Bəhruz Səmədov və müdafiəçisi təqdimata etiraz edib
4 aya yaxındır ki, dövlətə xəyanət ittihamı ilə həbsdə olan politoloq, xarici mediada Azərbaycandakı idarəçilikdə bağlı tənqidi məqalələrin müəllifi olan Bəhruz Səmədov haqqında həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Səbail Rayon Məhkəməsində istintaq orqanının bu barədə təqdimatına baxılıb.
Təqdimat belə əsaslandırılıb ki, hələ istintaq davam edir, bu səbəbdən onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin daha 4 ay artırılmasına ehtiyac var.
Bəhruz Səmədov və müdafiəçisi təqdimata etiraz edib, təmin olunmamasını istəyib. Lakin məhkəmə onu təmin edib və Bəhruz Səmədovun istintaq dövründə həbsdə saxlanma müddəti martın 9-na qədər uzadılıb.
Vəkili bu qərardan apelyasiya şikayəti verəcək.
Bəhruz Səmədova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb.
O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir.
Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir.
O, həbs qərarı verilən məhkəmədə çıxış edərək bildirib ki, sülhpərvərdir, müharibənin əleyhinədir.
Çıxışları, məqalələri də bu barədədir.
Hesab edir ki, susdurulmaq üçün saxta ittihamla cəzalandırılır.
Bəhruz Səmədov avqustun 21-də günorta saat 16:00 radələrində saxlanılıb.
Nənəsi Zibeydə Osmanova bildirib ki, həmin gün saat 16:00-17:00 arası yaşadıqları evə 6-7 nəfər mülki geyimli şəxs gəlib.
Onlar özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları kimi təqdim ediblər.
Deyiblər ki, evdə axtarış aparmalıdılar.
Nənəsi deyir ki, Bəhruz Səmədov evdən təxminən yarım saat əvvəl çıxmışdı.
O, dostu ilə görüşməyə getdiyini demişdi:
“Gələnlər dedilər ki, guya narkotik məsələsi var, bununla əlaqədar axtarış aparacaqlar. Amma Bəhruzu gətirməmişdilər. Əlbəttə ki, evdən narkotik tapmadılar. Bizim evdə narkotik ola bilməz. Amma Bəhruzun kompüterlərini, telefon, Bəhruza aid nə sənəd varsa, apardılar”.
Zibeydə Osmanova nəvəsinin elmi araşdırmalarla məşğul olduğunu, istər narkotik, dövlətə xəyanət, istərsə də başqa cinayət xarakterli işlərdən uzaq olduğunu deyir.
Bəhruz Səmədov Çexiyada Karlov Universitetində doktoranturada oxuyurdu.
O, həbsindən təxminən bir ay əvvəl tətilə gəlmişdi və həbs olunduğu ərəfədə geri qayıtmalı idi.
Bəhruz Səmədov Azərbaycanda müharibə əleyhinə olan gənc fəallardan biridir.
Bəhruz Səmədovun işi üzrə istintaq Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılır, özü də bu qurumun istintaq təcridxanasında saxlanılır.