Duqinin qızının qətlində şübhəli bilinən şəxsin Ukraynada əsir düşdüyü bildirilir

Foto: “Youtub”edəki müsahibədən screenshot

Aleksandr Suçkov “törədilən cinayətlə heç bir əlaqəsi olmadığı” üçün müharibəyə getməyə qərar verdiyini söyləyib

Rusiyalı politoloq Aleksandr Duqinin qızı Daria Duqinanın qətlində təqsirli bilinərək, 3 il yarım azadlıqdan məhrum edilən Aleksandr Suçkovun Ukrayna ordusuna əsir düşdüyü bildirilir.

Məsələ ukraynalı jurnalist Vladimir Zolkinin “YouTube” kanalında Aleksandr Suçkovla müsahibəsindən sonra ictimailəşib.

Məlumatı “Radio Svoboda” yayıb.

Bildirilir ki, müsahibədə Suçkov “törədilən cinayətlə heç bir əlaqəsi olmadığı” üçün müharibəyə getməyə qərar verdiyini söyləyib.

Onun sözlərinə görə, avqust ayında “Moskva şəhərinin nümayəndələri” onun cəza çəkdiyi Sverdlovsk vilayətindəki koloniyaya gələrək, Bryansk vilayətində “ehtiyat orduda” xidmət üçün müqavilələr bağlamağı təklif ediblər. Əvvəllər Suçkov müqavilə əsasında iki müddət hərbi həkim kimi xidmət edib.

Sentyabrda o, müqavilə bağlamış digər məhbuslarla birlikdə Ukraynanın Luqansk vilayətinin işğal olunmuş ərazisindəki hərbi düşərgəyə aparılaraq “döyüş tapşırığı”na göndərilib.

Bildirib ki, bir gün azıb, huşunu itirib və ayılanda iki ukraynalı əsgərin onu əsir götürdüyünü görüb.

İstintaqın məlumatına görə, Aleksandr Suçkov digər məhkum Andrey Kuznetsovla birlikdə cinayəti törətdiyi güman edilən Ukrayna vətəndaşı Natalya Vovkun Rusiyanı tərk etdiyi avtomobilin sənədlərini saxtalaşdırıb. Prosesdə təqsirləndirilən şəxslərin özləri bildiriblər ki, sənədlərin konkret kimə hazırlandığını və necə istifadə olunacağını bilmirlər.

Müsahibədə Suçkov Duqinanın avtomobilinin bombalanmasının Ukrayna xüsusi xidmət orqanları tərəfindən təşkil olunduğuna şübhə ilə yanaşıb.

Ukrayna ilə müharibənin əsas ideoloqlarından hesab edilən Aleksandr Duqinin qızı Daria Duqina avqustun 20-də avtomobilin partlaması nəticəsində həyatını itirib.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Daria Duqinanın qətlində Ukrayna xüsusi xidmət orqanlarını günahlandırmışdı.

Ana səhifəDünyaDuqinin qızının qətlində şübhəli bilinən şəxsin Ukraynada əsir düşdüyü bildirilir