Jurnalistin işindəki prokuror dəyişdirilib
“Kanal 13” internet televiziyasının Bakı ofisinin rəhbəri, 2023-cü ilin noyabrından həbsdə olan Əziz Orucovun işi üzrə məhkəmə istintaqı başlayıb.
Yanvarın 8-də Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyilə keçirilən məhkəmə prosesində məlum olub ki, Əziz Orucovun işi üzrə ittihamı müdafiə edəcək prokuror dəyişib.
Bu səbəbdən də məhkəmə təyin olunduğu vaxtdan 2 saat gec başlayıb.
Məhkəmədə Əziz Orucovun vəkili Fəxrəddin Mehdiyev onun hökm çıxarılana qədər ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.
Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin həbsdə saxlanması üçün maddi və prosessual əsaslar yoxdur.
Müdafiəçinin sözlərinə görə, Əziz Orucov az ağır cinayətdə ittiham olunur:
“Əziz Orucovun həbsdə saxlanmasının izahı da yoxdur. Praktikada da rast gəlməmişik ki, icazə almadan ev tikməyə görə kimisə həbs eləsinlər”.
Fəxrəddin Mehdiyev müvəkkilinin səhhətindəki problemləri, himayəsində azyaşlı uşaqlarının olmasını da məhkəmənin nəzərinə çatdırıb.
Prokuror jurnalistin ev dustaqlığına buraxılmasına etiraz edib.
Hakim də vəsatəti təmin etməyib.
Daha sonra prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən Əziz Orucov özünü təqsirli bilmədiyini deyib.
O bildirib ki, dövlətin, cəmiyyətin maraqlarına zidd heç bir addım atmayıb. Sadəcə, ailəsinə mənzil almağa pulu çatmadığına görə torpaq alıb, orada uşaqlarına ev tikmək istəyib.
O vurğulayıb ki, hazırda onunla yanaşı, həmin ərazidə yüzlərlə ev tikib yaşayan insanlar var:
“Mən heç kimə zərər vurmamışam”.
Əziz Orucovun vəkili məsələ qaldırıb ki, məhkəmədə dindirmələr zərərçəkmiş tərəfdən başlasın.
Bu məhkəmə prosesində Əmlak Məsələləri Dövlət Xidməti zərərçəkmiş qismində tanınıb.
Müdafiəçi bu qurumun nümayəndəsinin məhkəmədə iştirakının təmin olunmasını istəyib:
“Gəlib əsaslandırsınlar görək ki, nədən zərər çəkiblər”.
Bu səbəbdən məhkəmə prosesi yanvarın 24-nə qədər təxirə salınıb.
Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova bildirib ki, onun səhhətində ciddi problemlər var:
“Məhkəmə prosesində güclə ayaq üstə dururdu.Tarazlığını saxlaya bilmirdi”.
Əziz Orucov 2023-cü il noyabrın 27-də saxlanılıb.
Həmin gün axşam saat 18.00 radələrində Əziz Orucovun yaşadığı evdə, ardınca da “Kanal 13”-ün ofisində axtarış aparılıb.
Daha sonra o, Cinayət Məcəlləsinin 188.2 maddəsilə həbs olunsa da, bir ay sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə əlavə ittiham irəli sürülüb.
Hətta “Kanal 13”-ün daha bir əməkdaşı Şamo Eminov da eyni cinayət işi üzrə Cinayət Məcəlləsinin 206.3.2 maddəsilə təqsirləndirilərək həbs olunmuşdu.
İstintaqın sonunda Əziz Orucovun işi yüngülləşdirilərək, yalnız torpaq məsələsilə bağlı ittihamla məhkəməyə göndərildi.
Kanalın əməkdaşı Şamo Eminov isə bugünlərdə azadlığa buraxılıb.
Əziz Orucova qarşı ittihamda göstərilib ki, o, Səbail rayonu ərazisində tikinti üçün dövlət orqanlarının icazəsi olmadan ev inşa etdirib.
“Kanal 13” rəhbəri isə bu ittihamın absurd olduğunu, rəhbərlik etdiyi kanalın fəaliyyətilə əlaqələndirdiyini bildirib.
O vurğulayıb ki, jurnalist fəaliyyətinə görə cəzalandırılıb.
Son 13 ay ərzində Azərbaycanda 30-dan artıq jurnalist həbs olunub.
Onların arasında “Meydan TV”, “AbzasMedia”, “Toplum TV”, Kanal 13”, “meclis.info” kimi tənqidçi media orqanlarının rəhbərləri və çoxsaylı əməkdaşları var.
Jurnalistlərə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb. Lakin onlar bu ittihamı rədd edir, jurnalist fəaliyyətlərinə, korrupsiya araşdırmalarına görə həbs olunduqlarını bildirirlər.