Azərbaycanla inkişaf etmiş ölkələr arasında fərq fantastik dərəcədə böyükdür
Sağlam və təhsilli nəsil daha uzaq dövrdə cəmiyyət həyatında, iqtisadiyyatda yaşlıların təbii əvəzləyiciləridir. Amma yaşadığımız günlərdə təhsil almamış, mədəni səviyyəsi aşağı, kriminallaşmış yeniyetmə və gənclərin çoxluğu cəmiyyət üçün əsl kabusa çevrilə bilir.
Bu baxımdan uşaqların sosial müdafiəsinə və təhsilinə hökumətilərin xərclədiyi resurslar ölkələrin təkcə gələcəyinə deyil, hazırkı dövrdə rifahına və təhlükəsiz yaşayışına qoyulan sərmayə deməkdir.
Normal və inkişaf etmiş ölkələrdə səlahiyyətli dövlət strukturları uşaqların sosial müdafiəsi, təhsili ilə bağlı əhatəli hesabatlar hazırlayaraq cəmiyyətə təqdim edir. Bu hesabatlar sayəsində insanlar səs verib seçdikləri hökumətlərin onların övladları üçün xərclərdiyi vəsaitlərin həcmini, bu resursların istifadəsindən əldə olunan səmərəni asanlıqla izləyə bilirlər. Hətta bəzi ölkələrdə “uşaq büdcə”sinin hazırlanması 0-18 yaş intervalında əhalinin dövlət büdcəsi vasitəsilə milli gəlirdən aldığı payı cəmiyyət üçün əlçatan və vacib ictimai informasiyaya çevirir.
Azərbaycan hökumətinin bu cür şəffaf hesabatlılıqdan çox uzaq olması son dərəcə ciddi problemdir və təqdim olunan analizdə bu barədə ətraflı bəhs olunacaq. Amma uşaqların inkişafına dövlət qayğısının yüksək səviyyədə təmin edildiyi örnək təcrübələrə baxdıqda, Azərbaycanda real mənzərəni daha aydın təsəvvür etmək olur.
Avropa Birliyi statistika qurumunun hesabatına görə, 2022-ci ildə Birliyin bütün ölkələri üzrə ailə və uşaqların sosial müdafiəsi üçün mərkəzi büdcədən ayrılan vəsaitlərin ÜDM-də payı 2% ətrafında olub. “Uşaq xərcləri”nin hökumət büdcəsinin cəmi sosial müdafiə xərclərinə nisbəti 10% təşkil edib. Avrostatın açıqlamasına görə, ailə və uşaqların sosial müdafiəsi xərclərinə aztəminatlı ailələrə mənzil və sağlamlığın qorunması üçün dəstək xərcləri daxil deyil və həmin xərclər 3 elementdən ibarətdir: uşağa verilən pul şəkli nağd ödənişlər, uşaqlara natural formada dəstək, vergi sistemi vasitəsilə dəstək.
Burada nağd ödənişlərə aylıq və birdəfəlik (məsələn, doğuma görə) sosial müavinətlər, natural formada dəstəyə məktəblərdə pulsuz yemək və dərs vəsaitləri, nəqliyyatdan pulsuz istifadə və s. daxildir. Vergi vasitəsilə dəstək isə, məsələn, uşaq qidalarına və geyimlərinə, özəl bağçalara və s. tətbiq oluna vergi güzəştlərinin tətbiqini nəzərdə tutur.
Azərbaycanda “uşaq büdcəsi” nə qədərdir?
