Tahirə Tahirqızı ifadə verməkdən imtina edib
“Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərovun işi üzrə istintaqa anası Tahirə Tahirqızı da cəlb edilib.
O, yanvarın 6-da şahid qismində dindirməyə çağrılıb.
Bu barədə Tahirə Tahirqızı məlumat verib.
O bildirib ki, Bakı Şəhər Baş Polis İdarəsinə getsə də, ifadə verməkdən imtina edib. Çünki Konstitusiya və prosessual qanunvericilik vətəndaşa yaxın qohumlara özünün və bir-birinin əleyhinə ifadə verməmək hüququ verir.
O da bu hüququndan istifadə eləyib:
“Düzdür, ifadə verməmək hüququmdan istifadə elədim. Amma onu dedim ki, mənim oğlum şər-böhtanla bu gün orada saxlanılır”.
Bundan başqa, Tahirə Tahirqızı yanvarın 4-də xəbər tutub ki, onun ölkədən çıxışına qadağa qoyulub.
Onun sözlərinə görə, istintaqda dindirmə zamanı müstəntiqə bunun səbəbi barədə də sual verib. Çünki ona deyilib ki, ölkədən çıxışına qadağa Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulub.
“Ölkədən çıxışıma qoyulan qadağanın səbəbi barədə sualıma cavab ala bilmədim”, – Tahirə Tahirqızı bildirib.
O əlavə edib ki, həyat yoldaşı, keçmiş deputat Eldar Sabiroğlu ağır xəstəlikdən (parkinson) əziyyət çəkir və bununla əlqədar hər 6 aydan bir Türkiyəyə müalicəyə gedib-gəlirdi.
Elə yanvarda da onunla birlikdə müalicə məqsədilə İstanbula getmək üçün bilet alıblar. Lakin məlum olub ki, ölkədən çıxışına qadağa qoyulub.
Tahirə Tahirqızı ümid edir ki, ən azı, həyat yoldaşının səhhətindəki problemləri, maddi durumlarını nəzərə alıb, ölkədən çıxışına qoyulan qadağanı aradan qaldıracaqlar.
Hüquq müdafiəçisi Rüfət Səfərov dekabrın 3-də saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən bədənə az ağır xəsarət yetirmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1 (xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.
Dekabrın 5-də Binəqədi Rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyilə onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Cinayət işində iddia olunur ki, Rüfət Səfərov Novxanıda torpaq satmaq adı ilə Natiq İmamquliyev adlı şəxsdən 60 min manat pul alıb.
Həmin şəxslə dekabrın 3-də aralarında mübahisə düşüb və onu vurub.
Rüfət Səfərov isə bu ittihamların saxta olduğunu, həmin gün axşam saat 17.00 radələrində evə qayıdarkən qarajda maşından düşəndə bir nəfərin ona hücum etdiyini, dərhal da ətrafdan polislərin qaraja daxil olub, onu qandallayıb apardığını bildirir.
Hüquq müdafiəçisi vurğulayır ki, Natiq İmamquliyevdən pul almaması bir yana, qarajdakı hadisəyə qədər ümumiyyətlə, onu görməmişdi.
Rüfət Səfərov həbs olunmasının səbəbini ölkədə haqqı pozulanların hüquqlarını müdafiə etməsi və 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günündə Amerikada “İlin güclü hüquq müdafiəçisi” mükafatının ona verilməsi ilə əlaqələndirir.
Həmin gün mükafatı almaq üçün o, dekabrın 6-da Vaşinqtona getməli idi.
Rüfət Səfərov həbsdə olsa da, 10 dekabr – Beynəlxalq İnsan Haqları Günü münasibətilə ABŞ dövlət katibi Entoni Blinken onu “İlin güclü hüquq müdafiəçisi” mükafatı ilə təltif edib.
Dövlət katibi çıxışında vurğulayıb ki, Rüfət Səfərov hüquq müdafiəçisi kimi fəaliyyətinə görə həbs edildiyinə görə mükafatı özü qəbul edə bilmir.
Rüfət Səfərov vaxtilə Kənd Təsərrüfatı Nazirliyində baş hüquqşünas, ardınca prokurorluqda müstəntiq işləyib.
O, 2015-ci ilin dekabrında ölkədə insan hüquqlarının pozulması, qanunların işləməməsinə etiraz olaraq, bəyanat verərək, prokurorluğun müstəntiqi vəzifəsindən istefa verib.
Bu addımından sonra onun mənzilində axtarış aparan prokurorluq özünün də haqqında cinayət işi başladıb və o, həbs olunub.
Rüfət Səfərov 9 il azadlıqdan məhrum edilib.
2019-ci ilin martında əfv sərəncamı ilə vaxtından əvvəl azadlığa buraxılandan sonra “Müdafiə Xətti” təşkilatını təsis edərək insan hüquqlarının müdafiəsilə məşğul olmağa başlayıb.