Qapalı keçirilən məhkəmə iclasında Fariz Namazlının özü də iştirak etməyib
Bir çox ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən vəkil Fariz Namazlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılaraq, telefonunun əlindən alınması, bu quruma aparılması və gecə saatlarına qədər orada dindirilməsi ilə əlaqədar məhkəməyə müraciət etsə də, onun şikayəti icraata götürülməmişdi. Yəni Səbail Rayon Məhkəməsi vəkilin DTX-ya qarşı şikayətini araşdırmaqdan imtina etmiş, müraciətə baxılmaması haqda qərardad çıxarılmışdı. Fariz Namazlı da həmin qərardadın ləğvi üçün apelyasiya şikayəti vermişdi.
Onun şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyilə baxılıb. Meydan TV-nin əldə etdiyi məlumata görə, qapalı keçirilən məhkəmə iclasında heç Fariz Namazlı özü də iştirak etməyib. Buna baxmayaraq, onun apelyasiya şikayəti haqlı sayılaraq, təmin edilib – Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin 24 sentyabrda çıxardığı qərardad qanunsuz və əsassız hesab olunaraq, ləğv edilib.
Apelyasiya məhkəməsi qərar verib ki, vəkilin DTX-ya qarşı şikayəti mahiyyəti üzrə araşdırılmalıdır. Bu səbəbdən də iş yenidən Səbail Rayon Məhkəməsinə qaytarılıb.
Fariz Namazlı avqustun 31-də axşam saat 21.00 radələrində Bakıda kafelərdən birində dostları ilə birlikdə olarkən DTX əməkdaşları tərəfindən saxlanılıb, həmin vaxt stolun üstündə olan telefonu da götürülüb. O, DTX-nın binasına aparılıb, 3 saat yarım orada saxlanılaraq dindirilib. Sentyabrın 1-nə keçən gecə saat 00.30 radələrində sərbəst buraxılıb.
Ertəsi gün “Facebook” hesabından paylaşım edərək baş verənlərə aydınlıq gətirən Fariz Namazlı bildirib ki, DTX-da şahid qismində ifadə verib. Lakin o, konkret hansı cinayət işi üzrə dindirildiyini açıqlamayıb. Vəkil iş vaxtı başa çatandan sonra, heç bir əsas göstərilmədən DTX-ya aparıldığını və bunun bu cür davranışın faktiki tutulmağa bərabər olduğunu vurğulayıb.
Fariz Namazlı məhkəməyə də məhz özünə qarşı bu davranışın qanunsuz sayılması tələbi ilə şikayət edib. Vəkil bildirir ki, onun axşam saat 21.00-da – işdən sonra kafedə saxlanması, telefonunun əlindən alınması, gecə yarıya qədər DTX-da qalması qanunsuzdur. Onun sözlərinə görə, əgər şahid qismində dindirilməli idisə, əvvəldən ona ya telefon vasitəsilə, ya çağırış vərəqəsi ilə bu barədə məlumat verilməli idi:
“Mənim kafedə olduğumu necə biliblər? Deməli, məni izləyiblər. Hansı əsasla mənim şəxsi həyatıma müdaxilə olunub? Məni əvvəldən çağırardılar, mən də gedib ifadə verərdim. Məni şahid qismində dindirdilər. Amma mənə qarşı baş verənlər faktiki tutulmağa bərabərdir”.
DTX vəkilin saxlanması və dindirilməsi barədə məlumatlara münasibət bildirməyib.