Uzun illərdir Azərbaycanda hökumət və onun tənqidçiləri arasında bütün uşaqlar üçün aylıq müavinətlərin (“uşaq pulu”) verilməsi ilə bağlı mübahisələr davam edir. Hökumət ucdantutma hər uşağa həmin müavinətin verilməsini qəbul etmir və bildirir ki, hazırda ehtyacı olan uşaqlar büdcə vasitəsilə aylıq və birdəfəlik müavinətlər ala bilir. “Uşaq pulu” məsələsi, hökumətin mövqeyinin nə dərəcədə haqlı-haqsız olması oxuduğunuz araşdırmanın mövzusu kimi seçilməyib və ayrıca araşdırma tələb edir. Bu yazının cavab axtardığı əsas suallar budur: reallıqda nə qədər uşaq hökumətin sosial müdafiəsi ilə əhatə olunub, büdcə həmin məqsədə nə qədər vəsait xərcləyir, uşaqların məktəbəqədər təhsil infrastrukturu vasitəsilə inkişafına ayrılan resursların həcmi, məktəbəqədər təhsilin xüsusilə 3 yaşadək uşaqların hansı hissəsini əhatə edir?
Bu sualların bir qisminə açıq informasiya mənbələrindən əldə edilən məlumatlar əsasında cavab tapmaq mümkündür. Məsələn, məktəbəqədər təhsilə çəkilən xərclər və 3 yaşadək uşaqların bu müəssisələrə cəlbi, müavinət alan uşaqların sayı barədə rəsmi internet resurslarında informasiyalar açıqlanır. Lakin uşaqların sosial müdafiəsinə çəkilən xərclərlə bağlı hər hansı detallı məlumat rəsmi hesabatlarda mövcud deyil. Belə məlumatları yalnız qeyri-rəsmi kanallarla hökumət strukturlarından əldə etmək mümkündür. Məhz belə vasitələrlə əldə edilmiş məlumatlar əsasında aparılan hesablamalar göstərir ki, 2023-cü ildə icmal büdcə (Dövlət Sosial Müdafiə Fondu və dövlət büdcəsi) vasitəsilə uşaqların sosial müdafiəsi üçün 453,5 milyon manat xərclənib. Bu vəsaitlərin xərclənmə istiqamətləri və onların əhatə dairəsi aşağıdakı kimi olub:
- Dövlət Sosial Müdafiə Fondu vasitəsilə hamiləliyə və doğuma görə aylıq müavinətlərə 54,2 milyon manat ayrılıb;
- Dövlət Sosial Müdafiə Fondu vasitəsilə uşağın anadan olmasına görə birdəfəlik müavinətlərə 31,5 milyon manat ayrılıb. Uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği 500 manat təşkil edib və 66 min nəfərə yaxın uşağa ödənilib. Bu müavinət o halda Dövlət Sosial Müdafiə Fondu vasitəsilə ödənir ki, validenlərdən ən azı biri rəsmi əmək müqaviləsi əsasında çalışır və sosial sığorta ödəyicisidir. Valideynlərindən heç biri işləmədiyi halda uşaqların doğulmasına görə müavinət dövlət büdcəsi vasitəsilə ödənilir.
- Uşaqlara 3 yaşadək qulluğa görə aylıq müavinətlərə 7,8 milyon manat sərf olunub. Bu müavinəti 24 min nəfər alıb və ödənişin məbləği ananın götürdüyü məzuniyyətin müddətindən asılı olaraq fərqlidir. Belə ki, 1 yaş yarımadək ayda 44 manat, 3 yaşadək olan sonrakı il yarımda isə 28 manat müavinət ödənilir;
- Ünvanlı dövlət sosial yardım vasitəsilə uşaqlara ödənən vəsaitlərin məbləği 225 milyon manat təşkil edib. Rəsmi statistikaya əsasən, 2023-cü ildə 272 min nəfər ünvanlı yardım alıb ki, onlardan 53,3%-i və ya 145 min nəfəri uşaqlar olub. Büdcədən həmin məqsəd üçün 423 milyon manat ayrıldığı nəzərə alındıqda, deməli, həmin vəsaitin də elə 50%-dən çoxu uşaqlara çatıb.
- Dövlət büdcəsi vasitəsilə uşağın doğulmasına görə birdəfəlik müavinətlərə 21,7 milyon manat ayrılıb. Ödənişin məbləği 500 manat təşkil edib və 50,3 min nəfər uşağı əhatə edib.
