Karbon qoxuyan Bakı havası təmizlənəcəkmi?

Foto: Meydan TV

Mirvari Qəhrəmanlı: “Neft şirkətinin indiyədək normal ekoloji siyasətini müşahidə etməmişəm”

Azərbaycan hökuməti 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasını 35 faiz, 2050-ci ilə qədər 40 faiz azaltmağı nəzərdə tutub.

COP29-a ev sahibliyi edən rəsmi Bakı iqlim dəyişmələri ilə mübarizəyə qarşı əsas hədəflərində belə qeyd edib və bu haqda məlumat “cop29.az” saytında da yer alıb. Neft-qaz hasil edən və enerji istehsalı ilə məşğul olan Azərbaycan üçün bu hədəfə çatmaq mümkündürmü?

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə atmosferə atılan qaz emissiyalarının həcmi 59 milyon ton karbon ekvivalentində təşkil edib. Bu da əvvəlki illə müqayisədə 1,7 faiz çoxdur.

Atmosferə atılan istixana qazlarının 92 faizi isə energetika sektorunun payına düşür. Buradan görünür ki, neft-qaz və enerji sektorunun yaratdığı ekoloji çirklənmə nəqliyyat vasitələrindən atılan qaz tullantıları ilə müqayisədə daha təhlükəli vəziyyət yaradıb.

Dövlət Statistika Komitəsi
Foto: Meydan TV

COP28-də 50-dən çox beynəlxalq neft şirkətləri tərəfindən imzalanan “Neft və Qazın Dekarbonizasiya Xartiyası”na (OGDC) Azərbaycandan SOCAR da qoşularaq, emissiyaların azaldılması ilə bağlı öhdəlik götürüb. Öhdəliklərdə şirkət strukturlarında 2030-cu ilə qədər məşəl qazının yandırılması prosesinin olmayacağına, 2030-cu ilə qədər mədənçilikdə karbon dioksid emissiyalarının 30 faiz azaldacağına dair hədəflər müəyyənləşib. Habelə, sənəddə metan tullantılarının sıfra yaxınlaşması və 2050-ci ilə qədər “xalis sıfır” emissiyalara nail olunması istiqamətində vədlər əks edilib.

Bəs SOCAR öhdəliyini yerinə yetirməyə nail ola biləcəkmi?

Neft şirkətinin “Davamlı İnkişaf 2023” hesabatına görə, SOCAR-ın strukturuna daxil olan müəssisələr üzrə atmosferə atılan istixana qazlarının həcmi 8,36 milyon ton karbon ekvivalenti təşkil edib. Ölkə üzrə ümumi qaz emissiyasında SOCAR-ın payı kifayət qədər yüksəkdir. Eyni zamanda, neft şirkətinin 2022-ci illə müqayisədə havaya atılan tullantılarının həcminin artdığını görmək olur. Belə ki, sözügedən ildə neft şirkətinin atmosferə atdığı qaz emissiyasının həcmi 7,8 milyon ton karbon ekvivalenti təşkil edib.

Hesabatdan məlum olur ki, atmosferi ən çox “Azneft” İB və Heydər Əliyev adına Neft Emalı Zavodu, “Azərikimya” İB, Qaz Emalı, Karbamid və Metanol Zavodları, “Azəriqaz” İB zəhərləyir.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə açıqlamasında bildirib ki, indiyədək SOCAR ekoloji öhdəliklər götürsə də, bu istiqamətdə əhəmiyyətli irəliləyiş əldə etməyib:

“SOCAR 2023-cü ildə “Neft və Qazın Dekarbonizasiya Xartiyası”na qoşulubsa, bu istiqamətdə görülən işlər haqda ictimaiyyətə açıqlamalar verilməlidir. Fakt odur ki, bu gün ölkədəki insanlar qaz emissiyasının azaldığını hiss etmir.  2050-ci ilə qədər qaz emissiyasının sıfra endiriləcəyinə inanmıram. Təbii olaraq, o vaxta qədər neft hasilatının özü kəskin azalacaq”.

Mirvari Qəhrəmanlı. Foto: Gülzar Məmmədli

Ekspertin fikrincə, SOCAR-ın əməliyyatlarda xalis sıfırla bağlı öhdəliyi yerinə yetirmək imkanı yoxdur:

Neft şirkətində peşəkar kadrlar azalıb. Əvvəllər optimallaşma deyirdilərsə, indi adını transformasiya qoyub islahat aparırlar. Amma neft şirkətinin indiyədək normal ekoloji siyasətini müşahidə etməmişəm. Sübut olaraq, mən öz sosial media hesablarımda mütəmadi olaraq ekoloji fəsadlarla bağlı yerləşdirdiyim video materialları göstərə bilərəm”.

