O, digər namizədi irqçilikdə günahlandırıb və onu tənqid edib
Puerto-Rikolu pop müğənni və aktrisa Cennifer Lopez Amerikada keçiriləcək prezident seçkisində Kamala Harrisi dəstəkləyəcəyini bəyan edib.
O, Kamala Harrisin Las-Veqasda seçki kampaniyası çərçivəsində keçirilən mitinqində çıxış edib.
Lopez namizəd Donald Trampı irqçilikdə günahlandırıb və “Amerikanın indiyə kimi mövcud olan ən qatı düşməni” adlandırıb.
Lopez komediya aktyoru Toni Hinçkliffin bir müddət öncə Trampın mitinqində Puerto-Riko ilə bağlı söylədiyi irqçi ifadələrini tənqid edib.
“Həmin gün nəinki Puerto-Rikodan olan insanlar, hətta bu ölkədəki hər bir latın amerikalı incidi. Mən puerto-rikoluyam. Burada doğulmuşam və biz amerikalıyıq”, – Lopez deyib.
O, həmçinin Amerika qadınlarının seçkilərdə fərq yarada biləcəyini deyib.
Puerto-Rikonın digər məşhurları Bad Bunni, Rikki Martin də Trampı tənqid ediblər.
Daha əvvəl Trampla səhnədə çıxış edən ifaçı Niki Cem dəstəyini geri götürərək “Puerto-Rikoya hörmət edilməlidir” deyib.
Puerto-Riko ABŞ-nin Karib dənizindəki ada ərazisidir. Sakinləri ABŞ prezident seçkilərində səs verə bilməzlər.
Lakin ABŞ-da üzvlərinin səsvermə hüququ olan böyük Puerto-Riko diasporu var.
“Pew Research” mərkəzinin araşdırmasına görə, təxminən 36 milyon ispan seçici bu seçkidə səs vermək hüququna malikdir.
Amerikada Prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Əsas namizədlər Donald Tramp və Kamala Harrisdir.