Almaniya vətəndaşı Azərbaycanda istintaq təcridxanasında saxlanılır

Almaniya vətəndaşı Həmzə Məmmədli 1 ildən çoxdur ki, Azərbaycanda istintaq təcridxanasında saxlanılır.

33 yaşlı Həmzə Məmmədli 2015-ci ildə Azərbaycandan Almaniyaya köçüb, tibb kollecində təhsil alıb və klinikada həkim köməkçisi işləyib.

2023-cü ilin fevralında Almaniya vətəndaşlığını alıb, eyni zamanda Azərbaycan vətəndaşlığını da saxlayıb. 

Bundan təxminən 6 ay sonra, 2023-cü il iyulun 1-də öz toyuna gələn Həmzə Bakı hava limanında saxlanılıb. 

Məlum olub ki, hələ 2018-ci il iyulun 18-də Həmzə Məmmədli barəsində Azərbaycan Cinayət Məcəlləsinin “Terrorçuluğa açıq çağırış” və “Dövlətə qarşı açıq çağırış” maddələri ilə cinayət işi açılıb, o, qiyabi həbs olunub və axtarışa verilib.

Almaniya XİN “Deutsche Welle”yə cavabında deyib ki, Məmmədlinin vəziyyətindən xəbərdardırlar, Azərbaycanda hazırda həbsdə olan yeganə Almaniya vətəndaşı odur. Lakin Almaniyanın məsələyə fəal müdaxilə imkanı yoxdur, çünki Məmmədli həm də Azərbaycan vətəndaşıdır və bu işdə də həmin statusda mühakimə olunur. 

“Almaniya Xarici İşlər Nazirliyi və Almaniyanın Bakıda yerləşən səfirliyi bu işi diqqətlə izləyir, cənab Məmmədlini dəstəkləmək üçün Azərbaycan hakimiyyət orqanları ilə müntəzəm və yüksək səviyyəli təmaslar qurur”, – deyə nazirliyin cavabında qeyd edilir.

Ana səhifəXəbərlərAlmaniya vətəndaşı Azərbaycanda istintaq təcridxanasında saxlanılır