Həbsdə olan jurnalist işinə baxan hakimlərə etiraz edir: “Mənə qarşı qərəzlidilər”

Foto: Teymur Kərimovun şəxsi arxivindən

Vəkil də hakimlərin qərəzli olduğunu deyir

“Kanal 11” internet televiziyasının rəhbəri, həbsdə olan jurnalist Teymur Kərimov Bakı Ağır Cinayətlər Məhkəməsində onun işinə baxan hakimlərdən narazıdır.

O, oktyabrın 23-də məhkəmədə Azad Məcidovun sədrliyilə, Səbinə Məmmədzadə və Əli Məmmədovdan ibarət hakimlər kollegiyasına yazılı şəkildə etiraz verib.

Teymur Kərimov bildirib ki, bu hakimlər ona qarşı qərəzlidir, aylardır davam edən məhkəmə prosesi boyunca qətiyyən obyektiv davranmırlar:

“Heç bir vəsatətimiz təmin olunmur, obyektiv araşdırma aparılmır. Açıq-aşkar görünür ki, ədalətli hökm çıxarmaq niyyəti yoxdur”.

Jurnalistin vəkili Nemət Kərimli də hakimlər kollegiyasına yazılı şəkildə etiraz təqdim edib.

Vəkil vurğulayıb ki, məhkəmə prosesinə sədrlik edən hakim Azad Məcidov ötən məhkəmə iclasında zərərçəkmiş dindiriləndə açıq-aşkar ona istiqamət verirdi.

Vəkil xatırladıb ki, məhkəmə zalında videokameralar çəkiliş aparır, görüntülərə baxılarsa, dedikləri sübut olunar:

“Zərərçəkmişin psixiatrik ekspertizadan keçirilməsi üçün vəsatət vermək istəyirdik. Vaxt istədik ki, vəsatətimizi hazırlayaq. Sədrlik edən buna da imkan vermədi. Açıq-aşkar bizə qarşı qərəzli davranış müşahidə olunur”.

Lakin jurnalist və müdafiəçisinin etirazı təmin olunmayıb.

Teymur Kərimovun məhkəməsi noyabrın 4-nə qədər təxirə salınıb.

Teymur Kərimov 2023-cü ilin dekabrından həbsdədir.

Ona qarşı əvvəl Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

İstintaqın sonunda Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə əlavə ittiham verilib.

O, İstək Totiyeva ilə əlbirlikdə təqsirləndirilir.

İstək Totiyeva həbsdə deyil, onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Jurnalistin işi üzrə Leyla Almaszadə və Fərrux Ələkbərov zərərçəkmiş qismində tanınıb.

İttihama əsasən, Teymur Kərimov və İstək Totiyeva video-materialın internet kanalından silinməsi üçün 10 min manat pul istəyib, son nəticədə 1000 manat alıb.

Teymur Kərimov özünü təqsirli bilmir.

O bildirib ki, ona qarşı irəli sürülən hədə-qorxu ilə tələbetmə ittihamı əsassızdır.

Teymur Kərimov jurnalist fəaliyyətinə – qanunsuzluqları çəkib göstərdiyinə görə cəzalandırıldığını deyir.

Jurnalist heç kimdən hədə-qorxu ilə pul tələb etmədiyini bildirib.

Teymur Kərimovun məhkəmədə bildirdiyinə görə, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (“Bandotdel”) əvvəl onu narkotiklə şərləmək istəyiblər.

Onun sözlərinə görə, hətta narkotiki üzərinə götürməsi üçün döyüblər. Lakin bunu qəbul etmədiyini görəndə şantaj ittihamı ortaya çıxıb.

Ana səhifəXəbərlərHəbsdə olan jurnalist işinə baxan hakimlərə etiraz edir: “Mənə qarşı qərəzlidilər”