Keçmiş kürəkənin arzusu: Azərbaycanda kazino və qumarxanalar yenidən açılacaqmı?

Emin Ağalarov. Foto- kollaj: Meydan TV

Azərbaycanda kazino və qumarxanaların tarixi

Azərbaycanda rəsmi olaraq ilk kazinonun 1991-ci ilin 10 yanvarında açıldığı deyilir. “Admiral Eka” adlı kazino Bakıdakı Abşeron mehmanxanasında, (hazırda adı “JW Marriott Absheron” oteli adlanır) hökumət evi ilə yanaşı yerləşirdi. Kazinonun əmlakı iki blek-cek masasından, bir ruletkadan və təqribən ondan çox oyun avtomatından ibarət idi. 1990-cı illərin sonlarına doğru paytaxt Bakıda 10-a yaxın qanuni kazino və daha çox yeraltı qumar evləri mövcud idi. 

Kazinoların qadağasına aparan yol

90-cı illərdə Türkiyənin “Qumarxanalar kralı” hesab edilən, biznesmen Ömər Lütfi Topal “Emperyal Turizm A.Ş” şirkətinin sahibi idi. Şirkət valyuta ticarəti, mərc oyunları, turizm, qida, sığorta, enerji və neft sənayesi sahəsində fəaliyyət göstərirdi. Topalın Türkiyə də daxil olmaqla Kipr, Türkmənistan və həmçinin Azərbaycanda iri biznes layihələri vardı.

Bakıdakı Dövlət Qonaq Evinin tikintisində o zamanki Azərbaycan Prezidenti Heydər Əliyevin oğlu İlham Əliyevlə Ömər Lütfi Topalın şərik olduğu və İlham Əliyevin Topala qumardan 500 min dollar borclu olduğu iddia edilirdi. [Mənbə: Kutlu Savaş, Susurluk hesabatı, səh. 50]

Bu iddianın türk bürokrat, Radio və Televiziya Ali Şurasının sədri olmuş Kutlu Savaş tərəfindən hazırlanan hesabata daxil edilməsindən sonra Azərbaycanla münasibətlərin pisləşdiyi üçün o dövrün Baş naziri Məsut Yılmaz sözügedən məsələdə heç bir həqiqətin olmadığını bəyan edib ki, münasibətlər normallaşsın. [Mənbə: Turan Yavuz, “İkinci Vatan” kitabı, səh. 207]

Hesabatda qeyd olunur ki, “Qonaq Evi”nin tikintisində maliyyə çətinlikləri yarandığından tikintinin mehmanxana kimi başa çatdırılması və otelə bitişik qumarxana tikilməsi qərara alınıb və bunu da Topalın “Emperyal” (İmperial) şirkəti öz üzərinə götürüb. Topal bu layihəyə 8 milyon dollar xərcləyib. Söhbət o dövrdə xarici işlər naziri olmuş Həsən Həsənova məxsus Bakıdakı “Avropa” hotelindən gedir.

Bu baxımdan Heydər Əliyev baş verən məsələ ilə bağlı xüsusi müşavirə keçirmişdi. Sözügedən müşavirədə isə bu qalmaqalla bağlı bütün məsuliyyəti o zamankı xarici işlər naziri Həsən Həsənov öz üzərinə götürmüşdü və Heydər Əliyev onu tutduğu vəzifədən azad etmişdi.

Kazino və qumarxanaların rəsmi qadağası

Bundan sonra 1998-ci ildə rəsmi şəkildə Azərbaycanda qumarxana-kazino biznesinin fəaliyyəti dayandırıldı. Prezident Heydər Əliyevin sərəncamı ölkədə böyük rezonans doğurdu. 