Neft şirkətlərinə yazılan cərimələr və azalan ekoloji xərclər

M.Qəhrəmanlı hasilat sənayesində ekoloji çirklənmələrə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən məsuliyyət tədbirlərinin zəif olduğunu düşünür. Onun sözlərinə görə, bu istiqamətdə cərimələrə, monitorinqlərə və ekoloji öhdəliklərə baxmayaraq, neft şirkətləri tullantıların azaldılması istiqamətində əhəmiyyətli heç bir addım atmayıb. Hətta çirklənməyə səbəb olan qurum olaraq SOCAR və ona tabe olan müəssisələr cərimələri də dövlət büdcəsi hesabına ödəyir.

NHMT-nin illik hesabatlarında qeyd edilir ki, Azərbaycanın neft-qaz hasilatı sənayesində fəaliyyət göstərən müəssisələrin ətraf mühitə vurduğu ziyana görə 2023-cü il ərzində Dövlət ekoloji Təhlükəsizlik Xidmət tərəfindən “Suraxanı” ƏŞ, “Azgerneft”, “Balaxanı” ƏŞ, “Salyanoyl” ƏŞ, Heydər Əliyev adına Neft Emalı Zavodu və SOCAR “Azneft” İB-nin vəzifəli şəxsləri barəsində ümumilikdə 16 min 500 manat cərimə sanksiyası tədbiq edilib.

SOCAR-ın baş binası
SOCAR. Mənbə: “aze.media”

2022-ci ildə isə tullantıların ətraf mühitə atılması ilə əlaqədar SOCAR-ın neft-qaz hasilatı strukturlarına və əməliyyat şirkətlərinə ümumilikdə 622 min 642 manat məbləğində ödəmə tətbiq edilib.

Yeri gəlmişkən, SOCAR 2023-cü ildə ekoloji fəaliyyətə və tədbirlərə çəkdiyi xərcləri əvvəlki illə müqayisədə 2,2 dəfə azaldıb. 2022-ci ildə ətraf mühitin mühafizəsinə ayrılan xərclər 34 milyon manat olubsa, 2023-cü ildə bu xərc 15 milyon manata qədər azalıb.

Bakı havasında tez-tez yaranan qoxu

Bu yaxınlarda havada yayılan qoxu sosial mediada ciddi müzakirəyə səbəb olmuşdu və Heydər Əliyev adına Neft Emalı Zavodundan havaya atılan tüstünün görüntülərinə sərt təpkilər gəlmişdi.  Əslində, belə qoxu Bakı havasında tez-tez hiss olunur. Neft şirkətindən rəsmi olaraq verilən açıqlamada zavodun reqlamentinə əsasən, zərurət qarşısında qəzanın baş verməməsi üçün qazların məşəl lüləsinə buraxılıb yandırılığı qeyd edilirdi.

Heydər Əliyev adına Neft Emalı Zavodu. Mənbə: “socardownstream.az”

Mütəxəssislər də bildirir ki, neftin emalı prosesində müxtəlif qazlar əmələ gəlir. Bu qazlar qaztutucu aparata daxil olur və orada təmizlənərək müəyyən faizi yanmaq üçün sobaya qaytarılır. Qazın geri qaytarılmayan miqdarı fakeldə yandırılaraq havaya atılır. Qaztutucu aparat işləməyəndə ayrılan qazları təmizləyə bilmir və fakel də söndürüləndə havada zərərli qaz əmələ gəlir, beləliklə, kəskin qoxu yaranır. Bu da ətraf mühitün zəhərlənməsi deməkdir.

Həm SOCAR, həm də müstəqil mütəxəssislər yeganə çıxış yolunu Neft Emalı Zavodunda tez zamanda modernizasiya prosesinin bitməsində görürlər.

Sözügedən Neft Emalı Zavodunda isə 2017-ci ildən istixana qazı emissiyalarını azaltmaq üçün yenidənqurma işlərinə başlanılıb. Uzun illərdir gedən yenidənqurma işlərinə baxmayaraq, emal zavodunun birbaşa emissiya atılmalarının həcmi 2022-ci illə müqayisədə ötən il 26 faizə qədər çoxalıb. Zavodda “AVRO 5” standartlarına uyğunlaşdırılan yanacağın istehsalı nəzərdə tutulsa da, hələ ki, modernizasiya işləri qeyri-müəyyən vaxta qədər uzanır. Neft Emalı Zavodunun modernizasiya və yenidənqurma layihəsinin dəyəri isə, təxminən, 2,2 milyard dollar göstərilir.

Ana səhifəAraşdırmaKarbon qoxuyan Bakı havası təmizlənəcəkmi?