Toqquşmanın təfərrüatları açıqlanmayıb
Ukrayna hərbçilərinin Rusiyanın Kursk bölgəsinə gələn ilk Şimali Koreya hərbçiləri ilə toqquşduğu bildirilir.
Bu barədə noyabrın 5-də “Financial Times” (FT) Ukrayna kəşfiyyatının yüksək rütbəli zabitinə istinadən məlumat yayıb.
Ondan bir gün əvvəl isə “şimali koreyalılar”la toqquşma barədə ilk məlumatı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko yaymışdı.
Onun sözlərinə görə, Şimali Koreya hərbçiləri Kursk vilayətində atəşə tutulub.
Ukrayna kəşfiyyatının yüksək rütbəli rəsmisi “FT”-yə hərbi müqavimət göstərdiyini təsdiqləsə də, əlavə təfərrüat verməkdən imtina edib.
O, Ukrayna Silahlı Qüvvələri ilə Şimali Koreya qırıcıları arasında baş verən toqquşma ilə bağlı konkret məlumat verməyib.
Bildirib ki, bu, avqust ayında başlayan əməliyyat zamanı Ukrayna qüvvələrinin daxil olduğu Kursk vilayətində baş verib.
Ukrayna Prezidenti Vladimir Zelenski noyabrın 4-də deyib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kursk vilayətində 11 min Şimali Koreya əsgəri var.
Ukrayna, ABŞ və Cənubi Koreyanın məlumatına görə, KXDR müharibədə iştirak etmək üçün Rusiyaya 500 zabit və üç general olmaqla 12 minə yaxın hərbi qulluqçu göndərib.
Noyabrın 24-də Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya hərbçilərinin Ukraynadakı müharibədə iştirak etmək üçün Rusiya ərazisinə gəlməsi ilə bağlı yayılan xəbərləri təsdiqləyib.
V. Putin deyib ki, Rusiya Dövlət Duması bu gün Şimalı Koreya ilə strateji tərəfdaşlıq sazişini ratifikasiya edib:
“Sənədin 4-cü maddəsində deyilir ki, əgər tərəflərdən biri hər hansı dövlət və ya bir neçə dövlət tərəfindən silahlı hücuma məruz qalarsa və beləliklə də, özünü müharibə vəziyyətinə salarsa, digər tərəf Rusiyanın Mülki Məcəlləsinin 51-ci maddəsinə uyğun olaraq sərəncamında olan bütün vasitələrlə dərhal hərbi və digər yardım göstərəcək. Biz Şimali Koreya rəhbərliyinin razılaşmalarımızı ciddi qəbul etdiyinə heç vaxt şübhəylə yanaşmamışıq. Amma nəyi və necə edəcəyimiz bu məsələ çərçivəsində bizim işimizdir”.
Həmçinin, Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Hi noyabrın 1-də Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə ölkəsinin Rusiyanı “qələbə gününə qədər” dəstəkləyəcəyini demişdi.
Müharibənin xronikası
2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.
Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.
2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.
2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.
Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.
Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.
Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.