“Antiinhisar” və Mədəniyyət Nazirliyi kitab satışını dayandırdı

Kitab sərgisi. Foto: arxiv

Nəşriyyatlar buna görə Kitab Sərgisini boykot edəcəklərini deyirlər

Yerli nəşriyyatlar Mədəniyyət Nazirliyi ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə etiraz edirlər.

Etiraza səbəb Dövlət Xidmətinin “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 44.2-ci və 44.3-cü maddələrini əsas gətirərək kitab alışını dayandırmasıdır.

Nəşriyyatlar məsələ ilə əlaqədar birgə etiraz bəyanatı yayıblar.

Son illər Mədəniyyət Nazirliyi hər il bir dəfə kitabxana fondunu zənginləşdirmək məqsədi ilə, məhdud sayda da olsa, Azərbaycan nəşriyyatlarından kitab alırdı. Bu, milli kitabın və nəşriyyatlarımızın dəstəklənməsi baxımından əhəmiyyətli bir addım idi. Biz, Azərbaycan nəşriyyatları, mədəni irsimizin inkişafına töhfə verən yerli kitabların kitabxanalarda təmsil olunmasının əhəmiyyətini yüksək qiymətləndiririk”, – deyə bəyanatda bildirilir.

“Antiinhisar” iddia edir ki, kitab alışı tender yolu ilə həyata keçirilməlidir. Xidmətin nəzərinə çatdırmaq istəyirik ki, intellektual mülkiyyətin məsulu olan əsərlər, kitablar tender yolu ilə alına bilməz. “Dövlət satınalmaları haqqında” Qanun özü bunu qadağan edir”, – birgə bəyanatda vurğulanır.

Əlavə olunur ki, xidmətin bu qərarı nəşriyyatların fəaliyyətinə “ölümcül zərbə” vurur və kitabxanaların zənginləşməsini əngəlləyir.

Nəşriyyatlar qərara etiraz edir və satınalmanın təkrar nəzərdən keçirilməsini Mədəniyyət Nazirliyi və “Antiinhisar”dan tələb edirlər.

Bəyanatı “Simurq” nəşriyyatı, “Audiokitab”, “Çinar” nəşriyyatı, “Fidan” nəşriyyat və dağıtım, “Dastan” yayımları, “MİMTA” yayımları, “Ağıllı Bala” nəşriyyatı, “Kibu” yayımları, “Qələm” nəşriyyatı, “Kitabçı” nəşriyyat evi, “Strauss Press”, “Çardaq və Kosmo” nəşriyyatı, “Zəka print”, “Alfacin” nəşriyyatı, “RM” nəşriyyatı, “Everest” nəşriyyat evi, “TEAS Press” nəşriyyat evi, “Əli və Nino” nəşriyyatı, “Parlaq imzalar” nəşriyyatı, “İZƏ” nəşriyyatı, “Altun kitab” nəşriyyatı, “Alatoran” nəşriyyatı, “İpəkyolu” nəşriyyatı, “Mayak” nəşriyyatı, “Səbat” nəşriyyatı, “XAN” nəşriyyatı, “Qanun” nəşriyyatı, “Hədəf” nəşrləri, “Qədim qala” nəşriyyatı, “Təhsil” nəşriyyatı, “İdiot” yayınları, “Gündüz” yayınları, “Libra kitab”, “Çapar” yayınları birgə yayıblar.

Naşirlər bəyan edirlər ki, əgər bu məsələ oktyabrın 7-si saat 12:00-dək həllini tapmazsa, yekdilliklə X Beynəlxalq Kitab Sərgisini tərk edəcəklər.

Sərgi oktyabrın 2-dən 8-dək davam edəcək.

Mədəniyyət Nazirliyinin tabeçiliyində  təxminən 2500 kitabxana var.

Bu kitabxanalarda 20 milyon nüsxəyə yaxın kitab yer alır.

Mədəniyyət Nazirliyi 2021-ci ildən nəşriyyatlardan kitab almağa başlayıb.

Hər il 400-500 min manat məbləğində 40-50 min nüsxə kitab alınıb.

2021-ci ildə 230 adda kitabdan 14 294 nüsxə (105 000 manat), 2022-ci ildə 454 adda kitabdan 50 465 nüsxə (498 174 manat), 2023-cü ildə isə 546 adda kitabdan 41 098 nüsxə (təxminən 420 000 manat) kitab alışı edilib.

2023-cü ildə Mədəniyyət Nazirliyi naşirlərlə görüş keçirib.

Onlara bildirilib ki, nazirlik kitab siyasətində dəyişiklik edəcək, elmi və elmi-kütləvi kitabların nəşrinə dəstəyi prioritet xətt kimi götürəcək.

Yəni kitab alışlarında bədii ədəbiyyata yox, əsasən, elmi və elmi-kütləvi kitabların alışına yer veriləcək.

Ana səhifəMədəniyyət“Antiinhisar” və Mədəniyyət Nazirliyi kitab satışını dayandırdı