İlham Əliyev Sumqayıtı Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisinə 9 milyon 960 min manat pul ayırıb.
Bu barədə “president.az” məlumat yayıb.
Sərəncama əsasən, Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən uzunluğu 100 metr, 6 aşırımdan ibarət yeni körpünün tikintisi məqsədilə 9.960.000,0 (doqquz milyon doqquz yüz altmış min) manat vəsait Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Sərəncamdan irəli gələn məsələlərin həlli Azərbaycan Nazirlər Kabinetinə tapşırılıb.
AYNA yeni körpünün tikiləcəyini deyir
Sumqayıtı Saray qəsəbəsi ilə birləşdirən və 1970-ci illərdə inşa edilən körpü dekabrın 18-dən başlayaraq söküləcək.
Onun yerində yeni körpünün inşa ediləcəyi bildirilir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumatda deyilir ki, yeni körpünün inşası zamanı avtomobil yolunun tamamilə bağlanılması və hərəkətin dayandırılması nəzərdə tutulur.
Söküntü və təmir işləri ilə əlaqədar AYNA tərəfindən ərazidə müntəzəm sərnişin daşımalarını yerinə yetirən 8 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. Belə ki, 16/19, 17, 18 və 27 nömrəli marşrutlar Alı Mustafayev küçəsi (Sumqayıt şəhəri. Tunel) – Ayna Sultanova küçəsi – Hacıbaba Səmədov küçəsi ilə təşkil ediləcək.
503 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi (Heydər Əliyev prospekti), son dayanacaq məntəqəsi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksi, 521 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi (Heydər Əliyev prospekti), son dayanacaq məntəqəsi isə Novxanı qəsəbəsi, 523 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi (Heydər Əliyev prospekti), son dayanacaq məntəqəsi isə Xırdalan şəhəri olmaqla fəaliyyət göstərəcək.
522 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi (Heydər Əliyev prospekti), son dayanacaq məntəqəsi isə Koroğlu küçəsi (Sumqayıt şəhəri) olmaqla Nizami Gəncəvi küçəsi – Məhəmməd Əmin Rəsulzadə küçəsi – Bakı-Quba-Rusiya yolu – Sülh küçəsi ilə təşkil ediləcək.
Həmçinin vətəndaşların Sumqayıt şəhərindən Xırdalan şəhərinə birbaşa gedişlərinin təmin edilməsi məqsədilə 505 nömrəli müntəzəm marşrutun müvəqqəti olaraq başlanğıc dayanacaq məntəqəsi Koroğlu küçəsi (Sumqayıt şəhəri, dairənin yaxınlığı) müəyyən edilir.