“Qərb deyir ki, adam olun, insan hüquqlarına, qanunların aliliyinə hörmət edin”
İlham Əliyev yanvarın 7-də yerli kanallara münasibəsində İranı da tənqid edib, Azərbaycan səfirliyində törədilmiş terror aktına görə günahkarların cəzalandırılmadığını bildirib.
Əliyev həmçinin İranın dini lideri Əli Xameneyinin Ərdəbil vilayəti üzrə rəsmi nümayəndəsi Seyid Həsən Amulinin Azərbaycanla bağlı çıxışına da sərt reaksiya verib: “O əyalət mollası cəzalandırılmalıdır”, – deyib.
Ölkə başçısı Amulini həmin vəzifəyə tənqid edən Xameneyini də qınayıb.
Bundan bir gün sonra, yanvarın 8-də İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycana gəlib.
İran KİV-inin yaydığı məlumata görə, Əhmədianı Bakı hava limanında Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov qarşılayıb.
Daha sonra Əliyev elə həmin gün Əli Əkbər Əhmədianı qəbul edib.
Görüşdə Azərbaycanla İran arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
İlham Əliyev bildirib ki, Azərbaycan İranla əlaqələrin bütün sahələrdə inkişafına həmişə xüsusi əhəmiyyət verir.
O, İranda yeni prezident seçkilərindən sonra Azərbaycanın bir neçə yüksək səviyyəli nümayəndə heyətinin bu ölkəyə səfər etdiyini məmnunluqla xatırlayıb.
Yanvarın 9-da isə Əhmədian Yerevana səfər edib.
Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşən Əhmədian ikitərəfli münasibətlərin dinamik inkişafı ilə bağlı məsələləri müzakirə edib.
Bəs Əhmədian Əliyevin tənqidlərindən bir gün sonra niyə Azərbaycana gəldi?
Zərdüşt Əlizadə Meydan TV-yə deyir ki, Tehranla Bakının münasibətlərində soyuqluq hələ də davam edir:
“Ümumiyyətlə, İranın Azərbaycanla münasibətləri gərgindir. Çünki İran bilir ki, burada müstəqil və bir sekulyar dövlət var. Həm də Azərbaycanın Qərblə münasibətlərini yaxşı anlayır, bilir ki, dünyəvi qanunlarla idarə olunur. Bu da İranı narahat edir”.
“Azərbaycanda bivec, fərsiz, oğru bir hakimiyyət var”
Əlizadənin sözlərinə görə, amma İranda artıq Azərbaycanla bağlı gercəkiliyi də başa düşürlər:
“Azərbaycanda hakim bir zümrə formalaşıb. Bu zümrə də ölkənin sərvətlərini heç kəslə bölüşmək istəmir. Elə ona görə də Heydər Əliyev SSRİ-nin dağılmasında fəal iştirak elədi. İran da o vaxt Azərbaycanı qəbul etmək istəmirdi. Uzun müddət bizi Azərbaycan yox, “Bakı Respublikası” adlandırırdılar. İndi artıq yavaş-yavaş o fikirlə razılaşırlar ki, Azərbaycan müstəqildir, İrana qatılmayıb. Ona görə də Azərbaycanın dünyəvi dövlət olmasını İran üçün təhlükə görürlər. Düşünürlər ki, məhz bu baxımdan Azərbaycan iranlılar üçün cazibədar bir ölkə ola bilər. Amma onların bəxtindən Azərbaycanda bivec, fərsiz, oğru bir hakimiyyət var. İranlılar gəlib görürlər ki, heç də vəziyyət yaxşı deyil və ona görə heç bizim kimi olmaq da istəmirlər. Bizim hakimiyyət də İrandakı İslam amilini, ölkədə isə inanclı və əqidəli adamları özünə düşmən və təhlükə kimi görür. Ona görə də İrana münasibəti pisdir“.
“Azərbaycanın Qərblə münasibətləri də normal deyil…” fikrinə cavabında Əlizadə qeyd edib ki, bu yalnız insan hüquqları ilə bağlıdır:
“Azərbaycanın Qərblə münasibətlərində də gərginlik yaşanır, çünki Qərb deyir ki, adam olun, insan hüquqlarına, qanunların aliliyinə hörmət edin. Bu sahədə münasibət pisdir, amma alver, pulları Qərbdə gizlətmək, mülklər almaq, ticari maraqlar, qərbsayağı yaşamaq və s. sahələrdə pərgardırlar”.
“İndi xalqı Sovet dövründən qat-qat riyakar bir kütləyə çeviriblər”
“İran Əliyevin müsahibəsində Qərbi də sərt tənqid etməsinə fürsət kimi baxa və bu baxımdan münasibətləri normallaşdırmağa çalışa bilərmi?” sualına siyasi şərhçi belə cavab verib:
“İran o qədər də sadəlövh deyil, Azərbaycandakı hakim zümrəni tanıyır. Bilir ki, Qərbə yanaşma yalnız hakimiyyət maraqları ilə bağlıdır. Yəni istəmirlər ki, Qərb burda da cəmiyyətin təşəkkülünə hansısa bir nümunə olsun, hansısa bir məsləhət versin. Çünki Azərbaycan hakimiyyəti xalqını öz istəyinə uyğun yonub, düzəldib və rəiyyətə çevirərək idarə edir. Ölkədə yaltaqlıq, oğurluq, fürsətçilik təşviq olunur. İndi xalqı Sovet dövründən qat-qat riyakar bir kütləyə çeviriblər”.
Əlizadə İranın da bölgə və qonşu ölkələrlə bağlı yanlış siyasi xətt yürütdüyünü deyir:
“İran Azərbaycanla münasibətlərdə o qədər səhvlərə yol verib ki, indi istənilən reaksiyaya bu şəkildə cavab verir. Həm Ermənsitanı dəstəkləyib, həm də cəmiyyətdə nüfuzu olmayan adamlardan ziyalı düzəldib cəmiyyətə sırımaq istəyib və ya öz maraqlarını təşviq etmək istəyib. Amma nəticədə pulları batıb, necə ki Suriyada, Livanda batdı…”