ABŞ Dövlət Departamenti: “Azərbaycanı mətbuat azadlığına hörmət etməyə çağırırıq” 

Metyu Miller. ABŞ DD-in saytından screenshot

Metyu Miller “Azadlıq” radiosunun jurnalisti Fərid Mehralızadənin həbsinə münasibət bildirib 

ABŞ Dövlət Departamenti Bakını mətbuat azadlığına hörmət etməyə çağırıb.

Bu barədə Dövlət Departamentinin mətbuat katibi Metyu Miller “Azadlıq” radiosunun jurnalisti Fərid Mehralızadənin həbsinə Vaşinqtonun münasibəti haqqında “Turan”ın sualına cavab verərkən bildirib. 

“Biz bu işdən çox narahatıq və Azərbaycanı ölkədə hər bir şəxsin hüquqlarına hörmət etməyə, xüsusən mətbuat azadlığına hörmət etməyə çağırırıq”, – deyə Metyu Miller bildirib.  

Dekabrın 17-də Bakıda “AbzasMedia” nəşrinin jurnalistləri və onlarla əməkdaşlıq edən digər jurnalistlərin işi üzrə məhkəmə prosesi başlayıb

Təqsirləndirilən 7 nəfər bunlardır: “AbzasMedia”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), direktor müavini Məhəmməd Kekalov, “Turan” İnformasiya Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı, jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və iqtisadçı, eyni zamanda, “Azadlıq” radiosunun əməkdaşı Fərid Mehralızadə. 

Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. 

Öncə Ülvi Həsənli və Məhəmməd Kekalov, ardınca Sevinc Vaqifqızı həbs edilib. 

Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova, Fərid Mehralızadə ilə davam edib. 

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb. 

Bir neçə ay sonra ittiham ağırlaşdırılıb. 

Jurnalistlərə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması, vergidən yayınma və s. ilə bağlı əlavə ittihamlar verilib.  

Jurnalistlərə ittiham verilən maddələrin sanksiyasında 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. 

2023-cü il noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. 

Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub. 

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib. 

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər. 

Hökumət təmsilçiləri isə həbs olunanların konkret faktlar əsasında cəzalandırıldıqlarını bildirirlər.

Ana səhifəXəbərlərABŞ Dövlət Departamenti: “Azərbaycanı mətbuat azadlığına hörmət etməyə çağırırıq”