- 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinətin ödənilməsinə 6,4 milyon manat ayrılıb. Müavinətin aylıq məbləği 100 manat təşkil edib və onu alanların sayı 3,7 min nəfər olub;
- Müharibə və 20 Yanvar hadisələri zamanı əlil olanların uşaqlarının müavinətlərinə 1,5 milyon manat (müavinətin aylıq məbləği 15 manat), şəhid olanların uşaqlarına müavinətlərə 0,4 milyon manat (müavinətin aylıq məbləği 21 manat), müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinətə 0,3 milyon manat (müavinətin aylıq məbləği 120 manat) ayrılıb. Bu kateqoriyalar üzrə ümumilikdə 7,4 min uşaq müavinət alıb;
- 5-dən çox uşağı olan qadınlara müavinətin ödənilməsi üçün 14,5 milyon manat ayrılıb. 11 543 nəfər uşağa təyin olunan bu müavinətin aylıq məbləği 105 manat təşkil edib.
- Ailə başçısını itirməyə görə müavinətlərin ödənilməsinə 83 milyon manat ayrılıb. Bu müavinəti o halda verilir ki, əmək qabiliyyəti yaşda şəxs vəfat etmiş şəxsin pensiya hüququ olmur və ailə üzvlərindən kimsə vəfat etmiş şəxsin 8 yaşınadək uşağına baxdığı üçün işləyə bilmir. Eyni zamanda, vəfat etmiş şəxsin 18 yaşına çatanadək (əyani təhsil aldıqda 23 yaşınadək) uşaqları müavinəti almaq hüququna malikdir. 2023-cü ilə ümumi müavinət fondu 83 milyon manat, aylıq məbləğ 120 manat olub. 57,2 min nəfər bu ödənişi alıb.
Yuxarıda qeyd olunanlardan savayı, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə), övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə, himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınmasına görə müavinətlər də mövcuddur. Bu müavinətlərin ödənilməsinə 2023-cü ildə dövlət büdcəsindən ümumilikdə 2 milyon manatdan artıq vəsait ayrılıb. Həmin müavinəti alanların sayı isə 500 nəfərə yaxın olub. Məsələn, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına görə müavinət 180 nəfərə ödənilib və aylıq məbləği 120 manatdır. Yaxud, 3-18 yaş arası övladlığa götürülən 25 uşaq üçün ayda 200 manat təşkil edir. Övladlığa götürülən, lakin əlilliyi olan 18 yaşınadək uşağa görə müavinətin aylıq məbləği 600 manatdır. Himayədar ailəyə verilmiş uşağın tərbiyə edilməsinə görə müavinətin məbləği uşağın yaşından asılı olaraq fərqlidir. Məsələn, 0-6 yaş arası uşağa görə 355 manat, 7-13 yaş arası uşağa görə 375 manat, 14-18 yaş arası uşağa görə 395 manat ödənilir. Uşaqlarda əllilik olduğu halda, müavinətin məbləği təxminən 10% yüksək olur.
Bunlardan əlavə, 2023-cü ildə ixtisaslaşmış evlərdə uşaqların saxlanmasına dövlət büdcəsindən 5,2 milyon manat vəsait ayrılıb.
Beləliklə, təqdim olunan məlumatlar göstərir ki, 2023-cü ildə Azərbaycan hökuməti icmal büdcə vasitəsilə bilavasitə uşaqların sosial müdafiəsinə 453,5 milyon manat xərcləyib. Bu, icmal büdcənin bütün sosial müdafiə xərclərinin 5%-nə, ÜDM-nin (123 milyard manat) 0,36%-nə bərabədir. Qeyd edək ki, 2023-cü ildə icmal büdcənin məcmu sosial müdafiə xərcləri 9,1 milyard manat, ÜDM-nin məbləği isə 123 milyard manat təşkil edib. Nəticə odur ki, Azərbaycanda milli gəlirin hər 100 manatından ən yaxşı halda 0,36 manatı uşaqların sosial müdafiəsinə sərf edilir. Halbuki həmin göstərici Avropa Birliyi üzrə 2% təşkil edir. Birliyə üzv olan bəzi ölkələrdə isə hətta daha yüksəkdir. Məsələn, uşaqların sosial müdafiəsi ilə bağlı büdcə xərclərinin ÜDM-də payı Finlandiyada 3%, Danimarkada 3,8% təşkil edir. Müqayisə etdikdə analoji göstəricinin səviyyəsi Azərbaycanda orta Avropa göstəricisindən təxminən 6 dəfə, Finlandiya və Danimarkanın göstəricisindən 10 dəfəyə yaxın aşağıdır.
