Ali Məhkəmənin Plenumundan uşaqlarla bağlı qərar: görüş, səyahət və aliment…

Uşaqlar, Foto: Reuters

Vəkil: “Əvvəllər tərəflər və onların vəkilləri məhkəməyə ayrıca müraciət edirdilər…”

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr (qərar 2025-ci ilin yanvarında rəsmi sayta yüklənsə də, 2024-cü il 20 dekabr iclasına aiddir) qərarında nikahın pozulması hallarında uşağın valideynlərlə ünsiyyət, görüş, birgə səyahət və aliment məsələlərinə aydınlıq gətirilib.

Qərarda bildirilir ki, bu dəyişikliklər vətəndaşların hüquq və azadlıqlarının daha effektiv müdafiəsi, uşaqların üstün mənafelərinin qorunması üçündür. 

Ona görə də Ali Məhkəmə nikahın pozulması zamanı uşağın və valideynlərin hüquqlarının dəqiqləşdirilməsi üçün bəzi təlimatlar vasitəsilə dəyişikliklər edib.

Zibeydə Sadıqova. Foto: Meydan TV
Zibeydə Sadıqova. Foto: Meydan TV

“Artıq əlavə müraciətə və yeni məhkəmə iclasına ehtiyac qalmayacaq”

Vəkil Zibeydə Sadıqova Meydan TV-yə ilk təlimatı belə şərh edir:

“Ailə Məcəlləsinin 22-ci maddəsində qeyd olunub ki, məhkəmə nikahın pozulmasıyla yanaşı, həmçinin uşağın valideynlərlə ünsiyyət və aliment hüququnu tənzimləyə bilər. Əvvəllər tərəflər və onların vəkilləri məhkəməyə ayrıca müraciət edirdilər ki, uşaqla görüş üçün konkret günlərdə, saatlarda məhkəmə onların hüquqlarını tanısın və təmin etsin. Lakin hazırkı dəyişiklik deyir ki, artıq boşanma prosesində tərəflər arasında heç bir mübahisə yoxdursa, məhkəmə nikahın pozulması məsələsi daxilində, həm də valideynlərin uşaqla ünsiyyətinin şərt, zaman və məkanını dəqiqləşdirməyi təklif edir”. 

Ekspertlərin sözlərinə görə, bu dəyişiklik eyni zamanda, məhkəmənin resurslarına qənaətinə gətirib çıxarır. Belə ki, əvvəllər tərəflər uşaqla ünsiyyət üçün iddia ərizəsi ilə müraciət edərkən o prosesə ayrıca baxılırdısa, artıq əlavə müraciətə və yeni məhkəmə iclasına ehtiyac qalmayacaq. 

İkinci əsas təlimat alimentin indeksasiyası (yəni gələcəkdə gəlir və ya ehtiyac dəyişikliyinə əsasən uyğunlaşdırılması) ilə bağlıdır. 

Plenum məhkəmələrə təlimat verir ki, bundan sonra qəbul etdikləri qətnamələrdə alimentin indeksasiyası (uyğunlaşdırılması) ilə bağlı qətnamənin yekun hissəsində ayrıca cümlə yazsınlar.

Səməd Rəhimli
Səməd Rəhimlinin şəxsi arxivindən

Alimentin indeksasiyası və miqdarının dəyişdirilməsi…

Hüquqşünas Səməd Rəhimli deyir ki, Plenum bu qərarı ilə qanunvericilikdəki iki məsələni fərqləndirə bilib: 

1) alimentin indeksasiyası,
2) alimentin miqdarının dəyişdirilməsi.

Onun sözlərinə görə, indiyə qədər iddialar alimentin miqdarının artırılması (yəni dəyişdirilməsi) tələbi ilə məhkəməyə verilirdi:

