“Jurnalistlər dərhal azadlığa buraxılmalıdır”
“Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatı Meydan TV əməkdaşlarına repressiyalarla bağlı açıqlama yayıb.
Qurum Azərbaycan hakimiyyətinin Meydan TV əməkdaşlarına təzyiqlərini və jurnalistlərin həbsini pisləyib.
Təşkilat Meydan TV-nin 6 əməkdaşının və həmçinin digər media təmsilçilərinin dərhal azadlığa buraxılmasına çağırış edib.
“COP29-un keçirilməsindən iki həftə sonra Azərbaycanda yeni həbs dalğası çərçivəsində ən az 6 jurnalist saxlanılıb. Biz sonuncu həbsləri pisləyirik və Azərbaycan hakimiyyətini jurnalistləri və KİV əməkdaşlarını dərhal azad etməyə çağırırıq”, – deyə hüquq müdafiə təşkilatı bildirib.
“Meydan TV işi”
Meydan TV-nin 6 əməkdaşı – Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Ramin Cəbrayılzadə (Deko) və Natiq Cavadlı, həmçinin vətəndaş cəmiyyətinin nümayəndəsi və Meydan TV ilə heç bir əlaqəsi olmayan Ülvi Tahirov dekabrın 6-da saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu maddə ilə onların hər birinin barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.
Həbs olunan jurnalistlər özlərini təqsirli bilmirlər.
Meydan TV əməkdaşları tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan ediblər.
Son 13 ay ərzində Azərbaycanda 25-ə yaxın jurnalist həbs olunub.