Çalışanlar Dövlət Sosial Müdafiə Fondundan şikayətçidir
Neft sahəsidə müxtəlif idarə və müəssisələrdə çalışan işçilər əmək qabiliyyətlərinin müvəqqəti itirmələri ilə əlaqədar onlara verilmiş xəstəlik vərəqəsinə görə Dövlət Sosial Müdafiə Fondu tərəfindən tam ödəniş edilməməsindən şikayətçidirlər. İşçilər deyirlər ki, ödənişin tam edilməməsi DSMF tərəfindən idarələrdə aparlan yoxlamalarla əlaqələndirlir.
Bu barədə Meydan TV-yə işçilər bildiriblər.
Xəzər Dəniz Neft Donanmasında çalışan Sücəddin Şahmalıyevə əmək qabiliyyətinin müvəqqəti itirməsi ilə əlaqədar bu ilin fevralın 5-dən iyulun 15-nə kimi “General” hospitaldan xəstəlik kağızı verilib. Donanma tərəfindən fevral ayının 14 gününün ödənişi edilib. Yerdə qalan hissəsinin fond tərəfindən ödənişi gecikdirilir.
“SOCARDOWNSTREAM” MMC -nin əməkdaşı Ramil Axundova aprelin 15-dən bülleten açılıb. Müəssisəyə iki bülleten təqdim edilib. Həmin vaxtdan indiyədək ödənişi ala bilmir.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib ki, rəhbərlik etdiyi təşkilata SOCAR Nəqliyyat idarəsində, Bakı Neft Emalı Zavodunda, o cümlədən digər müəssisələrdə də xəstəlik vərəqələrinin DSMF tərəfindən ödənişinin saxlanıldığına dair şikayətlər edilir.
Hüquq müdafiəçisi deyib ki, əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına (DSMF ) müavinət ödənilir:
“Yoxlamalar aparılsa belə işçinin ödənişi vaxtında edilməlidir. Yoxlamaların işçiyə aidiyyatı yoxdur”.
Qəhrəmanlı deyib ki, bununla da “Sosial sığorta haqqında” qanunun tələblərini pozmuş olurlar.
DSMF-dan isə işçinin sənədinə əsasən araşdırma aparandan sonra cavab verə biləcəklərini deyiblər.