Gürcüstanda Prezident və müxalifət təkrar seçki tələb edir, Rusiya isə Zurabişvilinin həbsini

Gürcüstan. Foto: Reuters

Avropa ölkələri Orbanı Aİ-nin adından danışmamağa çağırıblar

Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərindən sonra Prezident Salome Zurabişvili və müxalif partiyalar seçkinin saxtalaşdırıldığını və nəticələri tanımadıqlarını bəyan ediblər.

Prezident 28 oktyabrda xalqı parlamentin qarşısında toplaşmağa səsləyib.

Oktyabrın 28-də Rustaveli prospektində keçirilən mitinqdə Salome Zurabişvili ilə yanaşı, müxalif partiyaların liderləri də gəlib və xalqa müraciət ediblər.

Müxalifət partiyaları Gürcüstanda beynəlxalq seçki administrasiyası tərəfindən təkrar seçkilərin keçirilməsini tələb edirlər.

Əks halda müxalif partiyalar parlamentə daxil olmayacaqlarını bildiriblər.

Prezident Salome Zurabişvili sona qədər xalqla bərabər olacağına söz verib.

O, çıxışında bildirib ki, Avropa ölkələri prezidentləri ilə və ABŞ-nin dövlət katibi ilə danışıb, onlar da seçkilərin nəticəsini tanımır.

Daha sonra Salome Zurabişvili deyib:

“Siz burada olanlar, siz seçkilərdə uduzmadınız, səsiniz oğurlandı və gələcəyinizi oğurlamağa cəhd etdilər, amma heç kimin buna haqqı yoxdur. Budur, Gürcüstanın müasir dövrdə ilk dəfə azadlıq və müstəqilliyini elan etdiyi bayraq və onun davamı olan hazırkı bayrağımız. Hər iki bayrağın önündə and içə bilərəm ki, sona qədər sizinlə olacağam. Avropanın qapılarına çatana qədər ki, bu bizim əsl arzumuz, reallığımızdır”.

Salome Zurabişvili. Foto: Reuters

Zurabişvili beynəlxalq ictimaiyyəti seçkilərdə mübarizə aparmış və Gürcüstanın Avropa gələcəyi üçün mübarizəni davam etdirəcək gürcü cəmiyyəti və siyasətçilərinin yanında olmağa çağırıb.

Gürcüstanda keçirilən parlament seçkilərindən sonra beynəlxalq reaksiyalar da gəlməyə davam edir.

ABŞ seçki mühitini “qeyri-bərabər oyun” adlandırdı

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Vaşinqton oktyabrın 26-da Gürcüstanda beynəlxalq və yerli seçki müşahidəçilərinin bütün pozuntuların tam araşdırılması ilə bağlı çağırışlarına qoşulur.

Dövlət Departamentinin sözçüsü seçkilərin “hökumət resurslarından sui-istifadə, səslərin satın alınması və seçicilərin hədələnməsi şəraitində” keçirildiyi mühiti də qeyd edib:

Bu, qeyri-bərabər oyun ədalətli seçki nəticələrinin mümkünlüyünə yerli və beynəlxalq inamı sarsıtdı. Biz beynəlxalq və yerli müşahidəçilərin seçkilərlə bağlı bütün pozuntuların tam təhqiqatına dair çağırışlarına qoşulur və hakimiyyəti fundamental ifadə azadlıqlarına və dinc toplaşmaq hüquqlarına hörmət etməyə çağırırıq”.

ABŞ Dövlət Departamenti. Foto: oceanfishing/Shutterstock

Miller həmçinin Gürcüstan hakimiyyətini avtoritar hakimiyyətin təriflədiyi siyasəti gücləndirməkdənsə, Avro-Atlantik ictimaiyyətlə hansı münasibət qurmaq istədikləri barədə düşünməyə çağırıb.

O qeyd edib ki, gürcülərin 80%-dən çoxu öz vətənlərini Aİ və NATO-nun üzvü kimi görmək istəyir:

“Gürcüstan hökuməti qanunun aliliyini qorumaq, seçki prosesindəki boşluqları aradan qaldırmaq, antidemokratik qanunvericiliyi ləğv etməklə və Aİ-yə daxil olmaq üçün islahatlara dair tövsiyələrin həyata keçirilməsi üçün əhəmiyyətli səylər göstərməklə demokratik inkişaf yoluna qayıda bilər”.

