Zelenski “Qələbə planı”nı  Ali Radaya təqdim edib (yenilənib)

Ukrayna-Rusiya. Foto: Tomasz Makowski/shutterstock

Ali Rada Zelenskinin planını dəstəklədi

Ali Rada Prezident Volodimir Zelenskinin “Qələbə Planı”nı dəstəkləyib və qanunvericiliyə dəyişikliklər hazırlayacaq.

Bu barədə Ali Radanın sədri Ruslan Stefançuk brifinqdə danışıb.

Bu gün Ukrayna parlamentində xüsusi, tarixi bir gün idi. Prezident Volodimir Zelenski Ukrayna parlamentində ilk dəfə olaraq Ukrayna xalqına müraciət edərək müharibədə qələbəsi planını hərtərəfli və tam şəkildə təqdim etdi. Bu, Ukrayna xalqına, bu planı həyata keçirməli olanlara və Ukraynanın tərəfdaşlarına müraciətdir”, – spiker bildirib.

Onun sözlərinə görə, planın təqdimatı zamanı çoxlu sayda diplomatik nümayəndəliklərin nümayəndələri iştirak ediblər:

Sənədin təqdimatından sonra Zelenski Ukrayna parlamentinin rəhbərliyi, eləcə də bütün fraksiya və qrupların liderləri ilə görüşdü. Biz iki saata yaxın ünsiyyətdə olduq. Planın həyata keçirilməsi, Ukraynadakı vəziyyət, birlikdə necə hərəkət etməli olduğumuz barədə müzakirələr aparırıq. Nəzərə alın ki, “Qələbə Planı” təkcə parlamentdə təqdim olunmayıb, həm də Ali Radanın fraksiya və qrupları arasında ətraflı müzakirə olunub”.

Ali Radanın sədri qeyd edib ki, əsas ideya Ukrayna və ukraynalıların birliyi ideyasıdır:

Çünki tarixi dərslərimizi öyrənməklə başa düşməliyik ki, xilasımız və qələbəmiz yalnız birlikdədir. Yalnız ölkə daxilində deyil, həm də tərəfdaşlarımızla birlikdə”.


Prezident deyir ki, plan gerçəkləşsə, Rusiya Ukrayna üzərindəki nəzarəti əbədi itirər

Oktyabrın 16-da Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya “Qələbə planı”nı təqdim edib.

Ukrayna mətbuatının bildirdiyinə görə, qələbə planı Rusiyanın 2022-ci il fevralın 24-də başladığı müharibədə qalib gəlməyə kömək edəcək hərbi, iqtisadi və siyasi xarakterli məqamları ehtiva edir.

Volodimir Zelenski “Qələbə planı”nın 5 bənd və üç gizli əlavədən ibarət olduğunu deyib:

Planın I müddəası ölkənin dərhal NATO üzvlüyünə dəvət edilməsini nəzərdə tutur. İkincisi, ölkə daxilində istehsalın gücləndirilməsi, Qərb tərəfdaşlarından yardımın artırılması. Üçüncüsü, Rusiyaya qarşı müdafiə üçün Ukrayna ərazisində qeyri-nüvə vasitələrinin yerləşdirilməsi. Dördüncüsü, Rusiya üzərində təzyiqi artırmaq məqsədilə neftin qiymətlərinə və ixracına məhdudiyyət qoyulması. Nəhayət, münaqişədən sonra Ukraynanın ən təcrübəli ordulardan birinə sahib olması və bunun Avropada təhlükəsizliyin təminatçısına çevrilməsi”.

Volodimir Zelenski. Foto: “unian”

Onun sözlərinə görə, plan dəstəklənsə, Ukrayna 2025-ci ildən gec olmayaraq müharibəni bitirə bilər:

Nəticədə Rusiya Ukrayna üzərindəki nəzarəti əbədi itirər”.

Prezident onu da deyib ki, planın hər bir maddəsi xüsusi olaraq zamana həssasdır:

“Ukrayna öz torpağında Ukraynanı Rusiyadan gələn istənilən hərbi təhlükədən qorumaq üçün kifayət edəcək hərtərəfli qeyri-nüvə strateji çəkindirici paketi yerləşdirməyi təklif edir. Rusiya cavabın olacağını biləndə və bunun nə cür cavab verəcəyini anlayanda onlar hətta strateji rəqiblərlə də danışıqlara üstünlük verirlər və biz bu nümunələri bilirik”.

Qeyd olunur ki, “Qələbə planı” bu günə qədər ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və Fransa rəhbərliyinə təqdim edilib.

Müharibənin xronikası

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.

Ana səhifəDünyaZelenski “Qələbə planı”nı  Ali Radaya təqdim edib (yenilənib)