“Bu da iş yükünü artırırdı. Plenum bu qərarla məhkəmələrə izah edib ki, yeni vəziyyətdə indeksasiya dəyişdirmədən fərqlidir. Dəyişdirmə odur ki, şəxsin ailə və ya maddi vəziyyəti dəyişir. Məsələn, bir kişi boşanır. İki uşağına aliment verir. Daha sonra yenidən evlənir və yeni nikahından anadan olan uşağı əlil olur. Bu halda kişinin ailə və maddi vəziyyətində çətinlik yaranır. Bu halda əvvəlki nikahdan olan uşaqlarına görə alimentin miqdarının azaldılması, yəni dəyişdirilməsi ilə bağlı keçmiş arvadına qarşı iddia qaldıra bilər. Bu indeksasiya, yəni uyğunlaşdırma deyil, dəyişdirmədir. Vəziyyəti (öhdəliyi) dəyişdirən yeni hal ortaya çıxıb. Yaxud qadın iki uşağa görə aliment alır. Bu uşaqlardan birinin təhsili ilə bağlı yeni məsələ ortaya çıxır. Bu halda qadın bu yeni hala uyğun alimentin miqdarının artırılması ilə bağlı yeni iddia qaldırır”.

“İndeksasiyada isə yeni hal yoxdur. Sadəcə, gəlir və ya ehtiyac artıb. Bu halda aliment öhdəliyinin vəziyyəti yeni maliyyə ehtiyacına əsasən uyğunlaşdırılır. 

Plenum bu qərarı ilə əslində alimentin dəyişdirilməsi ilə bağlı iddiaların əksəriyyətinin elə indeksasiya məsələsi olduğu qənaətinə gələrək məhkəmənin iş yükünü azaltmağa çağırış edir”, – Səməd Rəhimli belə deyir.

“Artıq bununla bağlı dəyişikliklərə məhkəmələr baxmayacaq”

Vəkil Zibeydə Sadıqova isə qeyd edir:

“Əgər aliment ödəyənin gəlirində artım varsa, a) aliment sabit pul məbləğində təyin edilibsə, indeksasiyanı icra orqanı; b) əgər aliment əməkhaqqından tutulma ilə təyin edilibsə, indeksasiyanı aliment ödəyənin işə götürəni həyata keçirəcək. Artıq bununla bağlı dəyişikliklərə məhkəmələr baxmayacaq”.

Üçüncü əsas təlimat uşağın boşanmış tərəflərlə ölkə xaricinə səyahət etməsi məsələsini dəqiqləşdirir. 

Qanunvericiliyə əsasən, uşağın tərəflərdən biri ilə ölkə xaricinə gedə bilməsi üçün digər valideynin etibarnaməsinə etiyac var. 

Hüquqşünas və vəkillərin sözlərinə görə, mövcud praktikaya əsasən, himayəçi olmayan valideynin bu məsələdə uşaqla səyahət hüququ tərəflərin arasındakı münaqişələrdən asılı olaraq problemli hal ala bilir. Bu dəyişiklik həmin problemin həllinə töhfə verə bilər. 

“Bu qərarla uşaqdan ayrı yaşayan valideynin hüququ tanınır”

Səməd Rəhimli deyir ki, əvvəllər tərəflərdən biri digərinə etibarnamə vermirdisə, iş məhkəməyə gedirdi:

“Rayon məhkəməsi müraciətçi tərəfin iddiasını təmin etmədikdə, həmin tərəf apelyasiya şikayəti verirdi və bəzən bu məsələlərin dəqiqləşməsi tərəflərin xeyli vaxtını alırdı, çünki məhkəmə vahid bir qərara istinad edə bilmirdi. Hazırda Ali Məhkəmənin Plenumunun qərarına əsasən, uşağın valideynlərlə ünsiyyət, görüş hüququ tənzimləndikdə bu, məhkəmələrin müəyyən qərara istinad edə bilməyinə kömək edəcək”. 

O bildirib ki, Ali Məhkəmə bu qərarında məhkəmələrə təlimat verir: 

“Həmin təlimata əsasən, uşağın ölkədən aparılması hüququ, sadəcə, himayəçi valideynə deyil, eləcə də uşaqdan ayrı yaşayan valideynə aiddir. Bu qərarla uşaqdan ayrı yaşayan valideynin hüququ tanınır. Amma bu hüquq üçün şərt qoyur. Şərt də bundan ibarətdir ki, əsas himayəçi olmayan valideyn uşaqla ünsiyyət hüququna istinad etməlidir. Məsələn, istinad etməlidir ki, uşaqla həftədə 2 gün görüşmək hüququ var və o da 1 ay ərzində həftədə iki dəfə olan görüşlərini birləşdirmək və 7 günlük uşağı başqa ölkəyə aparmaq istəyir. Onun 1 aylıq uşaqla görüş hüququ birləşdirilir və bir həftəlik apara bilər. Amma əgər valideynin bu cür birləşdirmək üçün istinad edəcək kifayət qədər görüş günü, saatı yoxdursa, onda yenidən məhkəməyə qısaldılmış, daha tez baxılan icraatla müraciət edərək uşaqla görüş günlərini artırmağı tələb edə bilər. Əgər bu uşağın mənafeyinə uyğundursa, məhkəmə bunu təmin edə bilər”. 

