Beynəlxalq təşkilatlar jurnalistlərin azadlığa buraxılmasını istəyirlər

AbzasMedia. Foto: Meydan TV

“”AbzasMedia”nın əməkdaşları dərhal azad edilməlidirlər”

“Amnesty International” və “Sərhədsiz Reportyorlar” daxil olmaqla, bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatları “AbzasMedia”nın jurnalistlərinin işi üzrə məhkəmə ərəfəsində jurnalistlərin azad edilməsinə çağırıb.

2023-cü ilin noyabr – 2024-cü ilin yanvar aylarında “AbzasMedia”nın rəhbərləri və əməkdaşları – Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova və Elnarə Qasımova, həmçinin araşdırmaçı- jurnalist, “Turan” agentliyinin əməkdaşı Hafiz Babalı həbs ediliblər.

May ayında “Azadlıq” radiosunun əməkdaşı, iqtisadçısı Fərid Mehralızadə eyni iş üzrə həbs olunub.

Əvvəlcə onları Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham ediblər.

Avqustun 16-19-da isə ittihamlar sərtləşdirilib: Cinayət Məcəlləsinin 192.3.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq); 193-1.3.1 və 193-1.3.2 (mütəşəkkil qrup tərəfindən cinayət gəlirlərinin leqallaşdırılması); 206.4 (mütəşəkkil qrup tərəfindən qaçaqmalçılıq); 320.1 və 320.2 (sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə) və 213.2.1-ci (qrup tərəfindən vergidən yayınma) maddələr.

Bu ittihamlar 12 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Jurnalistlər bütün ittihamları rədd edərək bildirirlər ki, hakimiyyətin ən yüksək eşelonlarında korrupsiya faktlarını araşdırdıqlarına görə təqib olunurlar.

Hüquq müdafiəçiləri onları siyasi məhbuslar kimi tanıyıblar.

Bir çox beynəlxalq jurnalist və hüquq-müdafiə təşkilatı dəfələrlə onların azad edilməsinə çağırıblar.

Ana səhifəSiyasətBeynəlxalq təşkilatlar jurnalistlərin azadlığa buraxılmasını istəyirlər