Qubad İbadoğlu Saxarov mükafatının təqdimat mərasiminə dəvət olunub

Qubad İbadoğlu. Foto: Meydan TV

O, hazırda ölkədən çıxışına qadağa qoyulduğu üçün dəvəti qəbul edə bilmədiyini deyir

Avropa Parlamentinin prezidenti Roberta Metsolanın iqtisadçı, siyasi məhbus Qubad İbadoğlunu Andrey Saxarov adına “Düşüncə azadlığı” mükafatının təqdimat mərasiminə dəvət etdiyi bildirilir.

Dəvət məktubu COP29 iqlim konfransı zamanı Avropa Parlamenti üzvü Maykl Bloss tərəfindən Qubad İbadoğluna təqdim olunub.

Məktubda həmçinin qeyd olunub ki, Avropa Parlamenti Qubad İbadoğlunun səfəri və tibbi müayinəsinin xərclərini qarşılayacaq.

Metsola məktubunu, İbadoğlunun azadlığa çıxması və şəxsi görüş üçün ümidlərlə yekunlaşdırıb və Avropanın təzyiqlərə məruz qalanları dəstəkləmək öhdəliyini vurğulayıb.

Qubad İbadoğlu hazırda Azərbaycandan çıxmasına qadağa qoyulduğu üçün dəvəti qəbul edə bilmir.

Qubad İbadoğlu 2023-cü il iyulun 23-də həbs edilib.

O, Cinayət Məcəlləsinin (CM) 204.1-ci (Satış məqsədi ilə saxta pul və ya xarici valyuta hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub.

Daha sonra ona qarşı CM-nin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Qubad İbadoğlu ittihamları saxta adlandırıb.

2024-cü il aprelin 22-də onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Qubad İbadoğlu dövlət qeydiyyatına alınmayan Azərbaycan Demokratiya və Rifah Partiyasına (ADR) rəhbərlik edib.

Ev dustaqlığına buraxılandan sonra səhhəti ilə bağlı siyasi fəaliyyətinə fasilə verdiyini açıqlayıb.

Oktyabrın 17-də Avropa Parlamentinin Xarici Əlaqələr və İnkişaf komitələrinin üzvləri gizli səsvermə yolu ilə 2024-cü il “Saxarov” mükafatının üç finalçısını seçmişdilər.

Onlardan biri azərbaycanlı, antikorrupsiya fəalı, professor Qubad İbadoğlu idi.

Avropa Parlamenti Andrey Saxarov adına “Düşüncə azadlığı” mükafatını bu il Venesuela prezidentliyinə keçmiş namizəd Edmundo Qonzales Urrutia və müxalif siyasətçi Mariya Korina Maçadoya verib.

Parlamentin prezidenti Roberta Metsola oktyabrın 24-də Fransanın Strasburq şəhərində laureatları elan edib.

Mükafatın təqdimat mərasimi 2024-cü il dekabrın 18-də Avropa Parlamentinin Strasburqda keçiriləcək plenar sessiyası zamanı olacaq.

Andrey Saxarov adına “Düşüncə azadlığı” mükafatı 1988-ci ildə təsis edilib.

Hər il insan hüquq və azadlıqlarını müdafiə edən şəxslərə və təşkilatlara verilir.

Mükafatın həcmi 50 min dollardır.

Ana səhifəSiyasətQubad İbadoğlu Saxarov mükafatının təqdimat mərasiminə dəvət olunub