Deputat film istehsalına görə ƏDV-nin ləğvini təklif edib

Source: Meydan.tv

İqtisadçı və kinorejissor təklifin müsbət nəticələr verəcəyini düşünür

Noyabrın 20-də Milli Məclisdə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib ki, film istehsalına təşviq etmək üçün kino yaradıcılığı əlavə dəyər vergisindən (ƏDV) tam azad olmalıdır.

“Film istehsalını təşviq etmək üçün istehsalın əlavə dəyər vergisindən tam azad olmasına getməliyik. Bütövlükdə film istehsalının artması Azərbaycanda iqtisadiyyata müsbət təsir göstərə bilər”, – deputat bildirib.

Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, Azərbaycanda kino sənətinin inkişafına dövlət dəstəyinin bir forması kimi vergi güzəştləri təklif edilir.

Layihəyə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən film nümayişi sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizinin həmin şəxslərə geri qaytarılması, film istehsalı və dublyajını həyata keçirən kinematoqrafiya müəssisəsinin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdikləri mənfəətinin 90 faizinin 5 il müddətinə mənfəət vergisindən azad olunması, film istehsalı və dublyajı fəaliyyətini həyata keçirən fiziki şəxslərin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərin 90 faizinin 5 il müddətinə gəlir vergisindən azad olunması, film istehsalı və dublyajını həyata keçirən kinomatoqrafiya müəssisələri və film prodüserlerinin bu fəaliyyət sahələrinin həyata keçirildiyi obyektlərinin yerləşdiyi torpaqlara görə 5 il müddətinə torpaq vergisindən azad edilməsi, filmin istehsalı, yayımı və dublyajı fəaliyyətinə aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması və yaxud istifadə hüquqlarının verilməsinə görə, royalti gəlirlərinin 5 il müddətinə 14% dərəcə ilə ödəmə tətbiq edilən vergidən azad edilməsi təklif edilir.

Vergi Məcəlləsinə dəyişikliklər qəbul ediləcəyi halda bu müddəalar 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

İqtisadçı Toğrul Vəliyev Meydan TV-yə deyir ki, kino sənayesinin stimullaşdırılması üçün bu kimi üsullardan istifadə yaxşıdır:

Toğrul Maşallı
Foto: Toğrul Vəliyevin şəxsi arxivindən

“Təklif yaxşıdır, amma bura gəlməyə səbəb olmalıdır. İstehsal rahat olmalıdır. Gürcüstanda filmlər kifayət qədər çox çəkilir. Çünki onlar bəzi vergilərdən azad ediliblər. Büdcədən ödənişlər də edirlər. Həm də vəsaitin müəyyən hissəsini istehsalçıya qaytarırlar. Ona görə də məşhur blokbasterlərin bəzi məqamları orada çəkilir. Məsələ ondan ibarətdir ki, Azərbaycan müvafiq xəritədə varmı? Kinostudiyalar çəkiliş etmək üçün adətən, ən ucuz və rahat ölkəni seçirlər. Həmçinin məkan, avadanlığın keyfiyyəti və mövcudluğu da vacib məsələlərdəndir”.

Kino istehsalının ƏDV-dən azad olmasının iqtisadiyyata təsirinə gəlincə, iqtidsadçı hesab edir ki, bu tipli güzəştlər, əslində, ölkə iqtisadiyyatına böyük xeyir vermir:

“İnsanlara müəyyən dəstək ola bilər. İş yerləri açıla, müəyyən sahələr inkişaf edə bilər”.

Tahir Tahiroviç. Foto: AKİ

Kinorejissor Tahir Tahiroviç (Əliyev) Meydan TV-yə deyir ki, dövlət büdcəsindən ayrılan pullarla məsələ həll olunmur. Kino istehsalı heç olmasa müəyyən müddətə vergidən azad olmalıdır:

“Əgər kino şirkətləri 5 illik müddət əlavə dəyər vergisindən azad olsalar, artıq burada stimullaşdırma baş verəcək. 5 il müddətinə vergidən azad olma tətbiq edilsə, Azərbaycanda kino şirkətlərinin sayı artacaq. Həmçinin rəqabət də artacaq. Rəqabətdən də çox gözəl filmlər ortaya çıxacaq”.

Ana səhifəMədəniyyətDeputat film istehsalına görə ƏDV-nin ləğvini təklif edib