Qubad İbadoğlu ilə eyni cinayət işi üzrə həbs edilən Fazil Qasımovla prokuror arasında mübahisə olub
1 il 4 ay əvvəl Türkiyədə saxlanılaraq Bakıya gətirilən və həbs edilən azərbaycanlı alim, İstanbul Universitetinin doktorantı Fazil Qasımovun dekabrın 5-də məhkəmədə vəziyyəti pisləşib.
Fazil Qasımovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyilə baxılır. O, 5 ay yarımdır həbsdə aclıq aksiyası keçirdiyinə görə səhhətində ciddi problemlər yaranıb.
Dekabrın 5-də məhkəmə iclasında Fazil Qasımovla prokuror Fuad Musayev arasında mübahisə yaranıb. Səbəb isə Fazil Qasımovun məhkəməyə vəsatətlər təqdim etmək istəməsi, prokurorun isə ittiham aktını elan etmək cəhdi olub. Mübahisə zamanı təqsirləndirilən alimin vəziyyəti pisləşib. Bu səbəbdən məhkəmə prosesi dayandırılaraq dekabrın 12-nə qədər təxirə salınıb.
1990-cı il təvəllüdlü Fazil Qasımov Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) keçmiş sədri, iqtisadçı Qubad İbadoğlu ilə eyni cinayət işi üzrə təqsirləndirilərək həbs olunub.
Öncə 2024-cü il iyulun 23-də Qubad İbadoğlu saxlanılıb, avqustun 8-də isə Fazil Qasımov İstanbulda saxlanılaraq gətirilib.
Onların hər ikisinə Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb. İddia olunub ki, Qubad İbadoğlu tutulduğu gün onun ofisindən 40 min dollar pul tapılıb, bunun da bir hissəsi saxta olub. İttihama görə, saxta pulları da o, Türkiyədən gətirib.
Təqsirləndirilən iqtisadçı bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur və ora polislərin özləri yerləşdirib, sonra da götürüblər.
Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra binadan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.
Fazil Qasımov da siyasi sifarişlə şərlənərək həbs olunduğunu deyir.
Yaxınları Fazil Qasımovun 165 gündür qidadan imtina etdiyini, bu səbəbdən səhhətində ciddi problemlər yarandığını bildirir. O, məhkəmə zalına da müxtəlif şəxslərin köməyilə gətirilir, sərbəst hərəkət edə bilmir.
Qubad İbadoğlu aprelin 22-də həbsdən buraxılıb. Ev dustaqlığına buraxılandan təxminən 20 gün sonra – mayın 14-də sədri olduğu Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.