Təkcə milli gəlirdən “uşaq büdcəsi”nin aldığı paya görə yox, hər uşağa düşən sosial müdafiə xərclərinin məbləğinə görə də Azərbaycanla inkişaf etmiş ölkələr arasında fərq fantastik dərəcədə böyükdür. Məsələn, hazırda Avropa Briliyi üzrə 18 yaşadək hər uşaq hesabı ilə sosial müdafiə xərclərinin illik məbləği 4500 avro, aylıq 375 avro təşkil edir. Azərbaycanda 18 yaşadək uşaqların sayının təxminən 2,8 milyon nəfərə yaxın olduğunu nəzərə alsaq, bir uşaq üçün sosial müdafiə xərclərinin illik məbləği 165 manat (90 avro), aylıq məbləği 14 manatdır (7,6 avro). Göründüyü kimi, mütləq ifadədə xərclərin məbləği arasında fərq dəfələrlə deyil, 100 dəfələrlə ölçülür.
Azərbaycanla bağlı yuxarıda təqdim edilən bir fakta da diqqət yetirmək vacibdir: sosial müdafiə xərclərindən pay çatan uşaqların sayı 420 min nəfərə yaxın olub və bu, 18 yaşadək bütün uşaqların 15%-nə bərabədir. Yəni, Azərbaycanda 6 uşaqdan yalnız biri sosial müdafiə proqramları ilə əhatə olunub.
Avropa Birliyi ölkələrindən digər mühüm bir fərq uşaqların sosial müdafiə xərclərinin struktur etibarı ilə rəngarəng olmasıdır. Məsələn, Birlik ölkələri üzrə 350 milyard dolları ötən uşaqların sosial müdafiə xərclərinin 59%-i pul ödənişləri, 39%-i natural formada dəstək paketi, 2%-i isə birdəfəlik yardımlardır. Bəzi ölkələrdə (məsələn, Danimarka və Finlandiya) hətta natural yardımlar bütün xərclərin 60%-ni təşkil edir. Çexiya və Estoniya kimi ölkələrdə bütün uşaqlar üçün sosial müdafiə xərclərinin 90%-i pul ödənişlərindən ibarətdir. Azərbaycanda isə demək olar ki, bütün xərclərin hamısı ailə və uşaqlara pul şəklində verilir.
Azərbaycanda uşaqların məktəbəqədər təhsillə əhatəsi və 1 uşaq hesabı ilə ayrılan xərc
Rəsmi statistikaya görə, hazırda Azərbaycanda cəmi 110 min uşaq məktəbəqədər təhsil müəssisələrinə – körpələr üçün (1-3 yaş) uşaq bağçalarına və uşaq bağçalarına (yuxarı yaş) cəlb olunub. Həmin uşaqların 85,5 min nəfəri şəhər, 24,5 min nəfəri isə kənd yaşayış məntəqələrinə aiddir. Məktəbəqədər təhsil müəssisələrinə cəlb olunanların 85,4 min nəfəri 1-3 yaşlı, 25,6 min nəfər isə 4-5 yaşlı uşaqlardan ibarətdir.
Azərbaycan qanunvericiliyinə görə, məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə etməlidir. Lakin hökumət bağça infrastrukturu yarada bilmədiyi üçün son 3 ildə 5 yaşını tamamlamış uşaqları orta təhsil müəssisələrində yaradılmış məktəbəqədər hazırlıq kurslarına cəlb etməyə başlayıb.
