Mütəxəssis deyir ki, torpaqların analizi mütləq aparılmalı, fermer isə subsidiya ilə təhdid edilməməlidir.
Pambıqçılıqla məşğul olan fermerlər son iki-üç ildir xərclərin artması müqabilində gəlirlərinin azalmasından şikayətçidirlər.
Saatlıdan olan bir neçə fermer Meydan TV-yə deyib ki, yanacaq bahalaşdırılandan sonra pambığın alış qiymətinin də heç olmasa 10-15 qəpik artırılacağına ümid ediblər. Lakin gözləntiləri doğrulmayb. Üstəlik, builki mövsümdə məhsuldarlıq da aşağı olub.
Fermer Cəmil Ağayev bildirib ki, onlardan torpaq analizləri tələb olunur. Hər beş hektar üçün 25 manatdan ödənilməlidir.
“Deyilənlərə görə, torpaqlarını analiz etdirməyənlərə subsidiya ödənilməyəcək. Torpaqların analiz məsələsi əvvəl də olub, amma daha çox tövsiyə kimi irəli sürülüb, bir çox fermer də etdirir. Subsidiyalar fermerlərə yardımdır. Yeni tələblər etməkdənsə, fermerə yanacaqla bağlı yardım etsinlər, alış qiymətlərinə yenidən baxılsın”, – fermer deyib.
Başqa bir fermer də eyni narahatlığını bölüşüb:
“Deyirlər, torpaqların analizi olmasa, subsidiya verilməyəcək. Ən böyük problemimiz yanacaqla bağlıdır”.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov da bu günlərdə pambıq əkini ilə bağlı danışıb.
Nazir deyib ki, Azərbaycanda pambıq əkilən sahələr hər il artır. Amma su ehtiyatları məhduddur.
Nazir qeyd edib ki, havaların yağıntılı keçməsi taxıl üçün yaxşı olsa da, pambıq üçün zərərlidir.
2023-cü ildə Azərbaycanda 276,1 min ton pambıq yığılıb. Bu isə əvvəlki ilə nisbətən 14 faiz azdır. Ekspertlər builki nəticələrin də aşağı olacağı qənaətindədirlər.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli Meydan TV-yə bildirib ki, torpaqların analizi mütləq aparılmalıdır, amma bunun qarşılığında fermer subsidiya ilə təhdid edilməməlidir.
“Bu tələb fermerlərə inzibati yolla təzyiq vasitəsidir. Azərbaycanda indiyədək torpaqların aqrokimyavi analizlərinin düzgün aparılması halı ilə rastlaşmamışam. Halbuki torpaqların analiz edilməsi vacib məsələdir”, – Məhərrəmli deyib.
Ekspert hesab edir ki, torpaqların analizi ilə bağlı qanunvericiliyə əlavələr edilməli, məsələyə daha ciddi yanaşılmalıdır:
“Torpaq kəndliyə pay edilib, amma bu, o demək deyil ki, kəndli torpaqdan barbar kimi istifadə etməlidir. Torpaqda hansı elementlərin olduğunu, hansı elementlərin çatışmadığını, yaxud normadan çox olduğunu analizlərlər vasitəsi ilə öyrənmək lazımdır. Bu halda məhsuldarlığı artırmaq, daha keyfiyyətli məhsul istehsal etmək mümkündür. Yəni bu olmadan kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil”.
Məhərrəmli bildirib ki, fermerlər ona problemləri ilə bağlı müraciət edirlər. Hər dəfə də məlum olur ki, çoxu torpağını analiz etdirməkdə maraqlı deyil.
“Bəlkə də fermerlərin 80-85 faiz torpağını analiz etdirmir. Yaxud heç sahəyə getmir, yaxın məsafədən nümunə götürür. Halbuki bunu xüsusi avtomobillərlə, xüsusi avadanlıqlar vasitəsilə etmək lazımdır. Analizlər edilməzsə, torpaqlar get-gedə sıradan çıxacaq”,-Məhərrəmli bildirib.
O qeyd edib ki, kənd təsərrüfatı sahəsində qanunvericilik bərbad vəziyyətdədir. Milli Məclisin aqrar siyasət komitəsində mütəxəssis yoxdur, komitənin sədri ədəbiyyat müəllimidir:
“Fermerlər düzgün məlumat əldə etməlidirlər, məsələn, bəzən torpağa verdikləri gübrə əks effekt verə bilir. Torpağın analiz etdirilməməsi, vəziyyətdən xəbərdar olmamaları fermerin özünə də ziyan edir”.