Əliyev Avropa Şurasının Baş katibi ilə görüşündə gözləntilərini açıqlayıb

Foto: president.az

“COP29-da yeni maliyyə hədəfinin müəyyən olunacağına ümidvaram”

Noyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb.

“president.az”ın yaydığı məlumata görə, İlham Əliyev Alen Berseyə deyib ki, adətən, sədr ölkələrin COP-un təşkil edilməsi üçün iki ilə qədər vaxtları olur:

“Azərbaycanın isə cəmi 11 ayı vardı və təşkilatçılıq işləri bu müddət ərzində həyata keçirilib”.

Ölkə başçısı mahiyyəti üzrə COP29-da danışıqlar prosesində artıq irəliləyişlərin olduğunu da bildirib:

Belə ki, 10 ildən artıq müzakirə olunan Paris Sazişinin altıncı bəndi üzrə ilkin nəticələr əldə olunub və bu istiqamətdə danışıqlar davam etdiriləcək. Həmçinin yeni maliyyə hədəfinin müəyyən olunması ilə əlaqədar beynəlxalq maliyyə strukturları tərəfindən verilən açıqlamalar da müsbət mesajlar kimi qiymətləndirilir. COP29-da yeni maliyyə hədəfinin müəyyən olunacağına ümidvaram, xüsusən inkişaf etməkdə olan dövlətlərin bu məsələdə böyük gözləntiləri var”.

Alen Berse isə deyib ki, Avropa Şurası ətraf mühitlə bağlı cinayətlərə və iqlim dəyişmələri ilə əlaqədar məsələlərə böyük əhəmiyyət verir və bunlar təşkilatın gündəliyində yer alıb.

Noyabrın 13-də COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan ada dövlətlərinin sammitində Əliyev bir sıra beynəlxalq təşkilatların ünvanına ittihamlar səsləndirib.

O deyib ki, Fransanın kolonial siyasəti ada ölkələrinə böyük zərər vurub, əsrlər boyu Paris onların  təbii sərvətlərini talan etdiyi kimi, əhalisinə də zülm edib və zülm etməyə davam edir. Amma buna görə nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurası tərəfindən ittiham olunub:

“Bu, siyasi riyakarlığın göstəricisidir. Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası siyasi korrupsiyanın rəmzidir”.

Azərbaycanın Avropa ilə əlaqələri nə vaxtdan başlayır?

Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayıb.

Həmin il yanvarın 24-də Azərbaycan parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib.

1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul olunub.

1996-cı il iyulun 13-də isə Azərbaycanın Prezidenti Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib.

1998-ci il yanvarın 20-də Prezident Heydər Əliyev “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il oktyabrın 21-də “Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncamlar verib.

2000-ci il iyunun 26–28-də AŞPA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib.

Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib.

Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib.

Azərbaycanın AŞPA-da səsvermə hüququ nə vaxt məhdudlaşdırılıb?

Yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bəyanat verərək AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını elan edib.

Təşəbbüsün müəllifi əsasən də Almaniyanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Frank Şvabe olub.

O, Azərbaycanı diktatura, İlham Əliyevi isə insan hüquqlarını məhdudlaşdıran “diktator” adlandırıb.

Ana səhifəSiyasətƏliyev Avropa Şurasının Baş katibi ilə görüşündə gözləntilərini açıqlayıb