“Qara cümə”, sonu “99”la bitən qiymətlər: real endirim, yoxsa satıcı tələsi?

Foto: Meydan TV

Noyabr ayının endirim kampaniyaları başladı

Alış-veriş həvəskarlarının həyəcanla gözlədiyi noyabr ayının endirim kampaniyalarına artıq start verilib.

Bu gün səhər saatlarından 11.11 endirimləri başlayıb. Ümümdünya şopinq günündə iri mazağalar, eləcə də onlayn alış-veriş saytları geyim, məişət texnikası, elektron əşya və digər məhsullara 70-80% endirimlər təklif edir. Endirimlər hətta restoran, gözəllik salonları, təyyarə biletləri və otellərə də şamil edilir. Aksiya adətən 24 saat davam edir, lakin platformadan platformaya dəyişir.

11.11 nədir?

Bu günün tarixçəsinə nəzər salsaq, hər il noyabrın 11-də baş tutan 11.11 kampaniyası 1993-cü ildə Çində “Subaylar Günü” kimi yaradılıb. Nankin Universitetinin 4 tələbəsi tənhalıqlarını qeyd etmək qərarına gələrək, özlərinə hədiyyələr alıblar. “Subaylar Günü” üçün məhz 11.11 tarixinin seçilməsinə təkliyi təmsil edən dörd ədəd “1” rəqəmi səbəb olub. Zamanla “Subaylar Günü”ndə özünə hədiyyələr alan insanların sayı artmağa başlayıb. Bunu görən satıcılar daha çox alıcı cəlb etmək üçün müxtəlif endirim aksiyaları təşkil ediblər.

Screenshot: Meydan TV

Nəhayət, 2009-cu ildə Çinin ən iri ticarət platforması olan “Alibaba Group” şirkəti 11 noyabrı genişmiqyaslı endirim günü kimi təqdim edib. Şirkətin rəhbəri Cek Ma “Tmall” platformasında ilk böyük satışı həyata keçirib. Kampaniya böyük maraqla qarşılanıb və 11.11 bütün dünyada qlobal endirim günlərindən birinə çevrilib.

Elə bu gün də dünyanın, həmçinin Türkiyənin məşhur onlayn alış-veriş platformaları məhsullarını böyük endirimlə satışa çıxarıblar.

“Black Friday”: satan qazanır, yoxsa alan?

Alıcıların həvəslə gözlədiyi növbəti böyük endirimlər isə “Black Friday”, yəni “Qara cümə” və ya “Möhtəşəm cümə”də həyata keçirilir. Bu kampaniya hər il noyabrın sonuncu “cümə” günündə baş tutur. Həmin gün də əksər ticarət mərkəzləri və onlayn alış-veriş saytları geyimdən elektronikaya qədər milyonlarla məhsulu hətta 90%-dək endirimlə satışa çıxarır.

“Black Friday”(“Qara cümə”). Foto: Pixel-Shot/shutterstock

“Qara cümə” ilk dəfə 1960-ci ildə ABŞ-da Şükranlıq günündən sonra gələn ilk cümə günü qeyd edilib. İqtisadiyyatın tənəzzülə uğraması ilə edilən böyük endirimlər müsbət hadisə kimi qarşılanaraq, milyonlarla insanın mağazalara axışmasına səbəb olub. Sonralar “Qara cümə” bütün dünyada yayılıb və ilin ən endirimli alış-veriş günü kimi tarixə düşüb. Bu il “Qara cümə” noyabrın 29-na təsadüf edir.

Satış meneceri: “50 faizədək endirimlərimiz var”

Sözügedən endirim günləri son illərdə Azərbaycanda da xüsusi qeyd olunur. Endirimlər əsasən geyim və texnika dükanlarında gözə dəyir. İri geyim mağazalarından birinin satış üzrə meneceri Cavid Mürsəlovun sözlərinə görə, istər 11.11, istərsə də “Qara cümə”də alıcılara 50 faizədək endirimlər təklif olunur:

“Bu günlərdə iş saatımızı da gecə 24:00-dək uzadırıq. Əsas endirimlərimiz məşhur brendlərədir. Daha böyük endirimlərimiz isə Yeni il ərəfəsində olacaq”.

Satıcılar razı, alıcılar isə narazı…

Amma bir çox alıcının fikrincə, bu endirimlər heç də real deyil. Çünki ucuz qiymətə satılanlar əsasən yay paltarları və ayaqqabılarıdır. Qış geyimləri isə hətta endirimlə belə çox bahadır.

Foto: Meydan TV

Məsələyə münasibət bildirən marketoloqların sözlərinə görə, Azərbaycan bazarı balaca olduğundan, əvvəllər böyük markalar kütləvi endirimə getmək istəmirdilər. Əsasən, az satılan məhsullara endirim edirdilər ki, rəflər boşalsın və yeni mallar gətirilsin. Lakin son illərdə bu sahədə vəziyyət müsbətə doğru dəyişib. Çünki indi alıcılar istədikləri markanı xarici ölkələrdən birbaşa daha ucuz qiymətə sifariş edirlər. Bu da mağazaları nisbətən real endirimlər etməyə məcbur edir.

