Supermodelin xeyriyyə üçün yığdığı pulları özünə xərclədiyi bildirilir
“Formula 1” yarışları çərçivəsində Bakıya dəvət olunan britaniyalı supermodel Naomi Kempbellə xeyriyyə işləri görmək 5 il müddətinə qadağan edilib.
Məlum olub ki, supermodel yoxsulluqla mübarizə məqsədilə təsis etdiyi “Fashion for Relief” xeyriyyə cəmiyyətindən əldə etdiyi gəlirləri özü üçün xərcləyib.
Böyük Britaniyanın Xeyriyyə Komissiyası cəmiyyətin moda tədbirlərindən toplanan milyonlarla funt sterlinqin yalnız bir hissəsini xeyriyyə təşkilatlarına bağışladığını aşkarlayıb.
On minlərlə funt sterlinq Kempbellin qaldığı otel otaqlarına, SPA prosedurlarına, şəxsi cangüdənlərinə və bahalı siqaretlərinə xərclənib.
2016-cı ildən etibarən beş il ərzində “Fashion for Relief” bir sıra moda nümayişlərindən 4,8 milyon funt sterlinq yığıb.
Bunun yalnız 389,000 funt sterlinqi tərəfdaş xeyriyyə təşkilatlarına ödənilib.
“The Guardian” yazır ki, Kempbellin hər hansı bir səfəri zamanı xeyriyyəçilik üçün çəkdiyi digər xərclərə SPA prosedurları, otaq xidməti, siqaret və otel ləvazimatları üçün 8000 avrodan bir qədər az pul daxildir.
Xeyriyyə cəmiyyətinin fəaliyyətinə 2024-cü ilin martında son qoyulub.
2024-cü il sentyabrın 13-dən 15-dək Bakıda “Formula 1” yarışları keçirilib.
Sentyabrın 13-də amerikalı aktyor və müğənni Uill Smit, kolumbiyalı müğənni Cey Balvin, Cənubi afrikalı DJ “Black Coffee” Bakıda çıxış ediblər.
Prezident İlham Əliyev sentyabrın 15-də “Formula 1”-in prezidenti və baş icraçı direktoru Stefano Domenikalini, “Formula 1”-in məsləhətçisi Flavio Briatoreni və britaniyalı supermodel Naomi Kempbelli qəbul edib.
Kempbell daha sonra “İnstagram” səhifəsində Prezident İlham Əliyev, Prezidentin köməkçisi Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, “Formula 1”-in prezidenti və baş icraçı direktoru Stefano Domenikalini, “Formula 1”-in məsləhətçisi Flavio Briatoreni ilə birgə çəkdirdiyi fotosunu paylaşıb