Mirzoyan iştirakı təsdiqləməsə də, istisna da etməyib
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda keçiriləcək COP29 beynəlxalq konfransına dəvət alsa da, iştirak edib-etməyəcəyi ilə bağlı suala konkret cavab verməyib.
O, oktyabrın 31-də Milli Assambleyadakı çıxışında bildirib ki, Ermənistanın Bakıda COP29 sammitində iştirakı hələlik təsdiqini tapmayıb:
“Biz dəvət alsaq da, hələ heç bir rəsmi cavab və ya münasibət bildirməmişik”.
Amma nazir tədbirdə iştirakını da istisna etməyib.
Azərbaycandakı erməni əsirlərin məsələsinin qaldırılmasının mümkünlüyündən danışan Mirzoyan deyib ki, bu mövzu Yerevanla Bakı arasında daimi müzakirə edilir.
Sərhədin delimitasiyası məsələsinə toxunan diplomat bildirib ki, Yerevan suveren Ermənistan ərazisinin 29 743 kv km təşkil etməsi üçün əlindən gələni edir:
“Bizim 200 kv km-dən çox ərazimiz işğal edilib. Bu, bizim demarkasiya prosesi çərçivəsində həll etmək niyyətində olduğumuz bir məsələdir”.
Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişiklik etməsi tələblərinə gəlincə, Mirzoyan bu iddiaları “əsassız” adlandırıb.
Onun sözlərinə görə, sərhədin Alma-Ata Bəyannaməsi əsasında demarkasiya olunması ilə bağlı Ermənistan Konstitusiya Məhkəməsinin qərarı var:
“Bu qərar Ermənistan Konstitusiyasına tam uyğun bir sənəddir və ciddi dəlildir”.
Mirzoyan həmçinin bildirib ki, Ermənistanla Azərbaycan sülh müqaviləsinin mətnində “bir və ya iki” ifadə üzərində işləyirlər:
“Onlar da yaxın vaxtlarda razılaşdırılacaq və müqavilənin mətni imzalanmağa hazır olacaq”.
Amma bununla belə, nazir danışıqların hazırda hansı konkret məqamlara yönəldiyini açıqlamayıb.
“Üzərində işləməyə davam edəcəyimiz daha bir və ya iki ifadə var. Bu da normal danışıqlar prosesidir. Mən ehtiyatlı nikbinliyimi ifadə edirəm, amma yaxın gələcəkdə həmin bir-iki redaksiyada da razılığa gələ biləcəyik. Bundan sonra müqavilə imzalanmağa tam hazır olacaq”, – Mirzoyan belə deyib.
Oktyabrın 25-də Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovanisyan Ararat Mirzoyanın Bakıdan COP29 konfransında iştirak etmək üçün dəvət aldığını bildirmişdi.
Nazir müavininin sözlərinə görə, hazırda hökumətdə Ermənistanın COP29 konfransında iştirakı məsələsi müzakirə olunur:
“Bu məsələ həm sülhün bərqərar olması, humanitar məsələlərin həlli, həm də tədbirin gündəliyi ilə bağlı bir neçə aspektdə müzakirə olunur. Bilirsiniz ki, bu, iqlim dəyişikliyinə həsr olunmuş ən nüfuzlu beynəlxalq tədbirdir. Sadaladığım bütün halları nəzərə alaraq, biz tezliklə Ermənistanın hansı səviyyədə təmsil olunacağına qərar verəcəyik”.
Noyabrın 11-dən 22-dək Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası keçiriləcək.
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə telefon danışığı zamanı bildirib ki, rəsmi Bakının təşəbbüskarı olduğu sülh sazişi üzrə danışıqlar prosesində ciddi proqres var.
Ceyhun Bayramov ümumilikdə layihənin razılaşdırılması üzrə iş aparıldığını, eyni zamanda, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının prosesdə əsas maneə təşkil etdiyini də deyib.
Bakı ilə Yerevan arasında nə baş verib?
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.