Akif Qurbanov: “İlham Əliyev Bəşər Əsədin taleyindən dərs çıxarmalıdır”

Akif Qurbanov. Foto: Meydan TV

“Qərbin adamı olsaydıq, həbsi gözə alıb ölkədə qalmaz, gedib orada yaşayardıq” 

III Respublika Platformasının (ResPlatforma) spikeri Akif Qurbanov Bakı İstintaq Təcridxanasından ictimaiyyətə məktub yazıb

O, ölkədə davam edən siyasi həbsləri pisləyib. 

“Hakimiyyət yerli və xarici optimistlərin gözləntilərinin əksinə olaraq COP29-dan sonra da repressiyanı davam etdirməkdədir. Bununla, guya həm Qərbdən COP29-un acığını çıxır, həm də ölkədə yaranmış insan haqları böhranına görə artan beynəlxalq təzyiqin qarşısından çəkilməyəcəyini göstərir”, – Akif Qurbanov qeyd edib. 

ResPlatformanın spikeri hüquq müdafiəçisi Rüfət Səfərovun, Meydan TV əməkdaşlarının və Azər Qasımlının həbsinə də toxunub. 

“Hakimiyyət Rüfət Səfərovun, Meydan TV əməkdaşlarının və Azər Qasımlının həbsi ilə guya Qərbin qalan “dayaqlarını” sıradan çıxarır. Axı öz aləmlərində bizləri “Qərbin adamları”, onun “təsir agentləri” elan ediblər. Hakimiyyət  indi də cəmiyyəti bu yolla aldadır. Biz isə heç kimin adamı deyilik. Qərbin adamı olsaq, Azərbaycana bağlı olmasaq, ölkənin gələcəyini düşünməsək, həbs olunacağımızı, təqibə məruz qalacağımızı bilə-bilə ölkədə qalmazdıq, gedib orda yaşayardıq”, – Qurbanov belə deyir. 

Qurbanov cəmiyyəti hakimiyyətin repressiya siyasətinə biganə qalmamağa səsləyib:

“Cəmiyyət bilməlidir ki, bu şəxslərin həbsi el dilində desək, “sizin kisənizdən” gedir. Hakimiyyət Rüfət Səfərovun timsalında sizin pozulan hüquqlarınızın müdafiə olunmasını istəmir.  Meydan TV-nin, “Toplum TV”-nin, “AbzasMedia”nın nümunəsində sizin alternativ və həqiqi məlumata çıxışınızın olmasını, problemlərinizin ictimailəşməsini istəmir. Azər Qasımlının simasında sizə siyasi gerçəkləri söyləyən, hadisələri təhlil edib, çıxış yolu göstərən siyasətçilər istəmir. Bu halda itirən təəssüf ki, cəmiyyətimiz, qazanan isə tək adam rejimidir”.

Onun sözlərinə görə, bu siyasətlə hakimiyyət bir tərəfdən güclü olduğunu nümayiş etdirsə də, digər tərəfdən də qorxduğu üçün bu cür davranır:

“Etirazlardan, xalqın ayılıb onları sorğulamasından qorxurlar. Eyni zamanda da Qərblə üzləşdiyi konfrontasiyadan bu dəfə də uduşlu çıxa bilmək, növbəti mərhələdə sövdələşməyə nail olmaq üçün həm də əllərinə “kozır” yığmağa çalışırlar. Ancaq bu dəfə sövdələşmə ehtimalı çox aşağıdır”.

Akif Qurbanov Bəşər Əsəd rejiminin devrilməsini və onun Suriyadan qaçmasını da vurğulayıb:

“Təəssüf ki, yanlarında bir ürəkli adam yoxdur desin ki, bir güzgüdə özünüzə baxın. Axı idarəetmə, büdcə talanı, xaricdə əmlaklar, ölkədən pul çıxarılması və s. məsələlərdə siz Əsəddən geri qalmırsınız. Tək adam rejimlərinin siyasi mahiyyətinə, təfəkkürünə uyğun gəlməsə də, yenə də çağırışım odur ki, nə qədər ki Suriyanın durumuna düşməmişik, Əliyev Əsədin taleyindən dərs çıxarmalıdır. Əliyevin yeni strateji müttəfiqi olan Putin köhnə strateji müttəfiqi Əsədi Moskvaya aparmaqdan başqa heç nə edə bilmədi”.

“Bir gün mütləq biz də işıqlı yola çıxacağıq!”, – deyə ResPlatformanın spikeri fikrini yekunlaşdırıb. 

ResPlatforma bir il öncə dekabrın 7-də yaradılıb.

Bu il martın 6-da qurumun spikeri Akif Qurbanov, martın 8-də qurucu heyət üzvü Ruslan İzzətli həbs edilib. 

Bu iş üzrə daha beş nəfər – Toplum TV-nin təsisiçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayev, Əli Zeynal və İlkin Əmrahov saxlanılıb. Daha iki nəfər Fərid İsmayılov və Elmir Abbasov polis nəzarətinə verilib.

Onlar qaçaqmalçılıqda ittiham edilirlər. 

Özləri ittihamı rədd edir, siyasi fəaliyyətlərinə görə həbs olunduqlarını bildirirlər.

Ana səhifəXəbərlərAkif Qurbanov: “İlham Əliyev Bəşər Əsədin taleyindən dərs çıxarmalıdır”