Sərəncamda açıq şəkildə qeyd olunurdu ki, “…bazar iqtisadiyyatı münasibətlərindən irəli gələn yeni növ cinayətlər cəmiyyətdə yuva salmış və bu cinayətlər üçün bir sıra dövlət orqanları tərəfindən zəmin yaradılmışdır. Azərbaycanda kazinoların, totalizatorların, pul uduşlu oyunlar keçirən obyektlərin və milli mənəviyyatımıza zidd əyləncə yerlərinin sayı çoxalmışdır. Buna görə də Azərbaycan xalqının mənəviyyatına və adət-ənənələrinə zidd əxlaqi keyfiyyətlər aşılayan kazinoların, totalizatorların, pul uduşlu oyunlar keçirilən obyektlərin və əyləncə yerlərinin fəaliyyətlərinin dayandırılması qərara alınıb.

Bakı şəhərinin Tbilisi prospektində yerləşən və Azərbaycanın xarici işlər naziri Həsən Həsənovun təşəbbüsü və bilavasitə  iştirakı ilə qeyri-qanuni inşa olunmuş “Avropa” mehmanxanasında kazinonun və digər gecə əyləncə yerlərinin fəaliyyəti ilə əlaqədar mehmanxananın təyinatı üzrə düzgün istifadə edilməsi, həmçinin Türkiyənin sağlam imicə malik olmayan “İmperial” Şirkətinin idarəçiliyinə verilməsi və eyni zamanda həmin mehmanxananın inşası dövründə qanun pozuntularına yol verilməsi məsələlərinin araşdırılması tələb olunub”.

Topaldan “Topaz”a gedən yol…

Qumarxana və kazinolar bağlandıqdan bir neçə il sonra Heydər Əliyevin yeni fərmanı ilə Azərbaycanda lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinin artırılması və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndimək adı ilə “Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti yaradılır. “Azərlotereya” ASC-nin təsisçisi isə “İqtisadi İnkişaf Nazirliyi” olur, nəzarət və idarəetmə dövrün naziri olan Fərhad Əliyevə tapşırılır.

Sonra isə “Caspiantech” QSC (əvvəlki adı “Azərinteltek” QSC) adlı şirkət Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilir.

13 illik qumar qadağasından sonra, 8 yanvar 2011-ci ildə qumar sənayesinə aid ölkədə ilk bukmeyker olan mərc oyunu “TOPAZ” yaradılır. “Caspiantech” QSC-nin ticarət nişanı olan “Topaz” fəaliyyətə başladığı ildə 500-cü mərc ofisini açıb.

Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayan “Topaz” 2013-ci ildə tazı yarışı oyunlarına start verməklə yanaşı, “Azərlotereya” ASC-nin lotereya məhsullarının satışına başlayır. 2012-ci ildən 2019-cu ilə qədər Azərbaycan Premyer Liqasının sponsoru olur.

2013-cü ilin martında Milli Məclisdə deputatlar tərəfindən gənclər üzərində mənfi təsirinə görə “Topaz”a qarşı tənqidlər edildiyi zaman, dövrün gənclər və idman naziri Azad Rəhimov “Topaz”ın idmana olan qayğısını əsas gətirərək şirkətə olan dəstəyini ifadə edib. 

Səbəb isə çox sadədir, Gənclər və İdman Nazirliyi tərəfindən ümumi nəzarəti həyata keçirmək üçün “Azəridmanservis” MMC təsis olunmuşdu. Belə demək mümkünsə, “Topaz” artıq gənclər və idman naziri Azad Rəhimovun inhisarında idi.

Türkiyə yenidən masa başında

İkinci Qarabağ Müharibəsindən sonra, yəni 2021-ci ildən etibarən “Azərlotereya”, “Topaz”, “Misli”, “Poz-Qazan” və digər mərc oyunları, bütün növ lotereyalar İlham Əlyevin sərəncamı ilə xarici investor kimi Türkiyənin “Demirören Holding” şirkətinin idarəçiliyinə verilib. Prezident bu addımı lotereyaların və idman mərc oyunlarının keçirilməsindən əldə edilən gəlirdən təyinatı üzrə istifadənin səmərəliliyinin artırılması, dövlət-özəl tərəfdaşlığı çərçivəsində qeyd edilən sahənin inkişafı üçün investisiyaların və yeni texnologiyaların cəlb edilməsi kimi əsaslandırır.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bu müqavilə ilə “Azərlotereya” ASC 10 il müddətinə bu sahədə zəngin təcrübəsi olan türk şirkətinin idarəetməsinə verilir. Nazir deyib ki, şirkətin fəaliyyəti özünü doğruldacağı halda müqavilə müddətinin daha 5 il uzadılması mümkündür.