“Bu il ərzində biz davamlı olaraq Gürcüstan hökumətini antidemokratik hərəkətlərindən əl çəkməyə və Avro-Atlantik yola qayıtmağa çağırmışıq. Əgər Gürcüstan hökumətinin kursu dəyişməsə, gələcəkdə olacaq nəticələri istisna etmirik”, – Metyu Miller bildirib.

Kanada rəsmi Tbilisi ilə münasibətlərinə yenidən baxacağını deyir

Kanada Xarici İşlər Nazirliyi də Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı oktyabrın 28-də   bəyanat yayıb:

Uzun müddətdir ki, Gürcüstanın dostu, tərəfdaşı və dəstəkçisi kimi Kanada ölkənin Mərkəzi Seçki Komissiyasının elan etdiyi 26 oktyabr 2024-cü il parlament seçkilərinin rəsmi nəticələrini qeydə alır. Lakin Kanada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və digər qərəzsiz müşahidəçilər tərəfindən geniş yayılmış seçici təzyiqi, seçici rüşvətxorluğu və seçki günü digər sui-istifadə hallarından narahatdır. Bu hesabatlara diqqət yetirilməli və araşdırılmalıdır. Kanada qəti şəkildə inanır ki, azad, ədalətli və müstəqil seçkilər demokratik cəmiyyətin təməl daşıdır”.

Kanada Xarici İşlər Nazirliyi. Foto: Reuters

“G7 və Avropa tərəfdaşları ilə koordinasiyada və seçkilərin keçirilməsini və nəticələrini nəzərə alaraq, Kanada Gürcüstan hakimiyyəti ilə münasibətlərini nəzərdən keçirəcək. Gürcüstan hökuməti demokratiyaya, insan haqlarına, qanunun aliliyinə hörmət etsə və demokratiyanın son zamanlar tənəzzülünə diqqət yetirərsə, Kanada Gürcüstanla əməkdaşlığa açıq qalır. Biz bütün tərəfləri sakit olmağa çağırırıq, Gürcüstan hakimiyyətini dinc etiraz kontekstində şəxslərin hüquqlarına və təhlükəsizliyinə hörmət etməyə çağırırıq”, -deyə bəyanatda vurğulanır.

İsveç bütün əlaqələri dayandırdı

İsveç hökuməti isə Gürcüstanla birbaşa rəsmi əməkdaşlığın bütün formalarını dayandırdığını elan edib.

Eyni zamanda, İsveç Gürcüstanın vətəndaş cəmiyyətinə 25 milyon kron (təxminən 2 milyon 170 min avro) ayıracaq.

İsveçin İnkişaf, Əməkdaşlıq və Xarici Ticarət naziri Benjamin Dusa göndərdiyi bəyanatda yazıb:

Gürcüstandakı hadisələr artıq bir müddətdir ki, çox narahatedicidir. Bunu şənbə günü parlamentə keçirilən səsvermə zamanı beynəlxalq seçki müşahidəçiləri tərəfindən bildirilən pozuntular barədə məlumatlar gücləndirir”.

Rusiya Gürcüstan Prezidentinin həbsini tələb edir…

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Medvedev hesab edir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili vəzifəsindən uzaqlaşdırılmalı və həbs edilməlidir.

Gürcüstanın marionet Prezidenti seçkilərin nəticələrini tanımaqdan imtina etdi və çevrilişə çağırış edərək Konstitusiyaya zidd getdi. Belə hallarda işdən çıxarılma və həbs olunmalıdır”, – Medvedev oktyabrın 28-də “X”da yazıb.