Uşaqların xaricə aparılması məsələsi… 

Zibeydə Sadıqova bildirir ki, bu hal daxilində müraciətçi valideyn uşağın onla birgə səyahətini tələb edəcəksə, bu zaman bunun uşağın mənafeyinə uyğun gəlib-gəlmədiyini sübut etmə yükü həmin valideynin üstünə düşəcək:

“Artıq məhkəmələr valideynlərdən birinin razılığı olmadan uşağın digər valideynlə ölkə xaricinə çıxmağı məsələsinə baxarkən uşağın ünsiyyət hüququna dair hansısa məhkəmə qətnaməsinin olub-olmamağını, onların bu ünsiyyətinə qətnamənin münasibətini araşdıracaqlar. Əgər uşağın ölkə xaricinə çıxarılması məsələsində hansısa valideynin ünsiyyət hüququna maneə varsa, ünsiyyət məsələsinin həll edilməsi təklif ediləcək. Əgər valideyn uşağın onla birgə səyahətini tələb edəcəksə, bu zaman sübut etmə yükü həmin iddiaçı valideynin üstünə düşəcək”.

Hüquqşünas Səməd Rəhimli bildirir ki, məhkəmə uşaqdan ayrı yaşayan valideynin onunla başqa ölkəyə səfər etmək hüququnu təmin edərkən, eyni zamanda, uşağın himayəçi valideyndən qaçırılma ehtimalını nəzərə alaraq müraciətçi valideyndən buna dair də sübutlar tələb edə bilər:

“Bu sübutlara müraciətçinin işi, ölkə daxilində və xaricində yaşamaq üçün faktiki və potensial imkanları, maraqları, viza və s. kimi məsələlər çərçivəsində baxılır. Digər valideynin uşağın müraciətçi valideyn tərəfindən qaçırılma ehtimalına dair faktiki və ya potensial sübutu olduqda və ya məhkəmə özü bunu müəyyən etdikdə, uşağın üstün maraqları və digər valideynin hüquqlarını nəzərə alaraq bunu təmin etməkdən imtina edə bilər”.

Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir?

Rəhimli deyir ki, Ali Məhkəminin bu təlimatları mövcud olan Ailə Məcəlləsi və ona müvafiq qanunlar çərçivəsindədir: 

“Əgər qanunda hansısa məsələyə dair qadağa varsa, məhkəmələr o qadağanı tətbiq etməlidirlər, qadağa yoxdursa, deməli, qanun bu məsələni birbaşa göstərməsə də, icazə verir. İcazə üçün də məhkəmələr icazələrin limitlərinə istinad edirlər. Bu təlimatlarda nəzərdə tutulanlar Ailə Məcəlləsində aydınlaşdırılmadığı üçün bu məsələlərlə bağlı Ali Məhkəmənin Plenumu qərar qəbul edərək təlimatlar verə bilər”.

“Bu həm də miqrasiya məsələləri ilə bağlıdır” 

Hüquqşünas fikrincə, Azərbaycandan ölkə xaricinə gediş-gəliş məsələləri 2010-cu ildən intensivləşib, bu da nikahın pozulması zamanı tərəflərin və uşaqların hüquqi mənafelərinə təsir edə bilir:   

“Bu təlimatların indi verilməsinin səbəbi Azərbaycanın digər ölkələrlə hüquqi əməkdaşlıqlarının artmasına görə ola bilər. Hansısa valideyn uşağı qaçırtmaq istədikdə beynəlxalq əməkdaşlıq icazə verəcək ki, himayəçi valideyn uşağı geri qaytara bilsin. Əvəllər bu mexanizm daha zəif idi deyə bu hüquqların təminatı daha çətin idi”.  

Ana səhifəXəbərlərAli Məhkəmənin Plenumundan uşaqlarla bağlı qərar: görüş, səyahət və aliment…