Saxlanılanların vəkilləri çıxış ediblər
Müstəqil jurnalist, reportyor Ramin Deko və “Meydan Tv”nin əməkdaşları Aynur Qənbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı “qaçaqmalçılıq”da şübhəli bilinərək dekabrın 6-da saxlanılıblar.
Bu haqda onların vəkilləri məlumat veriblər.
Bildirilir ki, jurnalistlərə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.
Jurnalist Xəyalə Ağayevanın vəkili Nazim Musayev bildirib ki, jurnalist iddiaları rədd edib.
Xəyalə Ağayeva deyib ki, o, jurnalist fəaliyyətinə görə həbs olunub.
Günortadan etibarən, müstəqil jurnalist Ramin Deko saxlanılıb.
Bundan sonra jurnalistlər – Aynur Elgünəş, Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Tapdıq və Aysel Umudovadan da xəbər almaq mümkün olmayıb.
Daha sonra hökumətyönlü mediada onların da saxlanılması barədə xəbərlər tirajlanıb.
Jurnalist Aysel Umudovanın vəkili də bildirib ki, o, şübhəli şəxs qismində saxlanılıb.
Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb ki, Ramin Cəbrayılzadə (Deko) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb.
Digər jurnalistlərin də bu iş üzrə araşdırmaya cəlb olunduğu açıqlanıb.
Saxlanılan jurnalistlərin əksəriyyətinin evində axtarış aparılıb, avadanlıqları və şəxsi əşyaları götürülüb.
Məlumata görə “Meydan TV işi” ilə əlaqəsi olmayan başqa şəxslər də saxlanılıb və saxlanılanların ən azı 13 nəfər olması ehtimal olunur.
Meydan TV rəhbərliyi bəyanat yayaraq qeyd edib ki, polis tərəfindən səslənən ittihamlar əsassızdır və jurnalistlərin saxlanması qanunsuz, eyni zamanda müstəqil mediaya qarşı repressiyadır.
Ötən ilin noyabrından etibarən Azərbaycanda onlarla jurnalist “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları ittihamları uydurma hesab edir və jurnalistlərin dərhal azadlığa buraxılmasına çağırır.