Aİ nazirləri: “Orbanın səfərini tənqid edirik”

Aİ-yə üzv ölkələrin nazirləri Gürcüstandakı siyasi vəziyyətə dair birgə bəyanat yayıblar:

“Biz Gürcüstandakı mövcud vəziyyətdən dərin narahatıq. Beynəlxalq müşahidəçilər seçki kampaniyası zamanı, eləcə də seçki günü pozuntular barədə məlumat veriblər. Biz azad və ədalətli seçkilərin beynəlxalq normalarının bütün pozuntularını pisləyirik. Onların narahatlığını bölüşür və müstəqil araşdırma aparılmasını tələb edirik. Biz bu çətin zamanda gürcülərin yanındayıq. Etirazın və xüsusən də hökumətin buna reaksiyasının Aİ-yə namizəddən gözlənilən standartlara uyğun gəlməsi vacibdir. Bu, qanunun aliliyinin və ədalətli seçkilərin qorunmasının tərkib hissəsidir”.

Gürcüstan və Avropa İttifaqı. Foto: tanitost/shutterstock
Gürcüstan və Avropa İttifaqı. Foto: tanitost/shutterstock

Biz Macarıstanın Baş naziri Viktor Orbanın Gürcüstana vaxtından əvvəl səfərini tənqid edirik. O, Avropa İttifaqı adından danışmır”, – bəyanatda bildirlir.

Bəyanatı imzalayıb:

  • Martin Dvorak, Çexiyanın Avropa işləri naziri;
  • Marie Bier, Danimarkanın Avropa işləri naziri;
  • Anna Luhrmann, Almaniyanın Avropa və iqlim işləri naziri;
  • Marqus Tsakhkna, Estoniyanın Avropa işləri naziri;
  • Joakim Strand, Finlandiyanın Avropa işləri və əmlakın idarəedilməsi naziri;
  • Benjamin Haddad, Fransanın Avropa işləri üzrə nazirinin nümayəndəsi;
  • Cennifer Carroll McNeill, İrlandiyanın Avropa işləri üzrə dövlət naziri;
  • Qabrielius Landsbergis, Litvanın xarici işlər naziri;
  • Kaspar Veldkampf, Niderlandın xarici işlər naziri;
  • Lüksemburqun xarici işlər, xarici ticarət, inkişaf koordinasiyası və humanitar məsələlər naziri Javier Bettel;
  • Adam Şlapka, Polşanın Avropa İttifaqının naziri;
  • İnies Dominqos, Portuqaliyanın Avropa Məsələləri üzrə Dövlət Katibi;
  • Cessica Rosencrantz, İsveçin Aİ işləri üzrə naziri.

Zaxarova: “Növbəti stansiya neokolonializmdir”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova parlament seçkilərinin nəticələrinin açıqlanmasından sonra ABŞ-nin Gürcüstana etdiyi xəbərdarlıqlara cavab verib.

O qeyd edib ki, Tbilisiyə ünvanlanan mesajlar neokolonializmi xatırladır.

Mariya Zaxarova. Foto: Meydan TV

“Demokratiya, cənab, biz gəldik. Növbəti stansiya neokolonializmdir”, – Zaxarova Millerin bəyanatını şərh edib.

ABŞ Dövlət Departamentinin spikeri Metyu Miller hakimiyyətin siyasi kursunu dəyişmədiyi təqdirdə Gürcüstanı “daha sonrakı nəticələrin” gözlədiyini bildirib.

Orban seçkini azad və ədalətli sayır

Macarıstanın Baş naziri Viktor Orban Gürcüstanın Hökumət Administrasiyasında keçirdiyi mətbuat konfransında Gürcüstanda seçkilərin azad və ədalətli keçdiyini bildirib.

Siyasətçi qeyd edib ki, heç kim onların heç bir şəkildə “qeyri-demokratik” olduqlarını söyləməyə cəsarət etmədi.

Macarıstanın baş naziri bildirib ki, Avropada seçkilərlə bağlı “hayp” davam edəcək.

Onun sözlərinə görə, bu, Brüsselin “təlimatına” görə məlum sxemdir:

“Əgər mühafizəkarlar qalib gəlsə, deməli, bu, heç də yaxşı deyil. AB üçün demokratiya və liberallarsa, o, həmişə “ən yaxşı demokratiyadır”.
Macarıstanın Baş naziri kimi bir çox mübahisələrdə qalib gəlmiş biri kimi demək istəyirəm ki, gələcəkdə, yaxın iki gün ərzində mübahisə olacaq, lakin bunu əvvəlki kimi qəbul etmək lazımdır: seçkilərin nəticələri mübahisəsiz, demokratik seçkilərdir”.