Daha sonra Azərbaycan hökuməti “Demirören” Holdinq ilə Anlaşma Memorandumu imzalayıb. İqtisadiyyat Nazirliyində Türkiyənin “Demirören” Holdinqinin nümayəndə heyəti ilə görüş keçirilib. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Demirören” Holdinqin İdarə Heyətinin sədri Yıldırım Demirören imzalayıb. Memorandumda Azərbaycanda birgə müəssisə yaratmaqla əczaçılıq məhsullarının istehsalı və satışının təşkili nəzərdə tutulur.

“Demirören” Holdinq Türkiyənin konqlomerat şirkətidir. Holdinq energetika, daşınmaz əmlak, tikinti, təhsil, media, reklam, turizm, rəqəmsal texnologiyalar sahələri üzrə şirkətləri özündə birləşdirir. Şirkətlər qrupu, həmçinin Türkiyənin ən aparıcı lotereya oyunlarının təşkilini həyata keçirir. “Demirören” Holdinq həm də, Türkiyənin ən böyük media qruplarından birinin sahibidir. Media qrupa “CNN Türk”, “Kanal D” kimi məşhur televiziya və radio kanalları, “Milliyət”, “Hürriyyət”, “Posta” və s. qəzetlər daxildir.

Türkiyə mətbuatı dəfələrlə “Demirören” Holdinqin rəhbəri Yıldırım Demirörenin Türkiyə Prezidenti Ərdoğanla sıx əlaqələri olduğunu iddia edən materiallar dərc edib.

2021-ci ilin oktyabrda Azərbaycan və Türkiyə prezidentlərinin Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (“Zəngəzur” dəhlizi) təməlqoyma mərasimi zamanı Yıldırım Demirören də dəvət olunmuş qonaqlar arasında idi.

Foto: President.az

Deputatdan kazinoların açılması ilə bağlı ilk təklif 

Azərbaycanda qumar qanunla tamamilə qadağan edilməsə də, 3 il öncə Milli Məclisdə qəbul edilən qanunlar zamanı qumar oyunları təşkil edənlərə və oynayanlara yüksək cərimələr tətbiq olundu. Milli Məclisdə “Turizm haqqında” yeni hazırlanan qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib ki, Azərbaycanın coğrafi mövqeyi əyləncə turizmi anlayışının bu qanun layihəsinə daxil edilməsinə imkan verir. Deputat təklif edib ki, kazinoların Azərbaycanda açılmasına icazə verilsin: “Rusiyada bu, müəyyən əraziləri əhatə edir. Azərbaycanda da belə edə bilərik. Məsələn, Qarabağda, Zəngəzurda kazinoların açılmasına icazə verə, bununla da turist cəlb edə bilərik. Digər tərəfdən, Nargin adasında buna icazə verə bilərik. Turist axınını cəlb etmək üçün xidmət sahəsində fəaliyyətlər təkmilləşdirilməlidir“.

Emin Ağalarovdan “Abşeronu Las-Veqasa çevirmək” istəyi

Azərbaycanlı biznesmen, Azərbaycan xalq artisti, İlham Əliyevin keçmiş kürəkəni və ölkənin əyləncə sənayesinin parlaq siması Emin Ağalarov mühafizəkar Nardaran qəsəbəsindəki dəbdəbəli “SeaBreeze” kurort kompleksində kazino açmaq istəyini dilə gətirib.

Azərbaycanda azart oyunların leqallaşdırılması barədə danışan Emin Ağalarov rusiyalı jurnalist Kseniya Sobçaka müsahibəsində deyib ki, hazırda kazinoların açılması təşəbbüsü hökumət tərəfindən nəzərdən keçirilir.

