Çin vətəndaşının Vahid Mustafayevə məxsus mağazadan saat oğurladığı iddia olunur (Yenilənib)

Foto: “VMF Continental”

VMF Şirkətinin Baş direktoru Aida Əliyeva oğurlandığı iddia olunan saatla bağlı açıqlama yayıb. Onun sözlərinə görə, “BREGUET Tourbillion” mexanizmli qızıl saatdır, məhdud sayda istehsal edilib və siferblatında onun nömrəsi qeyd edilir:

“Kontinental saat muzeyi”ndə nümayiş etdirilən bu saatın 9 oktyabr tarixində bu sahədə “ixtisaslaşmış” beynəlxalq səviyyəli Çin oğru dəstəsi tərəfindən oğurlanması faktı aşkar edilən kimi, şirkətimizin təhlükəsizlik xidməti dərhal bizimlə sıx əməkdaşlıq edən polis idarəsinə və “Paşa Sığorta” şirkətinə müraciət etdi. Sözün düzü, bu saatsazlıq incisinin bu sahədə “ixtisaslaşan” beynəlxalq cinayətkar dəstələrin maraq dairəsində olması ilə bağlı məlumatımız var idi”.

A.Əliyeva bildirir ki, şübhəli şəxslər 90 dəqiqə ərzində hava limanında saxlanılıb.
Baş direktor əlavə edib ki, saatın qiyməti 80 min manat civarındadır.



Daxili işlər orqanlarındakı mənbənin yerli mediaya verdiyi məlumata görə, ANS teleradio şirkətinin keçmiş rəhbəri Vahid Mustafayevə məxsus mağazadan 330 min manat dəyərində saat oğurlanıb. Hadisə oktyabrın 9-da Bakının Yasamal rayonu, Nəriman Nərimanov prospektində yerləşən, bahalı saatların satıldığı “VMF Continental” mağazasında baş verib.

Axşam saat 17.00 radələrində müştəri kimi mağazaya gələn bir nəfər əcnəbinin “Breguet” markalı saatı oğurlayıb apardığı iddia olunur.

Kamera görüntülərinə baxılandan sonra həmin şəxsin kimliyi müəyyənləşdirilib və saxlanılıb.

Məlumata görə, şübhəli şəxs qismində saxlanılan Çin vətəndaşı, 1977-ci il təvəllüdlü Zhang Guomindir.

Onun haqqında cinayət işi başlanıb. Əcnəbiyə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

Ana səhifəSosialÇin vətəndaşının Vahid Mustafayevə məxsus mağazadan saat oğurladığı iddia olunur (Yenilənib)