Ümumilikdə Azərbaycanda uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi çox aşağıdır. Rəsmi statistikaya görə, 2023-cü ildə Azərbaycanda 1-3 yaşlı 358 min nəfər olub ki, bundan cəmi 23,8%-i və ya 85,4 min nəfəri məktəbəqədər təhsil müəssisələrində olub. Həmin dövrdə ölkə üzrə 4-5 yaşlı uşaqların ümumi sayı 327 min nəfər olub ki, onlardan cəmi 8%-i, yaxud 25,6 min nəfəri məktəqədər təhsillə əhatə olunub.
Kənd yerlərində vəziyyət daha açınacaqlıdır. 2023-cü ildə bütün ölkə üzrə 635 min 1-5 yaşlı uşağın 329 min nəfəri kəndlərdə yaşayıb. Onlardan isə cəmi 24,5 min nəfəri və ya 7,4%-i (hər 100 uşaqdan yalnız 7 nəfərin) bağçalara getmək imkanında olub.
Büdcə dəstəyinə gəldikdə, 2023-cü ildə hökumətin məktəbəqədər və ibtidai təhsilin maliyyləşdirilməsi vasitəsilə “uşaq büdcəsinə” töhfəsi 363 milyon manat olub. Bu, ümumi təhsil büdcəsinin 8,8%-nə bərabərdir. Bu xərclərin ÜDM-ə nisbəti 0,3% təşkil edir.
Azərbaycanda məkətəbəqədər təhsil infrastrukturu vasitəsilə uşaqlarım fiziki və psixi inkişafı imkanlarının nə dərəcədə məhdud olduğunu görmək üçün yenə də qabaqcıl ölkələrlə müqayisədə açıqca görmək olur. Avropa Birliyi üzrə 0-3 yaşlı uşaqların 60%-i (Azərbaycanda 18%-i ), 4-6 yaşlı uşaqların 93%-i (Azərbaycanda 6%-i) məktəqədər təhsil müəssisələrinə cəlb olunub. İsveç, Latviya və Danimarka kimi ölkələrdə 0-3 yaş intervalında uşaqların hətta 70-75%-i məktəbəqədər təhsillə əhatə olunub.
Əgər Azərbaycanda 1-5 yaşlı uşaqların hamısı məktəbəqədər təhsilə cəlb olunsaydı, çəkilən hazırkı vəsaitlər çərçivəsində (353 milyon manat) 1 uşağa düşən büdcə vəsaitlərinin illik məbləği 554 manat (300 avro) təşkil etmiş olardı. Faktiki cəlb edilimiş uşaqların sayı ilə götürüldükdə, 2023-cü ildə 1 uşağa düşən məktəbəqədər təhsil büdcəsinin illik məbləği 3200 manat (1700 avro) olub.
Avropa Birliyi üzrə 2022-ci ildə məktəbəqədər təhsilin maliyyələşdirilməsinə dövlət xərclərindən ÜDM-nin 1%-nə yaxın və ya 160 milyard dollar ətrafında vəsait xərclənib. Təxminən 15,3 milyon uşağın məktəbəqədər təhsil müəssisələrinə cəlb olunduğu nəzərə alınsa, hər uşaq üçün illik büdcə 11 000 avroya yaxındır. Bu, Azərbaycanın analoji göstəricisindən 6,5 dəfə çoxdur. Amma burada ən ciddi fərq odur ki, Avropa ölkələrində 0-6 yaşda hər 1000 uşaqdan ən azı 95 nəfərin dövlətin ayırdığı 11 000 avroluq büdcəni almaq imkanı var. Azərbaycanda isə eyni yaş qrupunda olan hər 100 uşaqdan ən yaxşı halda 15-20 nəfərinə 1700 avroluq “bağça büdcəsi”ndən yararlanmaq nəsib olur.
“Şans lotereyası” paylansa, bəxtsizlik bu qədər olarmış: avropalı uşaqların 95% şanslı olduğu yerdə, onların Azərbaycandakı həmyaşıdlarının şansı 15%-dən çox deyil.