcəklər bunu”, – deyə Samirə Qasımlı bildirib.

Azər Qasımlı dekabrın 8-də saxlanılıb, bir gün sonra Yasamal Rayon Məhkəməsinin qərarı ilə onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Azər Qasımlı zərərçəkmiş qismində tanınan Qurbanəli Yusibovdan hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. Lakin vəkili Aqil Layıc bildirib ki, həmin şəxsin Azər Qasımlıya pul borclu olmasını təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı var. 

Vəkilin sözlərinə görə, belə olan halda, Azər Qasımlının ondan hədə-qorxu ilə pul tələb etməsi haqda iddianın absurdluğu ortaya çıxır.

Azər Qasımlı özü də həbsinin siyasi motivli olduğunu bildirərək deyib ki, həqiqətləri dilə gətirdiyinə, insanları aydınlandıran fikirlər səsləndirdiyinə görə cəzalandırılır.

Bundan əvvəl Azər Qasımlının ölkədən çıxışına qadağa qoyulub. 

O, Bakı Şəhər Baş Polis İdarəsində “meclis.info” saytının həbsdə olan rəhbəri İmran Əliyevin işi üzrə istintaqda dindirilib.

Ana səhifəXəbərlərAzər Qasımlı: “Həbsim siyasi sifarişdir, məhkəmədən gözləntim yoxdur”