Müğənni ilə klinika bir-birindən yarım milyon təzminat tələb edir

Foto: Ağadadaş Ağayevin “Youtube” səhifəsi

Ağadadaş Ağayevlə “Medera Hospital” şərəf, ləyaqət və nüfuz davası aparır

Xalq artisti Ağadadaş Ağayevlə gözətçi arasında insident Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən “Medera Hospital”ın qarşısında baş vermişdi. İndi müğənni ilə klinika qarşılıqlı şəkildə bir-birini məhkəməyə verib.

Məhkəməyə müraciət edən Ağadadaş Ağayev iddiada göstərib ki, klinikada baş verən insident şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərbə vurub.

Bu səbəbdən o, mənəvi ziyana görə 450 min manat təzminat tələb edir.

Hospital rəhbərliyi də qarşılıqlı iddia qaldırıb və bildirib ki, müğənni ilə bağlı yaşananlar onların da nüfuzuna xələl gətirib.

Bu səbəbdən Ağadadaş Ağayevdən yarım milyon təzminat istəyirlər.

Bu mübahisəyə Binəqədi Rayon Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyilə baxılır.

Oktyabrın 23-də bu iş üzrə məhkəmə iclası təyin olunsa da, Ağadadaş Ağayev iştirak etmədiyinə görə təxirə salınıb.

Klinikada yaşanmış insidentlə əlaqədar başlanmış cinayət işinin istintaqı yekunlaşıb və iş məhkəməyə göndərilib.

Oktyabrın 31-də bu məhkəmə prosesi də başlayacaq.

Həmin proses də Binəqədi Rayon Məhkəməsində keçiriləcək.

Xuliqanlıqda təqsirləndiriləndirilən müğənninin işinə hakim Vüsal Tağıyevin sədrliyilə baxılacaq.

Ağadadaş Ağayevə qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham olunur.

Bu maddənin sanksiyasında 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xalq artistinin işi üzrə iki nəfər zərərçəkmiş qismində tanınıb – Nurəddin Cəlilov və Nəzakət Paşayeva.

Nurəddin Cəlilov “Medera Hospital”ın gözətçisi, Nəzakət Paşayeva da klinikanın işçisidir.

Nurəddin Cəlilov iddia edir ki, iyulun 22-də səhər saat 7 radələrində gözətçi işlədiyi klinikaya müraciət edən Ağadadaş Ağayev onu söyüb, balta ilə hədələyib.

Onun sözlərinə görə, müğənni baltanı ona tərəf atanda orada çalışan Nəzakət Paşayevanın ayağına dəyib.

68 yaşlı müğənni isə əksinə, gözətçinin onu təhqir etdiyini, yerə yıxıb döydüyünü bildirir.

Cinayət işinin materiallarına klinikanın müşahidə kameralarının qeydə aldığı videogörüntülər də əlavə olunub.

Həmin görüntülər hadisədən sonra sosial şəbəkələrdə də yayılmışdı.

Ana səhifəXəbərlərMüğənni ilə klinika bir-birindən yarım milyon təzminat tələb edir