Vəkil Məmmədlinin görüşə halsız gəldiyini deyir
“Toplum TV” internet televiziyası və eyni adlı portalın təsisçisi, media üzrə ekspert Ələsgər Məmmədlinin vəziyyətinin pisləşdiyi bildirilir.
Ələsgər Məmmədlinin vəkili Fəxrəddin Mehdiyev dekabrın 18-də Bakı İstintaq təcridxanasında Ələsgər Məmmədli ilə görüşüb.
Bu barədə “Turan”a hüquqşünasın qardaşı Nəsimi Məmmədli danışıb.
“Görüşdən sonra mənimlə əlaqə saxlayan Fəxrəddin Mehdiyev dedi ki, Ələsgər Məmmədlinin səhhətində problemlər artıb. Bildirdi ki, onunla görüşəndə Ələsgər bəy halsız idi. Bədəninin müxtəlif nahiyələrində ağrılardan şikayətləndi. Təcridxanada götürülən qan analizlərinin və ultrasəs müayinəsinin nəticəsi də narahatlığını artırıb. Daxili orqanlarındakı ağrılar qidalanmasına əngəl yaradır. Ödündə qatılaşma, böyrəyində daş var. Qan təzyiqi qeyri-sabitdir. Gah çox yüksəyə qalxır, gah da kəskin enir. Fasiləsiz baş ağrısından və yuxusuzluqdan əziyyət çəkir. Qalxanabənzər vəzindəki şiş boğulma hissini artırıb”, – Nəsimi Məmmədli belə deyib.
O əlavə edib ki, Ələsgər Məmmədli təcili cərrahi əməliyyat olunmalıdır. Eyni zamanda son günlər ürəyində də problemlər yaranıb.
“Ələsgər bəy təqsirsiz olsa da, qanunsuz həbsə məhkum edilib və 10 aydır həbsxanadadır. Qanunsuz həbs edilməsi bir yana, xəstəliklərinin müalicəsi üçün ev dustaqlığına da buraxmırlar. Ölkənin olduqca mədəni, savadlı, peşəkar bir aydın insanına qarşı açıq aşkar hüquq terroru törədilir. Təəssüf ki, ölkədə məhkəmə-hüquq sistemi təqsirsiz insanların cəzalandırılması alətinə çevrilib”, – Ələsgər Məmmədlinin qardaşı deyib.
2024-cü il martın 6 və 8-də “Tolum TV” və Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb.
Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar.
7 nəfər barədə həbs qətimkan tədbiri seçilib, 2 nəfər isə polisin nəzarətinə verilib.
“Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunur.
Lakin Ələsgər Məmmədli ittihamı qəbul etmir, həbsini siyasi sifariş sayır.