DİN və TƏBİB hadisəni təsdiqləyib
Bakının Dərnəgül şossesində avtomobilin piyadanı vurduğu bildirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimovun Meydan TV-yə verdiyi məlumata görə, hadisə noyabrın 6-da saat 09:25 radələrində baş verib.
“Nərimanov rayonu Ziya Bünyadov prospektində 32 yaşlı O.İbrahimov idarə etdiyi “Wolkswagen” markalı avtomobillə piyada E.İrzayevanı vurub. Zərərçəkən aldığı bədən xəsarətləri nəticəsində ölüb. Yol nəqliyyat hadisəsi ilə bağlı ərazi polis orqanında cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır”, – DİN əməkdaşı bildirib.
Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Meydan TV-yə bildirilib ki, noyabrın 6-da saat 11 radələrində Nərimanov rayonu ərazisindən piyadavurma hadisəsi ilə bağlı çağırış daxil olub.
“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 55 yaşlı şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb”, – məlumatda deyilir.
“Oxu.az” yazır ki, hadisə şahidlərinin sözlərinə görə, vəfat edən şəxs ərazini süpürən təmizlik işçisi olub.