Özgür Özel və İmamoğlu professorun həbsini əsassız sayırlar
İstanbulun Esenyurt Bələdiyyəsinin CHP-li (müxalif Cümhuriyyət Xalq Partiyasının) sədri Ahmet Özerin oktyabrın 30-da səhər 6 radələrində terror istintaqı çərçivəsində evində saxlanıldığı bildirilir.
Türkiyə mətbuatının yazdığına görə, Ahmet Özerin evində və bələdiyyə binasında axtarış aparılıb.
İstanbul Baş Prokurorluğu bələdiyyə sədrinin həbsi ilə bağlı açıqlama yayıb.
“PKK/KCK terror təşkilatının üzvlərinin və fəaliyyətlərinin müəyyən edilməsi istiqamətində aparılan araşdırmalar çərçivəsində Esenyurt Bələdiyyəsinin sədri Ahmet Özer saxlanılıb” , – deyə açıqlamada qeyd olunub.
Bildirilib ki, Ahmet Özer 10 il ərzində dəfələrlə PKK üzvləri ilə əlaqədə olub. Həmçinin 14 dəfə də PKK-nın siyasi qanadının liderlərindən Rəmzi Kartalla əlaqə saxlayıb.
Açıqlamada həmçinin qeyd olunub ki, İstanbul Sülh Cəza Məhkəməsinin Növbətçi Qərargahı ilə İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbə Müdirliyinə Özerin yaşadığı ev, iş yeri və avtomobillərində axtarış aparılması, cinayət dəlillərinin ələ keçirilməsi, saxlanılaraq həbs edilməsi tapşırılıb.
“Oktyabrın 30-da saat 06:00 radələrində şübhəli Ahmet Özer təlimatlara uyğun olaraq tutularaq nəzarətə alınıb və axtarış prosesi davam etdirilir”, – açıqlamada deyilir.
İstanbul Vəkillər Kollegiyasının sədri İbrahim Kaboğlu Ahmet Özerin evinə daxil olmaq üsulunu – qapının sındırılmasını ölkə Konstitusiyasına zidd hərəkət adlandırıb.
O, Ahmet Özeri azad etməyə və bu iddianı ölkənin icra qanunları ilə müəyyən edilmiş çərçivədə yerinə yetirməyə çağırıb.
Vəkil İstanbul Polisini, Baş Prokurorluğunu və digər məhkəmə orqanlarını konstitusion vəzifə və səlahiyyət məsuliyyətlərinə dəvət edib.
CHP lideri Özgür Özel də saxlanma qərarına reaksiya verib və Ahmet Özerin həbsini ədalətsiz adlandırıb.
İstanbul Böyükşəhər Bələdiyyə başçısı Ekrem İmamoğlu isə prosesi diqqətlə izlədiyini deyib.
“Dövlət orqanlarında çalışmış, universitetlərdə dekandan prorektora qədər yüksək vəzifələr tutmuş Ahmet Özer dəyərli alim və yerli idarəçidir. Türkiyə ev basqınlarının həyata keçirildiyi ölkə olmaqdan əl çəkməlidir”, – İmamoğlu bildirib.
Ahmet Özer 2024-cü ildə Esenyurt Bələdiyyə sədri seçilib.