“Əgər oyun biznesini inteqrasiya edə bilsəydik, “SeaBreeze”-ə çox kömək edərdi. Bu, dövlət tərəfindən nəzərdən keçirilir. Hamı başa düşür ki, kazino turizm attraksionudur. Əgər alınsa, bu layihəni bütünlüklə tamamlanmış edəcək”, – Ağalarov Sobçaka deyib.

Ağalarov bildirib ki, kazinolar Fars körfəzi dövlətləri kimi əsasən müsəlman əhalisi çox olan ölkələrdə də yayılıb və qonaqpərvərlik sektorunun bir hissəsi olaraq uğurla inteqrasiya edilib.

“Ərəb monarxiyalarının nümunəsi göstərir ki, yaxşı tənzimlənən kazino sənayesi yerli ənənələrlə birlikdə mövcud ola bilər və turizm gəlirlərində əhəmiyyətli artımı təmin edər”, – Ağalarov deyib. O əlavə edib ki, kazino Nardaran qəsəbəsinin “Abşeronun Las-Veqası”na çevrilməsində ayrılmaz hissə olacaq.

Strateji infrastruktur və hökumət əlaqələri

“Turan” İnformasiya Agentliyi yazır kı, Ağalarovun təklifinin zamanı ilə infrastruktur əhəmiyyətli dövlət investisiyaları üst-üstə düşür. Bakı Beynəlxalq Aeroportunu “SeaBreeze” ilə birləşdirən yeni avtomagistral tikilir ki, bu da kurorta gedən yolun vaxtını 20 dəqiqəyə qədər azaldacaq. Bu addım Ağalarovun baxışının ənənəvi olaraq azart oyunları ilə bağlı ehtiyatlı mövqe tutan dövlət tərəfindən sakitcə təsdiqlənməsi kimi qəbul edilə bilər. Bundan əlavə, Ağalarovun birinci ailə ilə əlaqələri layihəyə dövlət dəstəyinin dərəcəsi barədə suallar doğurur.

Emin Ağalarovun Bakıda dəyəri milyonlarla ölçülən tamamlanmamış layihələri var. Onlardan biri də Xəzər dənizində salınan süni “Caspian Dream Liner” yarımadasıdır. “Azadlıq” radiosu yazır ki, Azərbaycanda süni torpaqların yaradılmasına dair parlamentin qəbul etdiyi və Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanun dövlət başçısının keçmiş kürəkəninin lüks mənzillər satmaq planını gerçəkləşdirməyə hesablanıb. Bu, o deməkdir ki, artıq belə bir tendensiya bir dəfə yaşanıb. Keçmiş kürəkən planlaşdırıb deyə, qanunu onun istəyinə uyğun qəbul ediblər.

Qadağa olsa da…

Qadağalara və cərimələrə rəğmən Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən qumarxanaların mövcudluğuna dair məlumatlar dövri mətbuatda mütəmadi dərc olunub. Xüsusilə Bakı, Sumqayıt və Gəncə kimi böyük şəhərlərdə çay evi adı altında çoxsaylı qumarxanaların fəaliyyət göstərdiyi deyilir. Bir çox hallarda hüquq-mühafizə orqanları da belə oyun yerlərini aşkarladıqlarına dair məlumatlar yayırlar.

“Turan” İnformasiya Agentliyi xəbər verir ki, rəsmi qadağaya baxmayaraq, azart oyunlar Azərbaycandan tamamilə yox olmayıb. Yarızirzəmi oyun yerləri Bakıda və digər bölgələrdə fəaliyyət göstərir, 2022-ci ilin yanvarından məhdudlaşdırılmış lotereya reklamı isə hələ də paytaxtda gözə dəyir. Bu fəaliyyət növlərinin mövcudluğu mürəkkəb normativ-hüquqi mühiti əks etdirir ki, burada müəyyən sektorlar, görünür, hakimiyyətin səssiz razılığı ilə fəaliyyət göstərirlər.

İllərdir ki, mətbuatda “Qanunsuz qumarxana aşkarlandı, təşkilatçılar və iştirakçılar saxlanılıb, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir” başlıqlı xəbərlər oxuyuruq. Hər il qumar, kazino, mərc oyunları sektorunda onlarla məhbuslar, zərərçəkənlər, istintaqa cəlb edilənlər var.