Marketoloq: “Dələduzluğa əl atan mağazalar uğursuzluq yaşayacaq”

Marketoloq Müşviq İskəndərlinin sözlərinə görə, əslində 11.11 və  “Qara cümə”nin fəlsəfəsi həqiqi endirim təklif etməkdir. İlin sonuna yaranmış mal ehtiyatının növbəti ilə keçməməsi və yeni kolleksiyanın üzə çıxarılması üçün köhnə kolleksiya ucuz qiymətə təklif olunur:

Müşviq İskəndərli. Foto: Meydan TV

“Həqiqi endirim təklif etməyən, dələduzluğa əl atan mağazalar onsuz da uğursuzluq yaşayacaqlar. Çünki dünyada loyallıq, müştəriyönümlü kommunikasiya önəmli vasitələrdən biridir. Müştərilər artıq buna çox həssas yanaşırlar. Xüsusən də, məşhur markaların inkişafı, dəyər prinsipləri önəmli olduğundan, müştərilərin rəylərini nəzərə almalıdırlar. Müştərilər həqiqi, dayanıqlı və davamlı markalarla əməkdaşlıq etmək istəyirlər. Qiymət endirimində yalnış kommunikasiya edən, “80 faiz endirim” yazıb, bunu yalnız 4 məhsula aid edən və s. hiylələrə əl atan şirkətlər alıcını mağazaya qədər gətirə bilərlər. Sonrakı mərhələdə artıq bu alıcıların ciddi narazılığına səbəb olur. Nəticədə mağaza öz müştərilərini itirməyə başlayır”.

Qiymətlərdə “99 qəpik” tələsi

Mağazaya müştəriləri cəlb etməyin digər yolu isə 99 qəpik hiyləsidir. Son illərdə istər geyim, istər texnika, istərsə də ərzaq dükanlarında belə qiymətlərə çox rast gəlirik. Məsələn, 9 manat 99 qəpik və yaxud 49 manat 99 qəpik… Yəni, məhsulun qiymətinin sonu 99 qəpiklə bitir.

Foto-kollaj: Meydan TV

Psixoloqlar hesab edirlər ki, belə qiymətlər alıcıların fikrini dəyişdirməyə yönələn sadə marketinq hiyləsidir. Əksər alıcılar da bu hiylənin toruna çox rahat düşürlər. Nəticədə alıcı aldanır, mağaza sahibi isə qazanır. Burada əsas məqsəd 1 qəpiklərdən qazanc əldə etmək deyil, alıcılara psixoloji təsir göstərmək, onların fikrini onluqlardan yayındırmaqdır. Məsələn, 29 manat 99 qəpiyə satılan köynəyi heç kim 30 manat kimi qəbul etmir. Hər kəs 29 rəqəminə fokuslanır.

Alıcını çaşdıran “marketinq siyasəti”

Marketoloq Müşviq İskəndərlinin sözlərinə görə, əslində, “9 və 1 rəqəm daha aşağı siyasəti” Amerika iqtisadiyyatından gəlib. Məqsəd daha az vergi ödəmək olub.

“Əvvəllər verginin tutulma nisbətinə görə, yəni, iri həcmli rəqəmlər daha çox, ondan aşağı rəqəmlər isə daha az vergiyə cəlb olunduğundan maliyyəçilər belə bir yola əl atıblar. Daha az vergi ödəmək üçün qiyməti daha az göstərmək ənənəsi, sonradan marketinq üçün uğurlu bir satış siyasətinə çevrilib”, – M. İskəndərli bildirib.

Foto: Meydan TV

Mütəxəssislər deyir ki, Azərbaycanda bir çox alış-veriş mərkəzlərində əsasən, 30-80% arasında dəyişən endirimlər dəfələrlə yüksək qiymətlərlə satılan mallara tətbiq olunur. Malların üzərində endirimdən əvvəlki və sonrakı qiymətlərin müqayisəli şəkildə göstərilməsi bəzi hallarda istehlakçının çaşdırılması məqsədini güdür.

Bu səbəbdən də alıcılara tövsiyə edirlər ki, fırıldaqçılıqların toruna düşməmək üçün endirimli mal alanda diqqətli olsunlar. Almaq istədikləri məhsulun qiymətini əvvəlcədən özlərində qeyd etsinlər ki, 11.11, “Qara cümə” və digər kampaniyalar zamanı qiyməti müqayisə edib, həmin məhsula həqiqətən də endirim edilib-edilmədiyini müəyyənləşdirə bilsinlər.

Ana səhifəSosial“Qara cümə”, sonu “99”la bitən qiymətlər: real endirim, yoxsa satıcı tələsi?