“Adam kasıb olanda, adamın vəzifəsi olmayanda, arxasında vəzifəli bir dayağı olmayanda başına bunları gətirərlər?”
Quba sakini Güllər Məmmədova deyir ki, oğlu heç bir cinayət törətmədiyi halda, şərlənərək iki ilə yaxındır həbsdə saxlanılır. Onun sözlərinə görə, buna səbəb Quba rayonunun Zərdabi qəsəbəsindəki meyvə bağlarının əlindən alınmasına etiraz etməsi olub.
“Balama bir şey olsa, günah onu həbs elətdirənlərin və sifarişi yerinə yetirənlərin üzərindədir”
Güllər Məmmədova Meydan TV-yə danışır ki, uzun müddətdir nahaqdan həbsdə saxlanılan övladının səbri tükənib və təxminən bir ay əvvəl istintaq təcridxanasında özünə qəsd edib. Amma onun həyatını xilas etmək mümkün olub:
“Artıq səbri qalmayıb. Günahsız adamı nə qədər həbsdə saxlamaq olar? Balama bir şey olsa, günah onu həbs elətdirənlərin və sifarişi yerinə yetirənlərin üzərindədir. Buna insafları necə yol verir? Oğlum haqsızlıqdan şikayət eləməyə getmişdi, onun özünü cəzalandırdılar. Niyə? Adam kasıb olanda, adamın vəzifəsi olmayanda, arxasında vəzifəli bir dayağı olmayanda başına bunları gətirərlər? Bəs onun ailəsinin, iki uşağının ah-naləsi? Tezi-geci var, bunları Allah götürməyəcək…”.
Anası isə bildirir ki, yalandır, oğlu Bakıya – Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə alma bağlarını əlindən alan “Foodcity Agropark” MMC-nin təmsilçisi Şahin Əsgərovdan şikayətə getmişdi.
1982-ci il təvəllüdlü Rəşid Məmmədov ötən il yanvarın 12-dən həbsdədir. Ona əvvəlcə polisə tabesizlik ittihamı ilə 15 sutka inzibati həbs cəzası verilib. Bu cəza müddəti başa çatanda isə onun haqqında Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə cinayət işi başlanıb. İddia olunub ki, Rəşid Məmmədov 7 nəfərdən hədə-qorxu ilə pul tələb edib.
Elə Rəşid Məmmədov özü də həbsdən müxtəlif dövlət orqanlarına ünvanladığı şikayət məktublarında yazır ki, icarə əsasında ona məxsus torpaq sahəsində alma istehsalı və Rusiya bazarlarına idxalı ilə məşğul olub. 2022-ci ildən bilib ki, o sahələri müxtəlif adamların adına rəsmiləşdirirlər. Onlar da “Foodcity Agropark” MMC-nin təmsilçisi Şahin Əsgərovun adamlarıdır:
“Mən öz torpaqlarımla bağlı qanunsuz icarə müqaviləsi bağlanmasına görə Zərdabi bələdiyyəsinə müraciət etdim, həmin müqavilələrin ləğvini istədim. Bələdiyyə bildirdi ki, o adamlar özləri gəlib müqaviləni ləğv eləməlidir. Həmin şəxslərlə görüşdüm. Mənim yerimə saxta müqavilə bağlayanlar bildirdilər ki, onların rəhbəri Şahin Əsgərovdur, ağıllı olum, yoxsa həmin adam məni yox eləyər. Bununla bağlı rayon polisinə, prokurorluğa müraciət etdim, onlar da bildirdilər ki, “Foodcity Agropark” MMC-nin təmsilçisinə bata bilməzlər, “yuxarı”dan adam tapmalıyam”. Kömək istəmək üçün Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Əfqan adlı əməkdaşın nömrəsini verdilər. Zəng eləyib dərdimi dedim. Məni görüşmək üçün Bakıya – Nərimanov parkına çağırdı. Yanvarın 12-də görüş yerinə gəldim, ona zəng elədim. Ətrafdan dörd-beş nəfər hücum eləyib, məni yerə yıxdılar. Qolumu arxadan bağlayıb, döyə-döyə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdilər. Orada Şahin Əsgərova ilişdiyimi deyib, irad bildirdilər. Döyməyə başladılar. Əllərim, ayaqlarım, başım, gözüm… bütün bədənim qan içində idi…”.
Rəşid Məmmədovun işinə bir ildir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılır. İş hakim Nahid Mirzəyevin icraatındadır. 7 nəfər zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, Rəşid Məmmədov onlara hədə-qorxu gəlib.
“Toka veriblər, qan içində məhkəməyə aparıblar, ekspertiza da təsdiqləyib”
“Başdan-ayağa yalandır, saxtadır. Bu qədər Allahsızlıq olmaz. Vilayət Eyvazov rayona gələndə onun qəbulunda olmuşam. Kamran Əliyev gələndə onun qəbulunda olmuşam. Məhkəmənin sədri Rəşad müəllimin qəbulunda olmuşam. Özləri də bilir ki, əsl həqiqət necədir. Balamın başına Xocalıda yaşananları gətiriblər. Onu “tok”a veriblər, qan içində məhkəməyə aparıblar, həbs qərarı çıxarıblar”, – Güllər Məmmədova bildirib.
Ekspertiza da Rəşid Məmmədovun üzərində xəsarətlər olması haqda rəy verib. Rəydə göstərilib ki, həmin xəsarətlərin yaranma tarixi onun tutulduğu vaxta uyğun gəlir.
Bundan başqa, Respublika Klinik Xəstəxanasına çatdırılması və orada tibbi yardım göstərilməsi haqda da sənədlər var.
Amma polislər Rəşid Məmmədovun döyülməsi haqda deyilənləri qəbul etmir.
Nərimanov Rayon Prokurorluğu da Rəşid Məmmədovun işgəncə iddialarıyla bağlı şikayətini əsassız sayıb. Prokurorluq 2 aprel 2023-cü il tarixli qərarıyla cinayət işi başlanmasını rədd edib.
Rəşid Məmmədovun işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində proses davam edir. Amma anası narahatdır ki, oğlunun işinə obyektiv baxılmayacaq, məhkəmə ədalətli hökm çıxarmayacaq.
Meydan TV şikayətdə adı keçən Şahin Əsgərovla əlaqə saxlaya bilməyib.