“Diddi”yə qarşı 120 iddia qaldırılıb

Şon Con Kombs, Foto: Reuters

Caquar Rayt partidəki kasetlərin Obama və Cennifer Lopezdə ola biləcəyini deyir

Ötən ay cinsi istismar məqsədi ilə insan alverinə görə Nyu-Yorkda həbs olunan “Pi Diddi” ləqəbi ilə tanınan repçi Şon Con Kombsa qarşı daha 120 iddia qaldırılıb.

Bu barədə zərərçəkmişlərin maraqlarını təmsil edən vəkillər qrupu məlumat veriblər.

Vəkil Endryu Van Arsdeyl “The Washington Post” qəzetinə müsahibəsində repçinin qurbanlarının yaş həddini 9-38 arasında olduğunu bildirib.

Cinayətlər 2000-ci və 2010-cu illər arasında, Diddinin populyarlığının zirvəsində olduğu dövrdə baş verib.

İddialarda qurbanların Nyu York, Los-Anceles və Mayamidə şou-biznes ulduzlarının qatıldığı qapalı özəl məclislərdə zorakılığa məruz qaldıqları iddia edilir.

Qurbanların narkotik vasitələrin təsiri altında videoları çəkilib.

Onlar qorxudularaq, külli miqdarda pul qarşılığında susdurulublar. Həmçinin bir çox məşhur şəxslərin zorakılığa şahid olduğu və iştirak etdiyi də iddia olunur.

“Gün gələcək, biz Şon Con Kombsdan da başqa adlar çəkəcəyik. Çoxlu adlar olacaq. Bu adlar sizi şoka salacaq”, – vəkil Toni Buzbi Hyustonda keçirdiyi mətbuat konfransında bildirib.

İddiaçılar “Pi Diddi” sentyabrın ortalarında Nyu-Yorkda həbs olunandan sonra məhkəməyə müraciət etmək qərarına gəliblər.

2024-cü ilin martında isə polis repçinin Los-Anceles və Mayamidəki evlərində axtarış apararaq, onun telefonlarını, notbuklarını və planşetlərini ələ keçirmişdi.

Oktyabrın 1-də amerikalı müğənni Caquar Rayt “Pi Diddi” ilə bağlı açıqlama verib.

O deyib ki, “Diddi”nin “Freak Off” kimi tanınan gizli toplantılarında Beyons, Rihanna, Cennifer Lopez, həmçinin ABŞ-nin keçmiş Prezidenti Barak Obama və hətta Şahzadə Harri ilə həyat yoldaşı Meqan Markl da iştirak ediblər.

Rayt iddia edib ki, bu partilərin iştirakçılarına baş verənlərin yazıldığı kasetlərin surətləri göndərilib və bu videolarda görünənlər “şokedici” ola bilər.

O həmin görüntülərə bir çox məşhurların da düşəcəyini istisna etməyib.

“İnanıram ki, Barak Obamada belə bir kaset var. Bilirəm ki, Cennifer Lopezdə bir neçə kaset var. Bilirəm ki, Beyonsdə belə bir kaset var”, – Rayt deyib.

Həbsxanada xüsusi nəzarət altında olan “Diddi” aclığa başlayıb, o, zəhərlənmə qorxusu ilə yeməkdən imtina edir.

Hüquq müdafiəçisi Larri Levinin fikrincə, sözügedən cinayətlərə aidiyyəti olan insanlar musiqiçini aradan götürməyə cəhd edə bilərlər.

İttihamların ağırlığına baxmayaraq, “Diddi” günahını etiraf etmir və hüquqşünaslar komandasına inanır.

Onun işi üzrə məhkəmə oktyabrın əvvəlinə təyin edilib.

Xarici mətbuat yazır ki, irəli sürülən ittihamlar öz təsdiqini tapsa, “Diddi”ni ömürlük həbs cəzası və minimum 15 il həbs cəzası gözləyir.

Ana səhifəMədəniyyət“Diddi”yə qarşı 120 iddia qaldırılıb