Xalid Bağırov, foto: Meydan TV
Xalid Bağırov. Foto: Meydan TV

Hüquqşünas Xalid Bağırov isə qeyd edir ki, əslində Azərbaycanda qumar fəaliyyəti qanunla qadağan edilməyib:

“Qanunda belə bir qadağa və ona uyğun cəza növü yoxdur. Azərbaycanda uzun illərdir dolayı da olsa qumar fəaliyyəti mövcuddur” 

““Topaz”, “Misli”, “Poz-Qazan” kimi mərc oyunları da qumarın bir növüdür və buna nümunədir. Mükafat əldə etmək üçün oynanan mərc oyunları məhz qumar hesab edilir və qanunla tənzimlənib. Oyunların fəaliyyətini nizamlayan qanun var, Mülki Məcəllədə bütöv bir fəsil var, oyunların təşkili haqqında. Qanunsuz və gizli qumarxanaya görə məsuliyyət var, bəli. Çünki qanunda bəzi fəaliyyət növləri üçün lisenziyalar lazımdır, amma qumarxana o siyahıda yoxdur, mərc oyunları isə var. Bu məsələnin qanuni tərəfidir”. 

“Digər məsələ isə budur ki, ölkədə azad sahibkarlıq yoxdur, birinci ailədən kənar iri sahibkarlıq fəaliyyətinə icazə verilmir, yaxud hökumətin dəstəklədiyi sahibkarlıq anlayışı mövcuddur. Bunlar Azərbaycanda reallığın bir parçasıdır. Bir sözlə, ailənin inhisarından kənar böyük biznes fəalyyətinə izin verilmir. Azərbaycanda bütün iqtisadi imkanlar dar çərçivə üçün yaradılır. Hər kəsə bərabər imkanlar yaradılmır”, – hüquqşünas deyib. 

Xalid Bağırovun fikrincə, bu, məsələnin ən böyük problemli tərəfidir:

“Ölkədə yüzlərlə sektor var ki, sadəcə bir əldə yığılıb. Rejim elə bir şərait yaradıb ki, biznes mühiti aşkar deyil. Kiçik sahibkarlıq fəaliyyəti üçün, məsələn, kafe, şüşə sexi filan açmaq istəsən polis, icra hakimiyyəti səviyyəsində həll edə bilirsən. Amma qalan işlərə böyük yatırım etmək üçün, iri biznes fəaliyyəti üçün gərək yalnız “birinci ailə”nin razılığı alınsın. Ona görə də bir çox imtiyaz, icazə “birinci ailə”yə yaxın şəxslərə şamil olunur, təşkil edilir, qanunlar da, qaydalar da”.

Rövşən Ağayev, foto: Meydan TV
Rövşən Ağayev. Foto: Meydan TV

İqtisadçı Rövşən Ağayev isə bildirir ki, kazino fəaliyyətinin legallaşdırılmasının Azərbaycanda turizmə köklü bir dəyişiklik edəcəyinə o qədər də inanmır: 

“Yəni, elə bir gözləntim yoxdur. Çünki faktiki olaraq Azərbaycan turistik bir ölkə deyil, hər nə qədər hökumət bununla bağlı təbliğat aparsa da. Əslində, turistik ölkə heç vaxt sərhədlərini bu qədər bağlı saxlamaz. Demək ki, hökumətin beynində də, planlarında da Azərbaycan turistik ölkə deyil. Yəni, 4 il Azərbaycanın quru səhərdlərini bağlayıb bu hökumət. Hərçənd ki, kazino üçün gələn quru sərhəddən gəlməyə də bilər. Məsələ bu deyil, ümumilikdə hökumətin vizyonundan söhbət gedir ki, əgər bir sistem özünü reallıqda turistik ölkə kimi görmürsə, deməli, kazinoların fəaliyyətinin turist axınını surətləndirəcəyi gözlənilən deyil. Amma təkcə səbəb heç bu da deyil”.

