İmran Əliyev: “Tələbim saxta cinayət ittihamının ləğv olunmasıdır”

Foto: İmran Əliyevin şəxsi arxivindən

“Kürdəxanıda gördüyüm, eşitdiyim hadisələr mənə hüququn aliliyinin necə cılızlaşdığı təsəvvürü yaradır”

“meclis.info” platformasının həbsdə olan rəhbəri İmran Əliyevin artıq 3-cü gündür aclıq aksiyası keçirdiyi bildirilir. O, noyabrın 18-də bu barədə məlunat verib.

İmran Əliyev baş verənlərlə bağlı ictimaiyyətə ünvanladığı məktubunda yazıb:

“Artıq 7 aydır ki, mən qanunsuz olaraq həbsdəyəm. 7 ay keçməsinə baxmayaraq qoyulan saxta ittihama hakimlər heç bir sübut göstərmədən, ehtimallar üzərindən məhkəmədə qərar verir. Bu isə Azərbaycanda məhkəmə sisteminin necə işlədiyini və alınan qərarların necə yüzlərlə, minlərlə vətəndaşın həyatına təsir etdiyini göstərir. Təəssüflər olsun ki, COP29 kimi ekoloji fəlakətlərin qarşısını almaq məqsədi daşıyan tədbirə ev sahibliyi edən Azərbaycanda hələ də fundamental insan haqlarına, söz azadlığına riayət olunmur. Axı ancaq rifah və hüquqları qorunan vətəndaş güvənliklə ekologiyanın, təbiətin qayğısına qalmağa malikdir. Əfsuslar olsun ki, bizim bu yandan da bəxtimiz gətirməyib. Həbs müddətimdə Kürdəxanıda gördüyüm, eşitdiyim hadisələr mənə hüququn aliliyinin necə cılızlaşdığı təsəvvürü yaradır. Məhkumlara maddələri restoran menyusundakı qiymətlər kimi sadalanması, onların bunu adi bir hal kimi qarşılamaqları, hakimlərin hüququ piştaxta arxasındakı mal kimi satması fəlakətin həyəcan siqnalı və qırmızı həddə gəlib çatması anlamına gəlir. Qısaca “meclis.info”nun əsas fəaliyyəti haqqında bildirmək istərdim. “meclis.info“ parlamentin monitorinq platforması 2020-ci ildə təşəbbüs kimi ictimai maraqlar əsasında fəaliyyətə başlamışdı. Əsas məqsədi vətəndaşlarla millət vəkilləri arasında körpü yaratmaq və ictimai nəzarət mexanizmi yaratmaqdır. Lakin 2022-2023-cü illərdə basqı və təzyiqlər səbəbindən əsas fəaliyyətimizi donduraraq onlayn maarifçilik və bilgiləndirməyə keçmişdi. İctimai nəzarət mexanizminin olmasını dəfələrlə öz çıxışlarında Prezident vurğulasa da, bizim fəaliyyətimizi təhlükəli hesab edib məni həbs etdilər. Noyabrın 19-u mənim sanksiya müddətim başa çatır. Həbs zamanı və həbs müddətində bir çox fiziki və psixoloji təzyiqlərə məruz qaldım. Bu müddət ərzində atamda xərçəng xəstəliyinin aşkarlandığını öyrəndim. Bu mənə əsas zərbələrdən biri oldu. Ümumi baş verənlərə və mənim azadlığımın təmin olunmamasına etiraz olaraq aclıq etmək qərarı verirəm! Tələbim saxta cinayət ittihamının ləğv olunması və mənim azadlığımın təmin olunmasıdır”.

İmran Əliyev aprelin 18-də Türkiyəyə gedərkən Bakıda hava limanında saxlanılaraq, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. Həmin gün gecə saatlarında onun yaşadığı evdə axtarış aparılıb. Aprelin 19-da məhkəmədə onun haqqında həbs qərarı çıxarılanda İmran Əliyev bildirib ki, polislər tərəfindən işgəncəyə məruz qalıb, bədəninə elektrik cərəyanı verilib. Məhkəməyə gətiriləndə onun üzərində xəsarət izləri aşkar görünüb.

Öncə o, “AbzasMedia” ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

Daha sonra onun işi “AbzasMedia” ilə bağlı cinayət işindən ayrılıb. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 206.3.1 (qaçaqmalçılıq – təkrar törədildikdə) maddəsilə yeni ittiham irəli sürülüb.

İmran Əliyev beynəlxalq donor təşkilatlardan qrant kimi alınan vəsaitləri qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə ittiham olunur. Onun özü isə bu ittihamı rədd edir, Milli Məclisin və deputatların fəaliyyətini araşdırdığına və bu istiqamətdə fəaliyyət göstərən sayta rəhbərlik etdiyinə görə cəzalandırıldığını deyir.

Ana səhifəSiyasətİmran Əliyev: “Tələbim saxta cinayət ittihamının ləğv olunmasıdır”