Vəkilə Aynur Elgünəşlə görüşə imkan verilməyib

Aynur Elgünəş

Elçin Sadıqov bunu müdafiə hüququnun kobud şəkildə pozulması sayır

Meydan TV-nin əməkdaşı Aynur Qənbərovanın (Elgünəş) vəkili Elçin Sadıqov deyir ki, hüquqlarını müdafiə etdiyi şəxslə görüşmək istəsə də, buna imkan verilməyib.

Vəkilin sözlərinə görə, bu, dekabrın 13-də Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında baş verib.

Dekabrın 13-də səhər saatlarında Bakı Apelyasiya Məhkəməsində Aynur Elgünəş haqqında həbs qərarından verilmiş şikayətə baxılıb.

Bundan sonra günorta vəkil istintaq təcridxanasına gedərək müvəkkili ilə görüşüb, müəyyən məsələləri müzakirə etmək istəyib.

Elçin Sadıqov
Elçin Sadıqov, Foto: Elçin Sadıqovun şəxsi arxivindən

“Günorta saat 2-dən 5-ə 20 dəqiqə qalmışa qədər Bakı İstintaq Təcridxanasında gözlədim ki, Aynur Elgünəşlə görüşüm. Lakin görüşə bilmədim. İstintaq təcridxanasına daxil olanda soruşdum ki, Aynuru məhkəmədən gətiriblər, yoxsa yox. Məlum oldu ki, gətiriblər, təcridxanadadır. Belə olan halda, onun vəkili ilə görüşməsinə imkan verilməməsi müdafiə hüququnun kobud şəkildə pozulmasıdır”, – Elçin Sadıqov bildirib.

Meydan TV-nin 6 əməkdaşı – Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Ramin Cəbrayılzadə (Deko) və Natiq Cavadlı, həmçinin vətəndaş cəmiyyətinin nümayəndəsi və Meydan TV ilə heç bir əlaqəsi olmayan Ülvi Tahirov dekabrın 6-da saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddə ilə onların hər birinin barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.

Həbs olunan jurnalistlər özlərini təqsirli bilmirlər.

Meydan TV əməkdaşları tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan ediblər.

Son 13 ay ərzində Azərbaycanda 25-ə yaxın jurnalist həbs olunub.

Ana səhifəMeydan TV işiVəkilə Aynur Elgünəşlə görüşə imkan verilməyib