“Regionda Gürcüstan kimi bir ölkə var, kazinoların fəaliyyəti üçün imkan yaradıb. Qazaxıstanda tam olmasa da, müəyyən bölgələrdə şərait yaradılıb.  Rusiyanı saymıram, Rusiyaya çox getmirlər. Qərbdəkilər Rusiyaya az meyllidirlər, amma orada da şərait var. Üstəgəl, Körfəz ölkələrində o imkan var, Birləşmiş Ərəb Əmirliyində. Üstəlik Aralıq Dənizi ölkələrində, Kiprdə, hər iki Kiprdə, həm yunan və türk Kiprində bu imkanlar mövcuddur”, – iqtisadçı deyib. 

Rövşən Ağayev hesab edir ki, sırf kazino məqsədi ilə turist səfəri varsa, Azərbaycan heç də tək və faydalı seçim deyil: 

“O baxımdan mən açıq deyim ki, bizdə kazino biznesinin turizmə ciddi müsbət təsir göstərəcəyinə inanmıram. Ümumiyətlə turistlər ölkəni turistik keyfiyyətlərinə görə seçirlər, həm də seçimlər arasında kazino fəaliyyəti varsa, bunu da nəzərə alırlar. Amma yenə də deyirəm ki, Azərbaycan regionda bunun üçün əlverişli deyil, daha başqa, güclü alternativlər var. Bu baxımdan əmin deyiləm ki, biz bu turistləri artıra bilərik”. 

Büdcə gəlirlərinin artımı məsələsinə gəldikdə isə iqtisadçı deyir ki, əgər turistlərin kəmiyyəti artırılmayacaqsa, artıq məntiqi olaraq buradan büdcə gəlirlərinin də ciddi şəkildə artacağı real deyil:

“Həm də, bu, baxır hökumətin kazino fəaliyyətində vergi sistemini necə tənzimləyəcəyinə. Misal üçün, bir çox ölkədə, məsələn, yunan Kiprində kazino fəaliyyəti üçün vergilər ən azı 2-3 dəfə yüksəkdir. Deyək ki, normalda 15 faiz mənfəət vergisi alınırsa, adi fəaliyyət üçün, qumar fəaliyyəti üçün bu, 2-3 dəfə, yəni 30-35-40 faiz gəlirlə cəlb olunur. Yəni, bu, həm də vergi sisteminin necə olacağından asılı olacaq, bir də nə dərəcədə şəffaf olacağından”.

Bu qumar biznesini təşkil edən şirkətlərin fəaliyyətinə nə dərəcədə nəzarət olunacaq və onların qazancları tam şəkildə vergiyə cəlb olunacaqmı? İqtisadçı deyir ki, belə bir təminat yoxdur: 

“Çünki kim bu işlə məşğul olacaq, hansı şirkətlər, hökumətin himayəsində olacaqsa, aydın məsələdir ki, onların fəaliyyətinə şəffaf və effektiv, sərt bir nəzarət olmayacaq. Ona görə də biz onların nə qazanacağını bilmiriksə, açıq maliyyə hesabatları olmayacaqsa, çətin məsələdir. Ola bilər kazino fəaliyyətini təşkil edən şirkətlərin hansısa qazancları olsun, amma mən onların sayəsində dövlət büdcəsinin böyük bir qazanc əldə edəcəyini gözləmirəm”.

“Burada milyard, yaxud yüz milyonlardan söhbət getmir. Ola bilsin ki, on milyonlarla qazanc olar. Məsələn, Gürcüstan büdcəsinə baxdıqda, rəsmi Tbilisi heç də bu biznesdən ciddi qazanc əldə etmir. Sırf kazino fəaliyyətindən əldə olunan qazanc on milyonlarla ölçülür”, – Rövşən Ağayev vurğulayıb.

