“Azadlıq” radiosunun prezidenti hakimiyyəti Fərid Mehralızadəni azad etməyə çağırdı

Fərid Mehralızadə. Foto: Meydan TV

“Fərid Azərbaycan iqtisadiyyatı haqqında acı həqiqətləri yazdığına görə cəzalandırılır”

“Azadlıq” radiosunun prezidenti Stiven Kapus radionun jurnalisti Fərid Mehralızadəni azad etməyə çağırıb.

Kapus bu bəyanatı dekabrın 17-də “AbzasMedia işi” üzrə başlanan məhkəmə öncəsi verib.

“Dekabrın 17-də “Azadlıq” radiosunun jurnalisti Fərid Mehralızadə əsassız və absurd ittihamlarla məhkəmə qarşısına çıxarılacaq.

Fərid Azərbaycan iqtisadiyyatı haqqında acı həqiqətləri yazdığına görə cəzalandırılır. Azərbaycan bu saxta məhkəməyə son qoymalı, Fəridi ailəsinin yanına buraxmalıdır”, – bəyanatda deyilir.

Fərid Mehralızadə 2024-cü il iyunun 1-də həbs edilib.

Ona əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

Daha sonra ittihamlar ağırlaşdırılıb.

Əlavə ittihamlar külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, habelə, mütəşəkkil dəstə ilə qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırılması və saxta sənədlərdən istifadə ilə bağlıdır.

2024-cü il sentyabrın 6-da Fərid Mehralizadə barəsində həbs qətimkan tədbirinin müddəti dekabrın 19-na qədər uzadılıb.

O, ittihamları qəbul etmir, qurama sayır.

Azərbaycan hakimiyyəti ölkədə heç kimin sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs olunmadığını bildirir.

Ancaq ötən ilin noyabrından başlayaraq ölkədə qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Onların çoxu əvvəlcə “AbzasMedia işi” ilə əlaqəli olub.

Həmin işdə öncə saytın direktoru Ülvi Həsənli, əməkdaşı Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.

Daha sonra bu işə aid həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova və başqaları ilə davam edib.

Saxlananlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatları Azərbaycan həbsxanalarında azı 300 siyasi məhbusun olduğunu bildirirlər.

Daha öncə “Azadlıq” radiosunun prezidenti Stiven Kapus da Fərid Mehralızadəni azadlığa buraxmağa çağırıb.

“Biz onun saxta ittihamlarla həbsdə qalmasından dərin narahatıq. Onun evinə, həyat yoldaşı və yeni doğulmuş qızının yanına qayıtması üçün dərhal azadlığa buraxılmasına çağırırıq”, –Stiven Kapus jurnalistin həbsinin beş ayı tamam olanda – oktyabrın 30-da bildirib.

Ana səhifəSiyasət“Azadlıq” radiosunun prezidenti hakimiyyəti Fərid Mehralızadəni azad etməyə çağırdı