Beş nəfərin qətlində ittiham olunan Əhməd Əhmədov: “Mənə qarşı saymazyana münasibətə görə…”

Foto: Meydan TV

Məhkəmə prosesinin qapalı keçirilməsinə qərar verilib

Anası, atası, azyaşlı qardaşı, bacısı və onun 5 yaşlı qızını qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun işi üzrə məhkəmə araşdırmaları davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsindəki bu prosesin qapalı keçirilməsinə qərar verilib. Oktyabrın 8-də keçirilən məhkəmə prosesinin gedişini izləməyə gələn jurnalistlər zala buraxılmayıb.

Meydan TV-nin məlumatına görə, məhkəmə prosesinə sədrlik edən hakim Səbinə Məmmədzadə Əhməd Əhmədovun istintaq zamanı verdiyi ifadəni məhkəmədə elan edib.  Həmçinin hüquqi varislərdən biri ifadə verib.

Əhməd Əhmədov istintaqdakı ifadəsində bildirib ki, ailə üzvlərini ona qarşı saymazyana münasibətə və diqqətsizliyə görə öldürmək qərarına gəlib. Onun sözlərinə görə, hətta valideynləri onun üçün ayrıca ev almışdı. O, həmin mənzildə tək yaşayırdı və doğmalarından lazımi diqqət, qayğı görmürdü, ailəsi ilə də münasibəti normal deyildi.

Onun ifadəsinə əsasən, əvvəllər müxtəlif restoranlarda ofisiant və barmen işləyib. Amma hadisə vaxtı heç yerdə işləmirdi.

Hadisə günü atası, 1972-ci il təvəllüdlü Mehman Əhmədov onu evlərinə aparıb. Atası səhər yeməyi hazırlayanda isə qəfildən onu öldürmək fikrinə düşüb. Həmin vaxt evdə onların ikisindən başqa heç kim olmayıb. Çünki məktəb direktoru olan anası, 1977-ci il təvəllüdlü Bikə Əhmədova ilə 9 yaşlı qardaşı Məhəmməd həmin vaxt məktəbdə olub.

İttihama əsasən, Əhməd Əhmədov mətbəx bıçağı ilə atasını qətlə yetirəndən sonra Mehman Əhmədovun “Hyundai” markalı avtomobili ilə Günəşli qəsəbəsində yaşayan bacısı, 1997-ci il təvəllüdlü Elmira Əhmədovanın yaşadığı mənzilə gedib. Əhməd Əhmədovun ifadəsinə görə, o, mənzilə çatan kimi, bacısını və onun 5 yaşlı qızı Ülviyyəni də öldürüb.

Bundan sonra o, avtomobillə geri – valideynlərinin yaşadığı evə qayıdıb. Onun ifadəsinə əsasən, günorta saat 15.00 radələrində həyətdəki “Al Market”dən siqaret almaq istəyib:

“Amma əlimdə qan gördülər, mənə siqaret satmadılar. Marketdən çıxanda gördüm ki, anam və qardaşım Məhəmməd yaşadığımız evə gedirlər. Anamla mübahisə elədim. Axırda dedi ki, “çıx get, bizi çox incidirsən”.

Onun ifadəsinə görə, anası və qardaşı binaya tərəf gedib, özü isə “1001 xırdavat” mağazasından balta alıb. Daha sonra anasıgilin ardınca binaya qalxıb, qapını açmaq istəyən anasını balta ilə vurub:

“Bu zaman arxadan qonşu qadın dedi ki, niyə vurusan ananı? Onun üstünə qışqırdım. Sonra qardaşımı vurdum. Baltanı şkafla eyvanın arasında gizlətdim, paltarlarımı dəyişib çıxdım”.

Əhməd Əhmədov ifadəsində əlavə edib ki, binanın həyətində polis işçiləri olub, özünü şübhəli apardığı üçün onu saxlayıblar və Xətai rayonu, 35-ci polis bölməsinə gətiriblər.

Əhməd Əhmədov istintaqa ifadəsində 9 yaşlı qardaşı və bacısının 5 yaşlı qızını öldürməsinin səbəbini isə belə izah edib:

“Onların da böyüyüb gələcəkdə valideynləri kimi olacaqlarını düşündüyüm üçün öldürdüm ki, rahatlıq tapım. Daxilimdəki səs sanki mənə deyirdi ki, ailə üzvlərini öldürməliyəm”.

Əhməd Əhmədov onu da bildirib ki, hadisə vaxtı sağ əlinin iki barmağı kəsilib.

Bu ifadə məhkəmədə elan olunanda Əhməd Əhmədov yazılanları qəbul etdiyini və əlavəsi olmadığını deyib.

Məhkəmə prosesi oktyabrın 10-da davam edəcək.

Məhkəmədən sonra Əhməd Əhmədovun vəkili Sənan Hüseynov media nümayəndələrinə bildirib ki, məhkəmə prosesinin qapalı keçirilməsi onun təşəbbüsü ilə olub. Onun sözlərinə görə, zərərçəkmişin hüquqi varislərinin təhlükəsizliyi ilə əlaqədar məhkəmənin qapalı keçirilməsinə qərar verilib. Lakin vəkil konkret təhlükəsizliklə bağlı nə problemlərin olduğunu dilə gətirməyib.

Ailənin 5 üzvünün qətlə yetirildiyi hadisə fevralın 13-də paytaxtın Günəşli və Əhmədli qəsəbələrində baş verib.

47 yaşlı Bikə Əhmədova Bakıdakı 59 saylı məktəbin direktoru idi.

Əhməd Əhmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham verilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqın gedişində iki dəfə psixiatrik ekspertiza təyin olunub. Hər ikisində Əhməd Əhmədovun anlaqsız olması barədə rəy verilib. O, Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Məhkəmə araşdırmalardan sonra Əhməd Əhmədovun anlaqsız olduğu nəticəsinə gəlsə, onun cəzadan azad edilməsi və məcburi müalicəsi barədə qərar qəbul edilə bilər.

Ana səhifəSosialBeş nəfərin qətlində ittiham olunan Əhməd Əhmədov: “Mənə qarşı saymazyana münasibətə görə…”