Onun sözlərinə görə, ölkədəki varlı adamların qumar biznesindən istifadə etməsi də çətin olacaq: 

“Çünki faktiki olaraq sərvəti olan adamlarla əlaqədar hökumətin sərt nəzarəti var. Düzdür, hökumət kimin nəyi olduğunu bilsə də, varlı şəxslər öz pulları ilə oraya qoşulanda həmin sərvətin onların əlindən alınması, daha aşkar formada xəbər tutması üçün imkanlar yaranır. Və həm də bir çox hallarda hökumət bu cür davranışlara qəzəblənir”.

İqtisadçı deyib ki, ölkədə zəngin adamların hamısı ciddi və sərt şəkildə nəzarətdədir. Hətta nə aldıqları, yediklərinə belə ciddi şəkildə nəzarət olunur. Ona görə tutaq ki, hansısa bir zəngin, üstəlik vəzifəli şəxslə bağlı artıq mediaya xəbər sızanda, bu, həmin şəxsin özü üçün ciddi problem olacaq:

“Bu baxımdan çox adam qorxacaq ki, gedib kazinoda vaxt keçirsin. Onlar ölkə xaricində daha rahat şəkildə qumar oynayarlar, nəinki, ölkədə təşkil olunan qumarxanalarda”.

Araşdırmaçı Allahverdi Aydın isə kazino biznesinin bütün dünyada gəlirli sahələrdən biri hesab olunduğunu qeyd edib:

“Məsələn, qonşu Gürcüstanın ötən il 4,1 milyard dollar turizm gəliri olub. Kazino biznesindən büdcəyə daxil olan vəsait bu gəlirlərin təxminən 8%-nə (330 milyon dollar) bərabər olub. Digər qonşu ölkə – Ermənistanda da kazinolardan dövlət büdcəsinə böyük vəsaitlər daxil olur. Başqa yaxın və uzaq ölkələrdə də təxminən bənzər vəziyyət qeydə alınır. Bu səbəbdən birmənalı şəkildə demək olar ki, kazino biznesi yüksək gəlirli sahə hesab olunur”.

Foto: Allahverdi Aydının “X” səhifəsindən

“Amma Azərbaycanda kazino biznesindən Gürcüstan və Ermənistandakı kimi dövlət büdcəsinə yüksək ödənişlər ediləcəyi sual altındadır. Bu ölkələrdən fərqli olaraq Azərbaycanda biznes fəaliyyətində qeyri-şəffaflıq var. Məsələn, Azərbaycanda şirkətlərin böyük bir hissəsinin təsisçilərinin kimliyi ictimaiyyət üçün açıq deyil, şirkətlərin gəlirləri, dövlət büdcəsinə nə qədər vergi ödədikləri də açıqlanmır. Belə bir vəziyyətdə kazinoların fəaliyyətinin də şəffaf olacağı inandırıcı görsənmir. Azərbaycanda hesabat açıqlayan dövlət və azsaylı özəl şirkətlərin böyük əksəriyyəti ya zərərlə işləyir, ya da çox böyük dövriyyələrinə (gəlirlərinə) baxmayaraq cüzi mənfəətlərinin olduğunu deyirlər”,– deyə Allahverdi Aydın söyləyib.

Mütəxəssis deyib ki, Azərbaycanda idman mərc oyunları sahəsində məşhur “Topaz” brendi var. Bu brendin sahibi olan “Caspiantech” QSC adlı şirkətin bugünə kimi büdcəyə nə qədər vergi ödədiyi məlum deyil. Ölkə ərazisində onlarla satış məntəqəsi olan şirkətin adi veb-saytı belə yoxdur:

“Sabah bənzər vəziyyətin kazino biznesində də müşahidə olunmayacağına kim qarantiya verə bilər? Normal nəzarət mexanizminin, şəffaf hesabatlılığın olmadığı şəraitdə kazino biznesindən dövlət büdcəsinə böyük vəsaitlərin daxil olacağına inanmıram. Sadəcə olaraq, kazinoların açılması ölkəyə daha çox turistin gəlməsinə səbəb ola bilər. Xüsusilə də ərəb ölkələrindən gələn turistlərin sayında artıma səbəb ola bilər”.

Ana səhifəXəbərlərKeçmiş kürəkənin arzusu: Azərbaycanda kazino və qumarxanalar yenidən açılacaqmı?