“Bakı və Yerevan prosesin dalana dirənməsinə imkan verməməlidir”

Foto: “galatv.am”

Alen Simonyan: “Azərbaycan Qarabağda əməliyyatı BMT-nin qətnamələri əsasında keçirdi”

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə danışıqlar prosesinin dalana dirəndiyini hesab etmir.

Bu barədə “Azadlıq” radiosunun erməni xidmətinə danışan Alen Simonyan bildirib ki, tərəflər prosesin dalana dirənməsinə imkan verməməlidir.

“Ermənistana, bəlkə də, Azərbaycana düşmən münasibət bəsləyən dövlətlər vəziyyətin dəyişməməsini istəyir”, – Simonyan belə  deyib.

O, Ermənistanın sülhün bərqərar olması gündəliyi ilə irəlilədiyini bir daha təkrar edib.

Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə Cenevrədə görüşün baş tutmamasına toxunan Alen Simonyan yada salıb ki, onlar indiyə qədər iki dəfə görüşüblər:

“Həmkarımla iki görüşümüz olub və bunlar kifayət qədər konstruktiv keçdi. İkinci görüşdə təklif etdim ki, məhbuslarla bağlı məsələni parlament səviyyəsində müzakirə edək. Yəni ən azı 3 məhbus Ermənistana verilsin. Həmkarım isə dedi ki, baxıb cavab verəcək. Sonra xanım Qafarova ilə Düşənbədə olduq və 3 gün müxtəlif tədbirlərdə iştirak etdik və heç bir halda görüşməyəcəyimiz haqda bir eyham, məlumat almadım. Yalnız biz artıq Cenevrəyə yola düşəndə köməkçilərim dedilər ki, Cenevrədə görüş ləğv edilib. Düzünü desəm, bu, mənim üçün təəccüblü və ağrılı idi. Səbəbinə gəlincə, köməkçimə dedilər ki, birincisi, cənab Simonyanın bəzi açıqlamaları, ikincisi, Frankofoniya zamanı baş verənlər və s.”

“Köməkçim ifadənin nədən ibarət olduğunu öyrənməyə çalışdı. Baxmayaraq ki, bəyanatın nədən ibarət olduğunu təxmin edirəm. Əvvəla, Ermənistan parlamenti heç bir şəkildə Frankofoniyada iştirak etmir. Ancaq yenə də dəqiq cavab almadıq, bir daha təklif etdim ki, sizin üçün hər hansı münasib vaxtda görüşməyə və davam etməyə hazıram, çünki bu format bizim məsələləri müzakirə etmək üçün mövcuddur. Lakin bir müddət sonra Bakıdan cavab verdilər ki, yox, baxışımız dəyişməyib”, – deyə o bildirib.

Sülh müqaviləsinə gəldikdə, spiker bildirib ki, Bakı və Yerevan prosesin dalana dirənməsinə imkan verməməlidir.

Yerevanın hər hansı güzəştə getməsi haqda suala Alen Simonyan konkret cavab verib:

“Söhbət hansı güzəştlərdən gedir? Ermənistan beynəlxalq hüququn və öz suverenliyinin sərhəddinə çatıb və onun kənarında dayanıb və artıq güzəştə yer qalmayıb”.

Ermənistan parlamentinin spikeri II Qarabağ müharibəsi haqda suala cavab verib ki, savaş başlayanda dünya o müharibəyə Yerevanın istədiyi şəkildə cavab vermədiyi üçün çox üzüldülər:

“Səbəb də bizim tərəfimizdə legitimliyin olmaması idi. Bilirsiniz, Qarabağa hücum etmək və Ermənistandan torpaqları işğal etmək hüquq baxımından başqa şeylərdir. Azərbaycan Qarabağda əməliyyat keçirdi, çünki onun çərçivəsində BMT-nin ən azı 3-4 qətnaməsi var idi. Əlbəttə, müharibəyə heç bir şəkildə haqq qazandırmaq olmaz”.

Alen Simonyan əvvəllər səsləndirdiyi bir fikri yenidən təkrar edib.

O, “siyasi iradə olsa, bu gün sülh müqaviləsini imzalaya bilərik” deyib. Amma siyasi iradənin olmamasını Bakıya, yoxsa Yerevana şamil etdiyini açıqlamayıb:

Dünyada hər saat nəsə dəyişir və hər saat müxtəlif ölkələrin maraqları bir-biri ilə toqquşur və məncə, bir ölkədə, hansısa ölçüdə baxılası, müşahidə olunası, müzakirə olunacaq heç nə yox idi. Bunun səbəb olduğunu söyləmək çox çətindir, çünki o zaman o səbəbin arxasınca gedib o səbəbi həll edə bilərsiniz. Düşünürəm ki, burda böyük oyunçuların maraqları və istəkləri də iştirakçıdır”.

Alen Simonyan onu da vurğulayıb ki, dəhliz məsələsi (Zəngəzur dəhlizi nəzərdə tutulur – red) onların qırmızı xəttidir:

“Konstitusiya məsələsinə gəlincə, mən hesab etmirəm ki, biz qərar verməli olduğumuz məqama çatmamışıq. Demişik ki, həll yolu budur. Lakin dəhliz məsələsində bu, bizim üçün qırmızı xəttdir”.

Münaqişənin tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasət“Bakı və Yerevan prosesin dalana dirənməsinə imkan verməməlidir”