Mədəniyyət Nazirliyi iranlı rejissorun filminə yayım vəsiqəsi verməyib
Rusiya Mədəniyyət Nazirliyi iranlı rejissor Ali Abbasinin Donald Tramp haqqında çəkdiyi “The Apprentice” bioqrafik bədii filminə yayım vəsiqəsi verməkdən imtina edib.
Nazirlik konkret səbəb göstərməyib.
Sənəddə deyilir ki, “federal qanunlarla müəyyən edilmiş digər hallarda” filmə nümayiş sertifikatı verilə bilməz.
Film oktyabrda Sankt-Peterburqda “İnsana mesaj” (“Послание к человеку”) festivalının açılışında və daha sonra bir dəfə də nümayiş etdirilib.
Ümumrusiya premyerası əvvəlcə oktyabrın 31-nə planlaşdırılıb, sonra noyabrın 14-nə təxirə salınıb.
ABŞ-də film oktyabrda, Trampın qalib gəldiyi prezident seçkilərindən bir müddət əvvəl nümayiş olunub.
Dünya premyerası isə mayda Kann Film Festivalında baş tutub.
Rejissoru Əli Abbasi olan film Sebastyan Stenin canlandırdığı gənc Donald Trampın öz mentoru Roy Konla (Jeremy Strong) münasibətindən bəhs edir.
Donald Tramp filmi “saxta”, filmin ssenari müəllifi, jurnalist Qabriel Şermanı isə “rəzil və bacarıqsız cızma-qaraçı” adlandırıb.
“Variety” nəşri yazır ki, film Trampı podratçıları aldadan və daşınmaz əmlakın inkişafı biznesi üçün mafiya ilə sövdələşmələr edən bir adam kimi təsvir edib.
Filmdə Trampın birinci arvadı İvananı zorlaması, qadının arıqlamaq üçün narkotiklərdən istifadə etməsi və liposaksiya etdirməsi səhnələri də var.
Trampın filmin yaradıcılarına nümayişi dayandırmağı tələb etdiyi bildirilir.
Donald Tramp 2024-cü il noyabrın 5-də ikinci dəfə Amerikanın Prezidenti seçilib.
O, rəqibi Demokratlar Partiyasının namizədi, hazırkı vitse-prezident Kamala Harrisə səs çoxluğu ilə qalib gəlib.