Viktor Orban Gürcüstanda. Foto: Reuters

Avropada müzakirə hələ də davam edəcək. Buna ciddi baxmağa ehtiyac yoxdur. Mühafizəkar partiyalar qalib gələndə biz həmişə bu mübahisəni görürük, çünki Avropa siyasəti “oyun kitabçası” üzərində qurulub: liberallar qalib gəlsə, bu, daha yaxşı demokratiyanın olması deməkdir, mühafizəkarlar qalib gəlsə, demokratiya olmadığı ortaya çıxır”, – deyə o, çıxışında bildirib.

Gürcüstan Prezidenti Salome Zurabişvili “Associated Press”ə müsahibəsində bildirib ki, o, hakim partiyanı Rusiyanın üsul və formalarından istifadə etməkdə, qondarma “rus tipli xüsusi əməliyyat” planlaşdırmaqda, habelə Rusiya FSB-nin bu prosesdə mümkün köməyini göstərməkdə ittiham edib.

Zurabişvili vurğulayıb ki, 26 oktyabr seçkiləri mürəkkəb üsullarla saxtalaşdırılıb.

“Bura hədə-qorxu, ictimai xidmətdən asılı olan insanlara və ya sosial cəhətdən əlverişsiz insanlara təzyiq də daxil olmaqla sui-istifadələr daxildir. Bunlar keçmişdə, müxtəlif vaxtlarda istifadə etdikləri insanlar idi, lakin bu dəfə texnologiyanın istifadəsi ilə birlikdə baş verdi”, – Prezident bildirib.

Prezidentin “texnologiyadan istifadə” ifadəsi ilə nəyi nəzərdə tutduğunu soruşduqda Zurabişvili “erməni karuseli” cavabını verib:

Gürcüstanda seçkilər. Foto: Reuters

“Erməni karuseli” – biz buna “erməni karuseli” deyirik. Bu o deməkdir ki, seçkilərdən bir müddət əvvəl onlar müxtəlif bəhanələrlə sosial cəhətdən həssas insanların, məhbus ailələrinin şəxsiyyət vəsiqələrini əlindən almağa başlayıblar, heç kim başa düşə bilmirdi ki, niyə belə edirlər.
Bir şəxsiyyət vəsiqəsi və müxtəlif elektron cihazlardan istifadə etməklə bunu təxminən 17 dəfə etmək mümkün olub. Onların çoxlu sayda şəxsiyyət vəsiqəsi və ya nömrələri olub”,
– deyə dövlət başçısı bildirib.

Macarıstan, Ermənistan, Azərbaycan və Türkiyə hakim “Gürcü Arzusu” Partiyasını seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.

MSK bütün dairə və məntəqələr üzrə nəticələri açıqlayıb

Gürcüstanın Mərkəzi Seçki Komissiyası bütün seçki dairələri və məntəqələri üzrə səsvermənin nəticələrini açıqlayıb.

Səsvermənin nəticələrinə görə, beş partiya 5%-lik baryeri keçib.

Onların arasında deputat mandatları aşağıdakı kimi bölünüb:

“Gürcü arzusu”. Foto: Reuters

“Gürcü Arzusu” partiyası – 89 mandat (1 120 140 səs, 53,936%);
“Dəyişiklik naminə” koalisiyası – 19 mandat (229 161 səs; 11,034%);
“Birlik-Milli Hərəkat” koalisiyası – 16 mandat (211 120 səs; 10,166%);
“Güclü Gürcüstan” koalisiyası – 14 mandat (182 949 səs; 8,809%);
“Gürcüstan üçün Qaxariya” partiyası – 12 mandat (161 336 səs; 7,769%).

3111 seçki məntəqəsindən 3110-u hesablanıb.

Marneuli seçki dairəsi üzrə bir seçki məntəqəsi ləğv edilib.

Ana səhifəDünyaGürcüstanda Prezident və müxalifət təkrar seçki tələb edir, Rusiya isə Zurabişvilinin həbsini