Zelenski Ali Radanın qəbul etdiyi qanunu imzalayıb
Oktyabrın 26-da Ukrayna Prezidenti Volodimir Zelenskinin əcnəbilərə Ukrayna Silahlı Qüvvələrində zabit kimi çalışmasına icazə verən qanunu imzaladığı bildirilir.
Sənədin oktyabrın 10-da Ali Rada tərəfindən qəbul edildiyi qeyd olunur.
Ukrayna mediası yazır ki, “Əcnəbilər üçün müqavilə əsasında hərbi xidmət keçmə qaydası haqqında” Qanun Ukrayna Silahlı Qüvvələrinə qəbul imkanlarını genişləndirir.
Parlamentin milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin sədr müavini Yeqor Çernev deyib ki, zabit çatışmazlığını təqaüdə çıxmış Qərb hərbçilərinin köməyi ilə doldurmaq planlaşdırılır.
Onun sözlərinə görə, bu təkcə sıravi əsgərlərin qəbulu ilə bağlı problemləri deyil, həm də zabit çatışmazlığı ilə üzləşən ordu sıralarını gücləndirəcək.
Bundan əvvəl Prezident Voldimir Zelenski NATO ölkələrini Ukrayna Silahlı Qüvvələrinin ehtiyatlarını artırmaq üçün briqadalar hazırlamağa çağırmışdı.
Bu qanun Rusiya Dövlət Dumasının Şimali Koreya ilə strateji tərəfdaşlıq sazişinin ratifikasiya etməsindən iki gün sonra qəbul olunub.
Oktyabrın 24-də Rusiya Prezidenti Vladimir Putin Kazanda Şimali Koreya hərbçilərinin Ukraynadakı müharibədə iştirak etmək üçün Rusiya ərazisinə gəlməsi ilə bağlı yayılan xəbərləri təsdiqləmişdi.
Putin Rusiya Dövlət Dumasının Şimalı Koreya ilə strateji tərəfdaşlıq sazişinin 4-cü maddəsindən misal çəkmişdi:
“Həmin maddədə qeyd olunur ki, əgər tərəflərdən biri hər hansı dövlət və ya bir neçə dövlət tərəfindən silahlı hücuma məruz qalarsa və beləliklə də, özünü müharibə vəziyyətinə salarsa, digər tərəf Rusiyanın Mülki Məcəlləsinin 51-ci maddəsinə uyğun olaraq sərəncamında olan bütün vasitələrlə dərhal hərbi və digər yardım göstərəcək. Biz Şimali Koreya rəhbərliyinin razılaşmalarımızı ciddi qəbul etdiyinə heç vaxt şübhəylə yanaşmamışıq. Amma nəyi və necə edəcəyimiz bu məsələ çərçivəsində bizim işimizdir”.
Ondan əvvəl də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin yaydığı məlumatda bildirilirdi ki, Şimali Koreya hərbi qulluqçularının ilk bölmələri artıq Rusiya-Ukrayna müharibəsinin döyüş bölgəsindədir:
“Onlar oktyabrın 23-də Kursk vilayətində görünüblər. Rusiyaya ümumilikdə 12 minə yaxın Şimali Koreya əsgəri göndərilib. Onların arasında 500 zabit və üç Pxenyan generalı var. Əsgərlər döyüş sursatları, yataq dəstləri, qış geyimləri və ayaqqabıları, habelə gigiyena ilə təchiz olunublar, xüsusən də Moskva müəyyən edilmiş standartlara uyğun olaraq hər bir Şimali Koreyaya tualet kağızı və 300 qram sabun ayıracaq”.
Müharibənin xronikası
2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.
Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.
2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.
2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.
Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.
Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.
Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.