Qafar Dəmirçi dövlətə 8 milyona yaxın zərər vurmaqda günahlandırılır
“Demirchi Tower”, “Caspian Business Center”, “Caspian Plaza” və başqa biznes mərkəzlərinin daxil olduğu “AQA Şirkətlər Qrupu”nun icraçı direktoru Qafar Dəmirçi həbs olunub.
O, rəhbərlik etdiyi “Monte Ferro” şirkəti və işçiləri vasitəsilə Şəki rayonunun Göynük kəndi ərazisində meşə zolağını məhv edərək təbiətə 8 milyon manata yaxın ziyan vurmaqda ittiham olunur.
1986-cı il təvəllüdlü Qafar Dəmirçiyə qarşı Cinayət Məcəlləsinin 259-cu (qanunsuz ağac kəsmə) maddəsilə ittiham irəli sürülüb. Onu Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tutub.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə haqqında həbs qərarı çıxarılıb.
Qafar Dəmirçi ilə yanaşı, “Monte Ferro” şirkətinin bir neçə əməkdaşının da cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir.
Çoxsaylı biznes mərkəzlərinin – plazaların daxil olduğu “AQA Şirkətlər Qrupu”nun rəhbəri isə Qafar Dəmirçinin atası Aydın Dəmirçidir.