“Kameraların nəfəsliyi qismən açılıb”
“AbzasMedia” nəşrinin həbsdə olan baş redaktoru Sevinc Vaqifqızının (Abbasova) üzərindəki xəsarət izlərilə əlaqədar araşdırma aparmaq məqsədilə vəkili Aqil Layıc noyabrın 18-də Bakı İstintaq Təcridxanasında jurnalistlə görüşüb. Bu barədə Meydan TV-yə məlumat verən vəkil bildirib ki, Sevinc Vaqifqızı ilə konfidensial qaydada görüşüb. Jurnalist üzərindəki xəsarət izlərinin yaranma səbəbini ətraflı izah edib:
“Biləyindəki göyərmənin səbəbini izah etdi. Dedi ki, korpusdakı bütün kameraların qapılarındakı nəfəslikləri bağlayıblar. Deyiblər ki, rejim qaydası olaraq, belədir. Sevincgilin otağında da epilepsiya xəstəsi var. O da havasızlıqda çox əziyyət çəkir. Qapıdakı hava boşluğuna əlini salıb ki, bağlamayın, bu adamın nəfəsi çatmır. Həmin o epilepsiya xəstəsinə görə. Bu zaman nəfəsliyi bağlayanda əli arada qalıb, ondan göyərib”.
Vəkilin sözlərinə görə, Sevinc Vaqifqızı deyib ki, hazırda qapılardakı nəfəsliklər nismən açılıb. Lakin qapılara nəzarətçilər qoyulub.
Müdafiəçi əlavə edib ki, bundan başqa müvəkkilinin xüsusi şikayəti olmayıb.
“AbzasMedia” nəşri ilə bağlı cinayət işi üzrə həbsdə olan daha iki nəfər jurnalistin – Nərgiz Absalamova və Elnarə Qasımovanın da son vaxtlar təcridxanada şiddətə məruz qalması haqda məlumatlar yayılıb. Yaxınlarının bildirdiyinə görə, jurnalistlər yeni cinayət işi ilə hədələnir, nəzarətçi və təcridxanada saxlanılan dustaqlardan onların əleyhinə izahatlar alınır.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən isə bildirilib ki, “AbzasMedia” nəşri ilə bağlı cinayət işi üzrə həbsdə olan xanım jurnalistlərə qarşı təzyiqlərin olması, onların şiddətə məruz qalması haqda son günlər yayılan məlumatlar həqiqətə uyğun deyil.
Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova, Fərid Mehralızadə ilə davam edib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb. Bir neçə ay sonra ittiham ağırlaşdırılıb. Jurnalistlərə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması, vergidən yayınma və s. ilə bağlı əlavə ittihamlar verilib. Jurnalistlərə ittiham verilən maddələrin sanksiyasında 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
2023-cü il noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.
Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.
Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.